QALICI OLMAYACAQ NÖVBƏTİ ATƏŞKƏS :Ərdoğan niyə Moskva görüşünü Tehran zirvəsindən üstün tutdu? - TƏHLİL

QALICI OLMAYACAQ NÖVBƏTİ ATƏŞKƏS

 

Əziz RZAZADƏ

Strateq.az

 

Şahmatda iki müstəsna fiqur var: ağların və qaraların şahı. Oyunun qaydalarına görə, onlar bir-birini vura bilməz, hətta yanaşı durmaları qaydalara ziddir. Siyasətin şahmat taxtası ilə eyniləşdirilməsini nəzərə alsaq, Yaxın Şərq xəritəsində bu iki müstəsna fiqur – Türkiyə və İrandır. Hər ikisi eyni gedişləri edir, oxşar gündəlikləri və yanaşmaları, habelə güvəndikləri "sərt" və "yumşaq” güclər var. Amma rəqib olsalar da, bir-biri ilə nə qədər sərt rəqabət aparsalar da, vahid tale yazısına uyğun olaraq sonda eyni aqibəti bölüşəcəklərini bilirlər: birinin məhvi digərini növbəti hədəfə çevirir və oxşar sonluğa sürükləyir.

 

İdlib: ikinci Çaldıran döyüşü?

İdlibdə son böhran yarandıqda, atəşkəsin bərqərar edilməsi üçün ilk çağırış niyə İrandan gəldi? Çünki fevralın 27-dən başlayaraq vəziyyətin gərginləşdiyi sahədə üz-üzə qalan tərəflər Türkiyənin dəstəklədiyi silahlı qruplar və Ankaranın bölgəyə göndərdiyi xüsusi təyinatlılar, habelə Suriya hökuməti qüvvələri və İran dəstəkli milislər idi. "Rusiya Suriyadakı müttəfiq güclərə türklərin zərbə endirməsinə niyə imkan verdi?” sualının cavabı da məhz bu faktın altında yatır.

Buna görə də, ilk barışıq təklifi Həsən Ruhanidən gəlib. Onun dilindən fevralın 29-da Astana formatı üzrə növbəti görüşün qaçaraq Tehranda keçirilməsinə çağırış səslənib. Üstəlik, Ruhani türk vəzifədaşına Tehranda üçtərəfli İran-Türkiyə-Suriya təmaslarını da təklif edib.

Ankara qonşu ölkədən uzadılan ələ niyə arxa çevirib?

36 türk əsgərinin ölümünə məhz Rusiya (təyyarələrinin bombardımanı) bais olduğundanmı? Yoxsa Kremli müsahibi kimi göstərməklə, Ankara qlobal güclə yarışa biləcəyinə eyham vurub?

Həsən Ruhaninin təklifinə Türkiyə KİV-ləri və siyasi təhlilçilərinin şərhlərini Ankaranın mövqeyi kimi yozmaq olarmı?

Məsələn, İran Araşdırmaları Mərkəzinin direktoru Hakkı Uyğur rəsmi dövlət mediası sayılan "TRT Persian”-da "Xamnəi rejimi”nin "gündən-günə ölkədə nüfuzu azalan xarici işlər naziri Cavad Zərif”in səylərini və "məsələ hərbi xarakter daşıdığına və "Qüds” Qüvvələrinin məsuliyyət sferasında olduğuna görə İran prezidentinin təklifini təsirsiz” adlandırıb.

Türkiyə Silahlı Qüvvvələrinin (TSQ) başladığı "Bahar qalxanı” əməliyyatı zamanı Suriyanın hökumət qoşunları, habelə "müqavimət oxu”nun milislərinə ağır zərbələr endirilib. İran Hərbi Məsləhət Mərkəzinin martın 1-də yaydığı bəyanatdında bu fakt açıq oxunur: "Suriyada olduğumuz vaxtdan bəri Türkiyə ordusuna aid bazalar qüvvələrimizin atəş aça biləcəyi məsafədədir. Ancaq Astana razılığını əsas götürərək, türk ordusunun bazalarına hücum edilməyib və bu günə qədər türk mərkəzləri hədəfə alınmayıb”.

Daha sonra"Terrorçuları məhv etmək və Suriyanın ərazi bütövlüyünü qorumaq naminə Suriya xalqı, hökuməti və ordusunun tərəfində durmaqda davam edirik. Hər kəsi Suriyaya hücumun doğuracağı risklər və nəticələr barədə daha rasional düşünməyə dəvət edirik”.

Bunun ardınca "Twitter”-də "Hizbullah”ın bir videosu yerləşdirilib və görüntülərdən türk hərbi postlarının atəş üçün əlçatan məsafədə olduğu aydın görünüb.

 

II Yekaterinanın kabusu

Ankara öz hesablamalarına güvənərək inadla məhz Moskva ilə təmaslara üstünlük verib. Həsən Ruhani ilə telefon danışığında Vladimir Putinin "Hərbisizləşdirilən zonaların yaradılması terrorçuluqla mübarizənin dayandırılması mənası vermir” sözləri əslində, Rusiyanın güzəştə getməyəcəyinin ilk əlaməti olsa da. Daha sonra "Heç kimlə savaşmaq istəmirik, amma Moskva silahlarının gücü ilə onunla savaşmaq istəyənləri bundan çəkindirir” açıqlaması ilə Ankaraya növbəti sərt xəbərdarlıq edilib.

Sonda Ankara istəyinə nail olub. Kremlin sözçüsü Peskov əvvəlcə Ərdoğan-Putin görüşünü Rusiya prezidentinin gərgin qrafikinə görə qeyri-mümkün saysa da, sonda Moskva görüşü gerçəyə çevrilib. Amma bundan əvvəl xatırlanmalı bir məqam da var. Rusiya Müdafiə Nazirliyinin 4 mart açıqlaması: "Türkiyə Suriyaya son müdaxilə ilə beynəlxalq hüququ pozub”.

İndi çoxları baş sındırır: Putin türk vəzifədaşı ilə görüşə sonda niyə razılıq verib? "Bahar qalxanı” əməliyyatı gözləniləndən daha böyük uğur qazandığından? Yoxsa…

Martın 5-də Moskvada keçirilən danışıqlarla, Ankaranın qazancı yoxdur, Putinlə ünsiyyətdən Ərdoğan istəklərinin heç birinə nail olmayıb. Atəşkəs sövdələməsinin qalıcı, davamlı olacağını düşünmək də sadəlövhlük olar.

Görüşün sonunda açıq qalmış mikrofon önündə Ərdoğanın ağzından çıxan "Əsəd məlumatlandırılıb, deyilmi?” cümləsi və Metropoll Araşdırma Mərkəzinin rəy sorğusunda respondentlərin 48,8 faizinin İdlibdə əməliyyat keçirilməsinə mənfi cavabı Ankaranın yürütdüyü siyasətin əleyhinə olan əlamətlərdir.

Türk heyətinin qarşılandığı məkanın özü rəmzi, həm də alçaldıcı məna daşıyıb: Kremlin II Yekaterina zalı. Türk nazirlərin heykəli önündə sıraya düzüldüyü çariçanın hökmranlığı dövründə, 1768-1774 və 1787-1791-ci illərdə baş verən müharibələrdə Osmanlı imperiyası Krım və Moldovanı itirib, Rusiya Qara dənizdə donanma saxlamaq və Bosfor-Dardanel boğazlarından sərbəst keçməsi hüququ qazanıb. Yeganə güzəşt son müharibədə türk tərəfinin ödəməli olduğu 12 milyon piastlıq təzminatdan imtinadır.

 

Rus qambiti

Suriyanın şimal-qərbindəki İdlib əyalətində gərginliyin artması əsnasında tez-tez eşidilən bir cümlə vardı: "Mərhum general Qasim Süleymaninin boş qalmış yeri görünür”.

2015-ci ildə məhz Qasim Süleymani "Mahan Air”-in təyyarəsi ilə Moskvaya gizli səfər edib, Rusiyanın Suriyaya müdaxiləsinə Putini razı salarkən, Dəməşqin süqutu qaçılmaz görünürdü. Rəqib güclərlə, Qərb koalisiyası ilə ittifaqda olan Ərdoğan Türkiyəsi tezliklə Şamda namaz qılmağa, sonra çay dəstgahı ətrafınada toplaşmağa ümid edirdi.

Ankara bu yolu hələ də qət edə bilməyib. Putin isə son dəfə 2020-ci ilin yanvarında qəfil səfərlə Suriyaya gəlib, Üməyyə məscidini və nümayişkaranə tərzdə səlibçiləri Yaxın Şərqdən qovmuş Səlahəddin Əyyubinin qəbrini ziyarət edərək Rəcəb Tayyip Ərdoğana və AKP rəhbərliyinə göz dağı verib.

Rusiyanın müdaxiləsi, əlbəttə, Suriyanı tam dağılmadan, BMT tərəfindən qanuni hökumət kimi tanınan Bəşər Əsəd iqtidarını isə ölümdən xilas edib. Amma eyni zamanda, bu, siyasi şahmat taxtasında yeni qambit yaradıb.

Suriyanın dizaynı

Kremlin Yaxın Şərq dizaynı, xüsusilə Suriyanın gələcəyinə dair siyasi mühəndisliyinin cizgiləri çox aydın oxunur: Suriya mötədil dövlət quruluşu kimi mövcud olmalı, Putinin təbirilə, "rus dünyasının bir parçası olan” İsraillə düşmənçilik aradan qaldırılmalı, işğal altındakı Colan Təpələri problemi danışıqlar yolu ilə həll edilməli, Suriyada rus hərbi bazaların mövcudluğu şübhəyə alınmamalı, ölkənin şərq hissəsində kürd muxtariyyəti yaradılmalı, Moskvanın iqtisadi maraqlarını da təmin etməli olan Dəməşqə hətta hazırda bölgədə tərəfdaş olan İranın kölgəsi düşməməlidir…

Livandan sonra Suriyanın da "erməni soyqırımı”nı tanıması Moskvanın diktəsitək oxunmalıdır. Nə qədər fantastik görünsə də, Suriyanın gələcəkdə Rusiya ilə ittifaq dövləti qurması belə istisna olunmur.

 

İranın yadlaşdırılması

Qan yaddaşına istinadla tarix boyu Rusiyaya etibar etməyən Tehran hazırda Suriyada yadlaşdırıldığını, küncə sıxışdırıldığını, yəqin ki, görür. İran dəstəkli, yaxud "müqavimət oxu” qüvvələri, Moskvanın vasitəçiliyi ilə, İsraillə yaxın təmas nöqtəsi olan Colan Təpələrindən 100 km geri çəkilib, Şamda İranı daha etibarlı müttəfiq sayan elita Əsədin ətrafından uzaqlaşdırılır.

İsrailin qəfil hava həmlələrini dəf etməyən Rusiya hava hücumundan müdafiə sistemləri Suriyanın şimalında türk dronlarının şiə milislərini bombalanmasına da laqeyd qalır. Tehranın hərbi obyektlərini öz kompleksləri ilə qorumaq istəyinə isə Moskva möhkəm sədd çəkib.

Tehranda Kremlin kimi kiminlə üz-üzə qoymaq istəyini görənlər var. İran Xarici İşlər Nazirliyi Yaxın Şərq şöbəsinin sabiq baş direktoru Qasim Mohebəli "Entexab”a açıqlamalarında əbəs yerə demir: "İranın Türkiyə ilə əlaqələri "çəkindirmə” dediyimiz anlayışın çərçivələrindən kənara çıxır. ABŞ, İsrail və hətta Rusiya kimi aktyorların Suriya arenasında İran və Türkiyəni qarşı-qarşıya qoyması və potensial qarşıdurmaların arxasında gizlənərək öz maraqlarını ödətməsi və hər iki tərəfdən güzəşt əldə edə bilməsi mümkündür”.

Hazırda baş verən elə bu deyilmi?

 

İsrailin müstəsnalığı

Bu coğrafiyada yeganə istisna həm Türkiyə, həm də İranın rəqib və ya düşmən saydığı – İsraildir. Rusiyanın İsrailə, Yaxın Şərqdəki başqa bir regional oyunçularla müqayisədə, meylliliyi şəffaf görünür. Baş nazir Benyamin Netanyahu və Vladimir Putin arasında şəxsi münasibətlərdə, Qərbdə deyildiyi kimi, yaxşı kimya yaranıb; təkbətək rəsmi, işgüzar və yolüstü görüşlərin sayı isə artıq 20-yə yaxınlaşır – Yaxın Şərqin heç bir liderinə müəssər olmamış iltifat.

Başqa bir nümunə: 2015-ci ilin noyabrında bir rus təyyarəsinin vurulması və pilotun öldürülməsi ilə Moskva Ankara ilə bağlarını tam qopardığı halda, 2018-ci il sentyabrın 17-də "İl-20” kəşfiyyat təyyarəsinin vurulması və 15 hərbçinin öldürülməsinə baiskar olmuş İsrail canını ittihamlardan asanlıqla qurtarıb: yalnız Rusiya Müdafiə Nazirliyi sərt bəyanat verib və İsrailin Rusiyadakı səfiri Harri Koren XİN-ə çağırılıb. Lakin Suriyaya "S-300” komplekslərinin verilməsi vədi elə vəd olaraq qalıb.

 

"Kürdüstanın qəlbi”

"Rus qambit”ində ən təhlükəli məqam bütün diqqətini İdlibə cəmləmiş Ankara və Tehran üçün Suriyanın şərqində hazırlanan tələdir: "Suriya Demokratik Qüvvələri” çətiri altında toplaşmış kürd silahlı qruplarını siyasi müstəvidə Bəşər Əsədlə barışdırmaq və onları hökumət ordusuna inteqrasiya etmək, kürd muxtar administrasiyasına yaşıl işıq yandırmaq.

Hazırda YPG-PYD-ni himayə edən ABŞ-ın həmin bölgə ilə bağlı planları da Moskvanın niyyətlərindən çox da fərqlənmir.

"Sülh çeşməsi” əməliyyatı başlayarkən, Tehran, xüsusilə parlament səviyyəsində ona təpki verib (Laricaninin Ankaraya səfərinin ləğvi, İslami Şura Məclisində Türkiyə əleyhinə ritorika və s.). Bu, Tehranın hesablamalarında yanlışlıqdır və heç bir məntiqlə qavranılmır. Halbuki İraq Kürdüstanında 25 sentyabr 2017-ci il müstəqillik referendumunu pozmaqla, "ikinci İsrail”in yaranmasına general Qasim Süleymaninin səyləri nəticəsində mane olan məhz İran idi.

Suriyanın şərqində "ikinci Kürdüstan” yarandıqda necə olacaq? Növbəti hədəflər siyasi xəritənin hansı dövlətləridir?

Son parlament seçkilərində İranın Qərbi Azərbaycan vilayətində namizəd olmuş kürd mənşəli bir namizəd təbliğat plakatında Urmiyanı "Kürdüstanın qəlbi” adlandırıb.

Eyhamı şahmat taxtasındakı tarixi rəqiblər – hazırda Suriyada uduzan tərəflər düzgün qavraya və aqibəti görə bilirlərmi?!



Oxşar Xəbərlər

Xəbər lenti