Pezeşkian üçün çətin dövr başlandı – Dəhşətli ölüm, böyük vədlər…


İran Prezidenti Məsud Pezeşkian and içdi, prezident kimi fəaliyyətə başladı. İran üçün yeni dönəm başladı. O, böyük məsuliyyət və diqqət altındadır. Onu SEPAH-ın, dini güruhun sevmədiyi deyilir. İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Pezeşkiana xüsusi dəstəyi və rəğbətinin olduğu görünür. Pezeşkianın prezident kimi fəaliyyətində əsas üç gözlənti var: ABŞ-a, həmçinin onun regiondakı forpostu İsrailə münasibət, Ermənistan və Azərbaycanla əlaqələr.

Əsas suallardan biri budur ki, Pezeşkian 5 illik müddəti ölkə başçısı kimi başa vura biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Məsud Pezeşkianın andiçmə mərasimi zamanı İran üçün ciddi beynəlxalq siyasi əhəmiyyət daşıyan və yeni prezidentin gələcək hakimiyyətdə olacağı bütün dövrdə təqib edəcək hadisə baş verdi:

HƏMAS-ın siyasi Bürosunun başçısı İsmail Haniyə Tehranda andiçmə mərasimi baş verən məkandan bir neçə yüz metr aralıda sui-qəsd nəticəsində həlak oldu. Bu sui-qəsd Pezeşkianın prezidentliyinin heç də asan keçməyəcəyinə bir işarədir. Dünyada çox nadir hallarda prezidentin andiçmə mərasiminin qan tökülməsi ilə yadda qalması faktları mövcuddur.

Buna qədər yeni seçilən prezidentin qarşısında çox ciddi vəzifələrin olduğu məlum idi. Bu vəzifələr həm daxili, həm də xarici siyasəti əhatə edirdi. Gözlənilirdi ki, yeni islahatçı prezident ABŞ və Avropa İttifaqı (Aİ) ilə İranın nüvə proqramı sahəsində yaxınlaşmaya gedərək sanksiyaların ən azından yüngülləşdirilməsinə və bununla da İran xalqının iqtisadi vəziyyətinin yaxşılaşmasına nail olacaq. Seçicilər sandıq başına üz tutarkən məhz iqtisadi durumlarının düzələcəyinə ümidlə gedirdilər”.

Iran's new president sworn in at parliament as heads of Hamas, Islamic Jihad look on | The Times of Israel

Politoloqun sözlərinə görə, Tehranda baş verən sui-qəsd yeni prezidentin qarşısına daha ciddi problemlər çıxarır:

“Görünən odur ki, Pezeşkian hər şeydən əvvəl İsraillə olan haqq-hesabı çürütməli, Fələstində baş verən proseslərdə müəyyən nəticələrə nail olmalıdır. Düşünürəm ki, hazırda İranın və onun yeni seçilmiş prezidentinin qarşısında duran ən ciddi məsələ İsraillə müharibədən qaçmaq olacaq. Belə ki, İsrail ABŞ-ı İranla müharibəyə çəkə bilmədiyindən İranın İsrailə hücuma keçməsinə nail olmağa çalışır. Onun həm Dəməşqdəki İsrail konsulluğuna hücumu və orada İran generallarının öldürülməsini, həm də Tehranda baş verən sui-qəsdini müharibə elanı adlandırmaqdan başqa yolu varmı?


Bütün bu hadisələrdən sonra İranın sakitcə durması və cavab tədbiri görməməsini heç İran xalqı özü də qəbul etməz. Xalq günlərin birində ayağa qalxıb İsrailə qarşı ciddi tədbir görməyin zamanı gəldiyini dövlət rəhbərindən tələb edə bilər”.

Əlimusa İbrahimov

Əlimusa İbrahimov vurğulayıb ki, Azərbaycanın da Pezeşkianın prezidentliyindən müəyyən gözləntiləri var və bəzən bu gözləntilər qəbul ediləsi mümkün olmayan dərəcədə böyüdülür:

“Sanki Pezeşkian qısa müddət ərzində Azərbaycanla İran arasında yığılıb qalan problemləri həll edəcək və İranın Azərbaycana ən yaxın və səmimi qonşu olmasını təmin edəcək. Eyni zamanda gözləntilərimizdən biri də İranın Ermənistanla münasibətlərinin Azərbaycanı təhdid edəcək səviyyədən aşağı salındığını görməkdir. Bu gözləntilər təbiidir və bizim buna haqqımız var. Heç şübhəsiz Pezeşkianın hakimiyyəti illərində Azərbaycan-İran münasibətləri əvvəlki illərlə müqayisədə daha yaxşı olacaq və dövlət rəhbərləri münasibətlərin inkişaf etdirilməsi istiqamətində daha ciddi addımlar atacaqlar.

Ermənistanla İranın münasibətlərində də ciddi dəyişikliyin şahidi ola bilərik. Düşünürəm ki, indiki prezident dövründə Ermənistan İranla münasibətlərindən əvvəllər olduğu qədər faydalana bilməyəcək. Ermənistanın silahlandırılmasına gəlincə, bunun getdikcə daha aşağı səviyyədə olduğunu müşahidə edəcəyik”.

Safura Bənnayeva



Oxşar Xəbərlər

Xəbər lenti