Bu gün, 21:32
Bu gün, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə tətbiq edilmiş CAATSA sanksiyalarının ləğv olunacağını bəyan edib.
Trump bu barədə NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı danışıb. ABŞ Prezidenti bildirib ki, Vaşinqton dost ölkələrə qarşı sanksiya tətbiq etmək niyyətində deyil.
Qeyd edək ki, ABŞ Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 sistemləri almasına cavab olaraq 2020-ci ilin dekabrında “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşı mübarizə haqqında” qanun — CAATSA çərçivəsində Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi. Həmin sanksiyalar əsasən Türkiyə Müdafiə Sənayesi Başkanlığını hədəf alır və ABŞ tərəfindən müdafiə təyinatlı ixrac lisenziyalarının verilməsini məhdudlaşdırırdı.
Türkiyə 2017-ci ildə Rusiya ilə dəyəri 2,5 milyard dollar olan dörd S-400 batareyasının alınmasına dair müqavilə imzalamışdı. ABŞ isə Ankaranı Rusiyadan S-400 almaqdan imtina etməyə və bunun əvəzinə Patriot sistemlərinə üstünlük verməyə çağırmışdı. Lakin Türkiyə bu çağırışlara müsbət cavab vermədikdən sonra F-35 qırıcı təyyarə proqramından çıxarılmışdı.
Trump görüş zamanı F-35 məsələsinə də toxunaraq, Türkiyəyə bu təyyarələrin satışının bərpa edilməsinin mümkünlüyünü nəzərdən keçirəcəyini bildirib. O, Türkiyəni ABŞ-ın “sadiq tərəfdaşı” adlandırıb və Ankaranın Vaşinqtona bəzi ənənəvi müttəfiqlərdən daha çox dəstək verdiyini qeyd edib.
ABŞ Prezidenti həmçinin Vaşinqton-Ankara münasibətlərinin hazırda “bəlkə də indiyədək ən yaxşı səviyyədə” olduğunu vurğulayıb.
Türkiyə tərəfi isə daha əvvəl S-400 sistemləri ilə bağlı qərarların Ankaranın suveren hüququ olduğunu bildirmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan yeni S-400 paketinin alınıb-alınmamasına Türkiyənin özünün qərar verəcəyini qeyd etmiş, bu sistemlərin yerli “Çelik Kubbe” hava müdafiə şəbəkəsinə inteqrasiya olunmasının planlaşdırıldığını açıqlamışdı.
Arzuman Nəbiyev
Sozcu.info