Demokratiyada siyasi biliyin əhəmiyyəti - TƏHLİL

 

Əbədi oyanıqlıq vətəndaşların siyasi biliklərə sahib olmalarını aydın şəkildə tələb edir

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/demokratiyada_siyasi_biliyin_ehemiyyeti_-_thlil)

Brennanın qeyd etdiyi kimi, yalnız iki şəraitdə bir insan başqaları tərəfindən idarə olunmadığını iddia edə bilər: ya səriştəsiz vətəndaşlar öz siyasi hüquqlarını öz maraqları yönündə istifadə etməkdən imtina edirlər, ya da "necəsə” həmin vətəndaşlar məhdudlaşdırılırlar. Sonuncunun bir növ epistokratiya olmağına baxmayaraq, birincinin demokratiya ilə mükəmməl uyğunluğu var. Fərdi səslər statistik olaraq əhəmiyyətsiz və eyni zamanda, cahil seçicilər üçün heç bir cəza və ya cərimə tətbiq edilmir. Səriştəsiz sürücülərdən fərqli olaraq, səriştəsiz seçicilər pis və laqeyd formada səs vərərək öz vətəndaşlarını riskə atdıqda belə fərdi olaraq cəzalandırlmaqdan qorxmalarına heç bir səbəb yoxdur. Demokratik məşvərətin mümkün təsirlərini müzakirə edərkən Drayzek ve List vurğulayır ki, "yalançı qismində ifşa edilmək üçün heç bir cəza yoxdursa, o zaman həqiqəti söyləmək üçün də heç bir maraq yoxdur”. Fərdi səslərin milli seçki nəticələrinə demək olar ki heç bir təsir göstərməməsi səbəbindən vətəndaşın öz ölkəsinin siyasi və iqtisadi vəziyyəti barədə cahil qalması olduqca məntiqlidir. Əgər seçicilər məlumatlı olmağın onların bir vətəndaş kimi mənəvi öhdəliyi olduğuna inanmırsa, belə halda siyasəti öyrənmək üçün vaxtlarını sərf etməmələri də məntiqlidir.

Üçüncüsü, əksər seçicilər öz doqmatizmləri ilə "xoşbəxtdirlər” və bu doqmatik inancları təsdiq etmək əvəzinə onları daha çox sarsıtmaq ehtimalı olan elmi həqiqətlərlə üz-üzə gəlməkdə olduqca istəksizdirlər. Son onilliklərdə siyasi qütbləşmə Amerika Birləşmiş Ştatlarında artıb. Göründüyü kimi hazırda Respublikaçı və Demokratlar partiyaları arasındakı uçurumu aradan qaldırmaq demək olar ki, mümkün deyil. 2010-cu ildə ABŞ Konqresinin hər iki palatasındakı siyasi qütbləşmə "Amerika vətəndaş müharibəsindən bir qədər sonra yəni XIX əsrin sonlarından bəri, olduğundan daha kəskin idi”. Siyasi qütbləşməyə optimist yanaşanlar qeyd edirlər ki, insanlar öz rəqiblərinin arqumentlərini nə qədər çox dinləsələr, bir-birlərini də bir o qədər çox başa düşəcəklər. Başqa sözlə desək, qarşı tərəfə qulaq asmaq mövcud qütbləşmənin kəskinliyini azaldır. Lakin, bu fikir empirik tədqiqatlarla dəstəklənmir. Məsələn, bizə məlumdur ki, əksər insanlar əvvəlcədən mövcud olan siyasi inanclarına qarşı çıxmaqdansa onları təsdiqləyən dost kütləvi informasiya vasitələrini izləməyə və dinləməyə üstünlük verirlər. Beləliklə, bu görüşə görə mövcud olan inanclara qarşı çıxan (müxalif) xəbərləri izləmək, insanların başqalarının fikirlərini dərk etməsinə və onlara tolerant yanaşmasına səbəb ola bilər. Buna baxmayaraq empirik tədqiqatlar bu optimist fərziyyənin iddiasını dəstəkləmək üçün kifayət qədər sübutumuzun olmadığını göstərir. "Zidd görüşlü xəbərlərə (…) məruz qalmaq [bir insanı] eynilə tərəfdar xəbərlərə məruz qalmaq kimi qütbləşdirə bilər”. İnsanların müxalif siyasi qruplarının məlumatlarına qarşı çıxa bilmək üçün öz siyasi yönümlüklərini radikallaşdırmaq ehtimalı daha çoxdur.

Əsk argumentlərə qarşı müqavimət irrasional deyil. Həqiqətən də səriştəsiz vətəndaşlar instrumental olaraq rasionaldırlar, ya da iqtisadçı Brayen Kaplanın sözləri ilə desək, onlar "rasional olaraq irrasionaldırlar”. Seçicilər əvvəlcədən formalaşmış inanc sistemlərini dəstəkləməyən elmi faktlardan və statistik məlumatlardan qəsdən qaçırlar. Siyasi psixoloqlar belə bir nəticəyə gəliblər ki, orta statistik vətəndaşların siyasi qərarları "ilkin təəssüratdan təsirlənir. [Və] bu təsirin prosesə daxili (məsələn, əvvəlki münasibətlər) və ya xarici (məsələn, gülən üzülər) olmasının əhəmiyyəti yoxdur”. Siyasi psixologiya izah edir ki, məsələn, rəsmi məlumatların 2008-ci ildən etibarən əmlak və zorakı cinayətlərin müvafiq olaraq 23 və 19 faiz azaldığını göstərməsinə baxmayaraq 2016-cı il seçkilərindən amerikalı seçicilərin yarıdan çoxunun məhz 2008-ci ildən bəri cinayətlərin artdığına inanması bizdə təəccüb doğurmamalıdır. Bu baxımdan sonuncu prezident seçkisi də istisna deyildi. Əvvəlki illərdə Amerika seçicilərinin ölkədə törədilmiş cinayət səviyyəsi barədə düşüncələri də həqiqətdən uzaq idi. Demokratiya üçün pis xəbər seçicilərin əksəriyyətinin məntiqli (rasional) müzakirələrdən daha çox emosiyalardan təsirlənməsidir.

Amerikalı public intellektual Noam Çomski iddia edir ki, ABŞ-da seçkilər "PR sənayesi” tərəfindən aparılır və siyasi namizədlər diş pastası, həyati əhəmiyyəti olmayan dərmanlar, avtomobillər və digər əmtəələrlə eyni formada reklam edilir, çünki, əsas "vəzifə həqiqəti dekonstruksiya edərək seçiciləri yanlış istiqamətə yönlərdirməkdir”. Siyasi cahil və siyasi bilikli vətəndaşların PR sənayesinə olan reaksiyalarına diqqət yetirsək bilikli vətəndaşların, ya da Ceyson Brennanın təbirincə desək, "vulkanlar”ın siyasi reklamlarla aldadılması ehtimalı daha aşağı olduğu halda, onların namizədlərin siyasi platformasına əsaslanaraq səs vermə ehtimalları daha yüksəkdir.

Kimsə etiraz edə bilər ki, əslində orta statistik seçicilərin siyasət və iqtisadiyyat haqqında çox şey bilməsinə heç də ehtiyac yoxdur. Əgər kənd təsərrüfatı, mədənçilik, təhsil və s. kimi həyatlarına təsir edən məsələlər üzrə kifayət qədər bilikləri varsa, ən yaxşı namizədləri onlar asanlıqla seçəcəklər və seçilmiş nümayəndələr də öz heyətlərinin köməyi ilə bütün digər məsələləri həll edəcəklər. Vətəndaşların geniş siyasi biliyi olmadan liderlərini seçə biləcəyi və seçdikləri nümayəndələrin işindən razı olmadıqları təqdirdə növbəti seçkilərdə, onların rəqiblərinə səs verməklə, onları "cəzalandırmaq” imkanlarının olacağını düşünmələri minimalist bir demokratik anlayışdır. Bundan əlavə, mövzu əsaslı səsvermə (issue voting) və keçmişə baxaraq səsvermə (retrospective voting) nəzəriyyələri seçicilərin siyasi namizədlərə onların müəyyən daxili və xarici siyasət məsələlərinə olan mövqeləri əsasında səs verdiyini hesab edir. Lakin, hazırda görəcəyimiz kimi empirik olaraq bütün bu təxminlər yalnışdır. Birincisi, ictimaiyyətin əksəriyyəti şumpeterçi retrospektiv səsvermə kimi nisbətən sadə nəzəriyyələrin tələblərinə belə cavab vermir. Hətta minimalist demokratiya konsepsiyasında, ya da, başqa sözlə desək, elektoral demokratiyada, seçicilər Konqresdə öz nümayəndələrinin kim olduğunu və bu nümayəndələrin Nümayəndələr Palatasında və Senatda nəyə səs verdiklərini bilməlidirlər. Seçicilərin öz nümayəndələrinin fəaliyyətlərinin nəticələrini qiymətləndirmək və vəzifədə olanları (iqtidar), onların rəqibləri ilə (müxalifət) müqayisə edə bilməkləri üçün "böyük miqdarda sosial elmi biliklərə” ehtiyacları var. Açen və Bartelsin ifadə etdiyi kimi, "seçicilərin keçmişə kor kimi baxır”. Amerikalı seçicilər hökuməti istənilən hökumətin nəzarətdə saxlaya bilməyəcəyi hallar olan quraqlıq və köpəkbalığı hücumları kimi, təbii fəlakətlər və müsibətlər üçün günahlandırırlar. Bu fakta olan əsas etiraz belədir ki, "seçicilər əslində hökuməti məhz fəlakətə görə günahlandımır. Onlar hökuməti zəruri müdaxiləni etmədiyi üçün günahlandırırlar.” Bununla belə, bu arqument də həqiqəti əks etdirmir, çünki, empirik tədqiqatlar bu etirazı dəstəkləmir. Qısası, seçicilər irrasionaldırlar və "onlar ağrı-acı içində olduqları zaman əllərində olan bütün mədəni konstruksiyalardan özlərini haqlı çıxarmaq üçün istifadə edərək hökuməti günahkar görməyə meyillidirlər”.

İkincisi, bu etiraz demokratik siyasətdə ictimai cahilliyin əhəmiyyətli nəticələrini görmür. Sadə vətəndaşların, namizədlərin irəli sürdüyü platforma və ya müdafiə etdiyi müəyyən məsələlərə əsasən səs vermədiyi politoloqlara məlumdur. Başqa sözlə, empirik araşdırmalar nəticəsində mövzu əsaslı səsvermə hipotezini dəstəkləyən bir sübut aşkarlanmır. Amerikalıların səsvermə davranışı üçün klassik nümunə, Kempbell və onun həmkarları tərəfindən aparılan inqilab xarakterli empirik tədqiqatdır. Onlar Amerika Seçicisiəsərində 1948, 1952 və 1956-cı il seçkilərini təhlil ediblər. Onların təhlillərinin nəticəsi göstərirdi ki, amerikalıların əksəriyyəti prezidentliyə namizədlərə onların siyasi platformalarına görə yox, namizədlərin şəxsiyyət və xarakterlərinə əsaslanaraq səs verirlər. Məsələn, Adlay Stevenson xarici siyasət məsələlərinə digər namizədlərdən daha çox diqqət ayırmasına baxmayaraq, seçicilər onun xarici siyasət mövzularında siyasi mövqeyindən böyük dərəcədə xəbərsiz idilər. Empirik dəlillər göstərir ki, yarım əsrdən artıq keçməsinə baxmayaq, orta statistik amerikalı seçicinin siyasi davranışı nöqteyi nəzərindən demək olar ki, heç bir şey dəyişməyib.

2004-cü ildə keçirilən prezident seçkilərində amerikalıların yalnız onda biri Con Kerri və Corc Buşun siyasi platforma və ideyalarının "onların kimə səs verməsindəki əsas səbəb” olduğunu bildirmişdir. Bundan başqa, prezidentliyə namizədlərin siyasi platformasından daha çox onların "stilləri,” "xoşagəlimlilikləri,” "canayaxınlılıqları” və "xarakterləri” kimi amillər kütləvi informasiya vasitələrinin və siyasi şərhçilərin diqqət çəkdikləri əsas məqamlar idi. Vətəndaşların seçki davranışına namizədlərin fotoşəkillərinin təsiriylə bağlı bir eksperiemntdə siyasi psixoloq Aleks Todorov və həmkarları rəqib namizədlərin fotoşəkillərini bir saniyəlik bir müddətdə potensial seçicilərə göstərir. Sonra iştirakçılardan öz fərdi qiymətləndirilmələri əsasında namizədlərdən daha səriştəli hesab etdiklərinə səs verməkləri xahiş edilir. Eksperimentin nəticələri "2004-cü il Nümayəndələr Palatası və Senat seçkilərinin nəticələrini şans nisbətindən olduqca daha yaxşı nisbətdə, yəni, müvafiq olaraq 67.7 faiz və 68.8 faiz dəqiqliklə proqnozlaşdırdı”. Bundan əlavə, Log və Taber "cəlbedicilik,” "tanınmışlıq,” "təxmin edilən yaş” və "körpə üzlülük” kimi faktorların seçicilərin siyasi namizədlərin səriştəliliyi haqqında olan qavrayışlarına çox böyük təsiri olduğunu və vətəndaşların "kimə səs vecəyənini proqnozlaşdıran ən güclü faktorlar” olduğunu aşkar etdilər. Bu dörd faktor arasında "körpə üzlülük” dolayı təsir göstərir. Lakin siyasi namizədin vətəndaşlar tərəfindən təxmin edilən yaşı "səriştəliliyin heç bir dolayı təsiri olmadan vətəndaşların seçiminə birbaşa təsir göstərdiyi halda,” "cəlbedicilik” (70 faiz) və "tanınmışlıq” (89 faiz) seçicilərin seçki davranışına, "səriştəlilik vasitəsilə təsir göstərir”. Bu eksperimentlər demokratiya üçün deyilən mənfi xəbərləri təsdiqləyir ki, həqiqətən də fərdlərin əksəriyyəti (ümumiyyətlə əgər səs vermədə iştirak edirlərsə) siyasi baxımdan əlaqəsiz və irrasional faktorlara əsaslanaq səs verirlər.

Üçüncüsü, bu etiraz vətəndaşların öz sosial-iqtisadi maraqlarına görə səs verdiyini iddia edən, mənfəətgüdən seçici hipotezinə (MSH) əsaslanır. Buna görə də, MSH arqumentinə əsasən, seçicilər səsvermə davranışlarına təsir edən müəyyən məsələlər barədə məlumatlı olmaq məcburiyyətindədirlər. Bu hipotezə zidd olaraq, politoloqlar tərəfindən təqdim edilən empirik nəticələr göstərir ki, fərdlər bütün cəmiyyət üçün ən yaxşı olanı seçmək düşüncəsiylə səs verirlər və onlar əksər hallarda özlərinin ictimai xeyir anlayışları uğruna şəxsi maraqlarını qurban verirlər. Qısası, "MSH səhvdir”. Bunun əksinə olaraq, çox maraqlıdır ki, seçicilərin əksəriyyəti öz maraqları üçün deyil, xalqın rifahı üçün səs verdiklərinə inanırlar. Onlar səs verdikləri namizədin yalnız özləri üçün yox, eyni zamanda, onların ölkəsi üçün də faydalı olacağına inanırlar. Seçicilərin xeyirxah niyyətlərinə baxmayaraq, zəruri siyasi məlumat olmadan, "nə ehtiras, nə də, məntiq ictimaiyyətin həqiqi maraqlarını əks etdirən qərarlara gətirib çıxara bilər”.

Səriştəlilik təkcə səsvermə üçün vacib deyil. Ümumilikdə, o, demokratik iştirak üçün əhəmiyyətlidir. Skudsonun qeyd etdiyi kimi, elementar siyasi konseptlərdən məlumatı olan insanlar "ağıllı səs verə bilərlər … lakin, demokratik vətəndaşlıq təkcə səsvermədən ibarət deyil”. Demokratik vətəndaşdan məşvərətlərdə iştirak etməsi, müzakirələr aparması, sual verməsi və alternativlər təklif irəli sürməsi gözlənilir. Siyasi bilik olmadan fərdlər təkcə bu tələbləri yerinə yetirməkdən məhrum olmayacaq, onlar eyni zamanda, "sadə şüarları və cəlbedici sözləri də başa düşməyəcəklər”. Əlavə olaraq, politoloqlar uzun illərdir xəbərdarlıq edirlər ki, aşağı səviyyədə olan vətəndaş sətiştəliliyi konstitusional demokratiyanın mövcudluğu üçün təhlükədir.

Vətəndaşlarının böyük əksəriyyətinin səs verərək, bilərək, görərək, hökumətin davranışını nəzarətdə saxlayaraq və alternativ siyasi xəttlər təklif edərək, siyasi proseslərdə aktiv və mütəmadi iştirak etdiyi nümayəndəli demokratiya yalnız, siyasi bilikli vətəndaşların mövcud olduğu şəraitdə mümkün ola bilər. Belə həqiqi demokratiya öz siyasi baxışlarını və rəylərini arqumentlərə, faktlara və məntiqi ardıcıl dəyərlərə əsaslanaraq formalaşdıran səriştəli vətəndaşlar tələb edir. O, sevdiyiniz namizədlərin və ya hökumət rəsmilərinin dediklərinə inanmaqdan imtina edən, müstəqil fikirli vətəndaşları tələb edir; bu vətəndaşlar müstəqil olaraq siyasi məlumat mənbəələrini yoxlayır və onların etibarlılığını sorğulayırlar. Benjamin Franklinin dediyi kimi, nümayəndəli hökumət yalnız, vətəndaşlar onu saxlaya bildiyi zaman mümkündür. Əks təqdirdə, demokratiya populist və plebisitarian kimi müxtəlif formalarda təhrif edilməyə açıqdır. Bundan əlavə, qeyri-aktiv və səriştəsiz vətəndaşlar iqtisadi və siyasi cəhətdən güclü şəxslərin məlumatlandırılmamış vətəndaşların razılığını əldə edərək, ölkəni idarə etməsini asanlaşdırdı. Demokratiyanın onu təşkil edən vətəndaşların məlumatlandırılmamış razılığıyla legitim ola biləcəyini qəbul etmək, son dərəcə problemlidir, çünki, sonuncu nəyi qəbul etiyini dərk etmir.

İlkin Hüseynli,

Qərbi Kaspi Universitetinin Siyasi Elmlər Məktəbinin dekan müavini



Oxşar Xəbərlər

Xəbər lenti