8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Əl-Monitor”
Jurnalist Camal Xaşuqcinin İstanbulda Səudiyyə Konsulluğunda öldürülməsinin təsdiqi Donald Tramp administrasiyasının Səudiyyənin rəqibi İrana qarşı iqtisadi və informasiya müharibəsinin aparıldığı zamanda açıqlanıb.
Rəsmi Riyad etiraf edib ki, oktyabrın 2-də konsulluğa girdikdən bir az sonra Xaşuqcini Səudiyyə təhlükəsizlik işçiləri öldürüb. Bu, İran Mərkəzi Bankına və neft ixracı əleyhinə ABŞ-ın ikinci sanksiya həmləsinə təxminən bir ay qalmış baş verir.
Böhran bərpa olunan sanksiyaların effektivliyi ilə əlaqədar sualların artıq qaldırıldığı zamanla da üst-üstə düşür.
Trampa administrasiyası İran neftini sanksiyalarla bazardan çıxarmaq və neftin qiymətini nisbətən aşağı səviyyədə saxlamaq üçün Səudiyyə Ərəbistanının maksimum həcmdə neft nəqlinə güvənir. Halbuki ABŞ-ın may ayında JCPOA-dan çıxması ilə neftin qiyməti təxminən 20 dollar artaraq 80 dollara qədər yüksəlib. Ekspertlər hesab edirlər ki, İrana qarşı yeni sanksiyaların qüvvəyə mindiyi halda, Səudiyyə Ərəbistanı bazarı yetərincə təmin edə bilməyəcək.
"SVB Energy International” şirkətinin təsisçisi və başçısı Sara Vaxşuri "əl-Monitor”-a bildirib ki, OPEC gündəlik 2.64 milyon barel ehtiyata sahibdir, bu göstəricidə Səudiyyə Ərəbistanının payı 1,94 milyon barel təşkil edir. Vaxşurinin sözlərinə görə, bütövlükdə OPEC və Səudiyyə Ərəbistanı artıq hasilatı artırıblar.
Rusiya da istehsalını artırıb. Ancaq Səudiyyə (və hətta Rusiyanın) nə qədər müddətə hasilatı artıra biləcəyinə dair dəqiq təxmin yoxdur. Vaxşuri deyib: "İranın neft hasilatını əvəz etmək üçün ehtiyat həcmin istifadəsi bazarda istənilən fasiləsizliyi təmin etməyəcək. Nəticədə, təlaş yaranacaq və daha yüksək qiymətlərə gətirib çıxaracaq”.
Vakşurinin sözlərinə görə, vəziyyətin yumşaldılma ehtimalı var, lakin gələn ilin sonlarında ABŞ-ın ixrac potensialı artdıqda.
İranın neft naziri Bijən Zəngənə, həmçinin İranın neft ixracını əvəz etmək üçün Səudiyyə və Rusiyanın qabiliyyətinə şübhə edir. "Dəfələrlə demişəm ki, bazarda İran neftinin əvəzi yoxdur, – deyə Zəngənə oktyabrın 22-də bildirib. – Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı ən yüksək səviyyədədir və onların İranın neftini əvəz edəcək nasos ehtiyatları yoxdur”.
Qiymət artımı İran neftini satın almağı davam etdirmək istəyən Türkiyə və Hindistan kimi mühüm ticarət tərəfdaşlarının narahatlıqlarını gücləndirir. Çin də ABŞ sanksiyalarını rədd edib və Rusiya sanksiyalarla bağlı İrana nefti birləşdirmək təklifi irəli sürüb.
Oktyabr ayının ilk iki həftəsində İranın neft ixracatı Tramp administrasiyası istədiyi kimi sıfıra enməyib və əvvəlki aya nisbətən 10%, gündəlik 2,2 milyon barelə qədər yüksəlib.
JCPOA-dan çıxmazdan əvvəlki qadağalar daha çox beynəlxalq dəstəyə malik idi. Buna görə də, İran neft ixrac etmək üçün bir sıra dolayı üsulları təkmilləşdirmişdi. İran bir çox ölkə, xüsusilə də ən böyük ticarət tərəfdaşı olan Çinlə ticarətini davam etdirmək üçün barterdən istifadə edib və ABŞ dolları əvəzinə satışı milli valyutalarla həyata keçirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabr ayında bildirib ki, ticarətdə dollardan yayınmaq daha faydalı ola bilər. İran və ticarət tərəfdaşları ikitərəfli ticarətdə öz valyutalarından istifadə edəcək və müəyyən dövrün sonunda qeyri-dollar valyutasında istənilən disbalans aradan qalxacaq.
Bununla yanaşı, Avropa İttifaqı bank sanksiyalarının yenidən tətbiq olunmasından sonra İranla ticarətin asanlaşdırılması üçün "Xüsusi məqsədli vasitə” (SPV) yaradır. "Total” və "Siemens” kimi böyük transmilli şirkətlər ABŞ-da daha çox gəlirli biznesə təhlükə yaratmamaq üçün artıq İran bazarından qaçarkən, SPV kiçik və orta Avropa şirkətlərin, ABŞ sanksiyalarına məruz qalmadan İranla ticarətin davam etməsinə kömək edə bilər.
Tramp administrasiyası İslam Respublikasına qarşı informasiya müharibəsini gücləndirərək, onu insan haqlarını pozmaqda və korrupsiyada ittiham edir. ABŞ-ın və beynəlxalq medianın Xaşuqcinin qəddar qətli ilə bağlı gündəmə kökləndiyi vaxtda dövlət katibi Mike Pompeo "Foreign Policy ” jurnalında "İrana müqavimət” adlı məqalə dərc edib. İranı "qanunsuz rejim” kimi damğalayaraq, yeni və təkmilləşdirilmiş nüvə razılaşmasına sürükləmək üçün Tehrana irəli sürülən 12 tələbə Pompeo "insan haqları üzrə əhəmiyyətli irəliləyişlər”i əlavə edib.
Lakin bu, Tramp administrasiyasının dostları və müttəfiqlərinin törətdiyi qəddar Xaşuqci cinayəti ilə bağlı ikili standartlarını vurğulayır. Eyni zamanda, öldürülən jurnalistlə bağlı hekayətlər və ictimai media mesajları anti-İran kampaniyasını dağıdıb. Xaşuqci cinayətini "izah etməyə” çalışan sərt xətt tərəfdarları da öz "tweet” və məqalələrində ABŞ-ın İran strategiyasının anti-Səudiyyə şövqü ilə kölgədə qaldığını etiraf edirlər.
Tərcümə: Strateq.az