8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
-Bəs siz həyat yoldaşınıza etiraz etmədiniz?
- Etiraz? Mən özüm də məktəbi bitirmədən nişanlanmışam. Bizim kənddə qızlar ibtidai sinifdən sonra məktəbə getmirlər. Qadınlar acından ölsələr belə, marketə gedib çörək almırlar. Mən 16 ildir mağazaya getmirəm, avtobusa minmirəm. Həyat yoldaşım səhərlər qapını açarla bağlayıb, axşamlar işdən gələndə açır.
...Hər gün gördüyü fiziki və mənəvi işgəncələrdən sonra uşaqlarını da götürüb evdən qaçmağa məcbur olan 37 yaşlı Solmaz Quliyevanın həyat hekayəsini dinləyirik. Solmaz 3 qızı ilə birlikdə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına pənah gətirib.
Suallara cavab verməkdə çətinlik çəkir, "o qapıdan çıxdımsa, geri dönüşüm yoxdur, məni də qızlarımı da öldürəcək”, - tez-tez eyni sözləri təkrarlayır.
- Həyat yoldaşım ilə mənim aramda 16 yaş fərq var. Çoxları bizə həsəd aparırdı, 3 mərtəbəli evimiz, maşınımız, yeyib-içmək problemimiz də olmayıb. Qızlarla oğlumun arasında fərq qoymasına, qızları məktəbdən çıxarmasına, bizi evdən bayıra buraxmamasına da etiraz etmirdik. Çünki bizim kəndimiz digər Bakı kəndlərindən fərqlidir. Yalnız rayonlardan gəlib, bizim kənddə ev tikib yaşayanlar çölə-bayıra sərbəst çıxıb gəzirlər. Yoldaşımın maddi imkanı yaxşıdır, yəni bizim problemimiz kasıbçılıqdan yaranmayıb.
-Evdən qaçmağınıza səbəb nədir?
- Təxminən 2 il əvvəl evə məktub gəldi. Bəlli oldu ki, həyat yoldaşımın Rusiyada qızı varmış. Yoldaşımın heç özü qızının olduğunu bilmirdi. Qız anası ilə yoldaşımın şəkillərini göndərmişdi. Yoldaşım da 10 min manata yaxın pul götürüb Rusiyaya getdi, qızına toy elədi. Sonra qız atasını Rusiyada yaşamağa dəvət etdi. Həmin vaxtdan yoldaşım içməyə başladı. Mən onun narkotika qəbul etdiyindən də şübhələnirəm. Çünki içən kimi tamam başqa insana çevrilir, heç bir səbəb olmadan dava salır. Məsələn, qızlar qardaşının dediyini dərhal yerinə yetirməlidirlər. Bu yemək yeyib qurtarana qədər biz ayaqüztə onun tapşırıqlarını gözləməliyik. Çay xoşuna gəlmədi, döyür, yemək duzludur döyür, duzsuzdur yenə də döyür. Dəfələrlə qolumu ütü ilə yandırıb, öldürməyə çalışıb. Anamgil qonşuluqda yaşayır, onun evində gizlənə bilmirəm. Deyib ki, anan sizə sahib çıxsa, onu da öldürəcəyəm. Atam şəkər xəstəsidir, hər dəfə dava düşəndə şəkəri qalxır. Sonuncu dəfə məni boğdu, yandırdı, olmazın işgəncələr verdi. Sonra da gedib qızları döydü. Onun sakitləşib yatmasından istifadə edib evdən qaçdıq.
- Deyirsiz ki, şəhəri tanımırsınız. Bəs sığınacağa necə gəldiz?
- Bir qohumumun evinə getdik. O, məni beynəlxalq təşkilatlardan birinə apardı, oradan isə "Təmiz Dünya”nın sığınacağına gəldik. Artıq 5 gündür burdayıq, daha əvvəlki kimi qorxmuruq. Amma oğlum həyat yoldaşımın yanındadır. Zəng vurub dedi ki, evə qayıtmasanız, oğlunun üzünü görməyəcəksiz, onu özümlə Rusiyaya aparacağam. Burda isə deyirlər ki, sənin icazən olmadan onu ölkədən çıxara bilməz. Hələ də bilmirəm, oğlumu ölkədən qaçıra bilər, ya yox. Onun hər şey edə biləcəyinə inanıram.
-Sığınacaqda olduğunuzu bilir?
- Yox, sığınacaqda olduğumu bilmir. Yoxsa gəlib burada dava salar, bizi məcbur evə aparar. Anamgil ilə əlaqə yaradıb, evə qayıtmağımı söyləyib. Deyib ki, mənimlə boşanacağı halda onu da, qızlarını da öldürəcəyəm. Bilirəm ki, dediyini edər, bizi öldürər. Amma evə qayıtmağa da qorxuram, son günlər daha dəhşətli olub. Sığınacağa gələndən sonra polisə şikayət etdik, ekspertdən keçdik, xəsarətlərimizi yoxladıalr. Buna görə də, polis tərəfindən axtarışdadır, evə də getmir. Deyirlər ki, fiziki xəsarətə görə həbs oluna bilər. Həbs olunsa və ya Rusiyaya qızının yanına gedərsə, mən də, qızlarım da rahat nəfəs ala bilərik. Həbs olunmayana qədər boşana bilmərəm. Onunla üz-üzə gəlməkdən qorxuram.
-Bəs sığınacaqdan çıxandan sonra nə edəcəksizin? Deyirsiniz ki, evdən çölə çıxmamısınız...
- "Sədərək” ticarət mərkəzində satılan nişan dəstlərinin - kəllə qənd, nabatlar, həsir səbətlərin əksəriyyətini mən hazırlayıram. Sifariş verirlər, düzəldirəm, gəlib qapıdan götürürlər. Həyat yoldaşımdan artıq pul qazanırdım, bütün pulları da son qəpiyinə kimi ona verirdim. Son davada bütün materialları yandırdı, məni də sürüyüb oda atmaq istəyirdi. Sifarişlərin avansını da almışdım, indi bəlkə də hər gün gəlib qapını bağlı görürlər. Toxumağı, rəsm çəkməyi bacarıram. Boşanandan sonra işləyə, çörək pulu qazana bilərəm. Təki ondan uzaq olum, qızlarım mənim taleyimi yaşamasın. Onlara təhsil verə bilmədim, heç olmasa, sakit həyat verə bilsəydim...
"Kaş, möcüzə baş verəydi, evimizdə olaydım, uşaqları başıma yığıb rahatlıqla yemək yeyərdik. Evimdən ötrü çox darıxıram”, - sığınacağın digər "sakinləri” içəri girir, söhbəti yarımçıq kəsib sağollaşır. Ona təsəlli verməyə söz tapmırıq...
Jalə Ağazadə