27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Artıq bizim səsimizi kimsə oğurlamağa cəsarət edə bilməyəcək”
"Bizim devizimiz "Millətə sayğı", "Vətəndaşa qayğı", "Vətənə sədaqət", "Dövlətə xidmət"dir”
Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, deputat olmaq istəyən namizədlərin Seçki qərargahlarında da həyacan artır. Öz gücünə arxayın olan hər bir namizəd bu dönəmi uğurla başa vurub, demokratik seçki prosesinin baş tutmasını səbrsizliklə gözləyirlər. O cümlədən, Milli Məclisin bir qrup məmurun deyil, nəhayət ki, onların öz iradəsi ilə formalaşmasında maraqlı olan vətəndaşlar da, əksər namizədlər kimi, bu günün həyəcanını yaşamaqdadırlar. Bəs, gözlənilən ədalətli seçki prosesi baş tutacaqmı, yoxsa xalqın səsi yenə də oğurlanacaq?
Bu və digər suallara Azərbaycan Demokrat Partiyasının (ADP) 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədi Nuriyev Daşqın Ağarza oğlu ilə söhbətimizdə cavab tapmağa çalışdıq.
- Daşqın bəy, ilk olaraq bilmək istəyərdik ki, növbədənkənar parlament seçkilərinə qatılmağınızda məqsəd nədir?
- Bildiyiniz kimi, mən uzun illərdir siyasətlə məşğulam. Daha dəqiq desək, artıq 27 ildir aktiv siyasi proseslərin içərisindəyəm. 1995-ci ildə Azərbaycan Demokrat Partiyasının İnsan Hüquqları Müdafiə Komissiyasının sədri olmuşam. Hal-hazırda sədr müavini kimi fəaliyyətimi davam etdirirəm. Əgər siyasətin akademiyası partiyadırsa, mən də demokratların təmsil olunduğu bu akademiyada siyasətin incəliklərini mənimsəmişəm və hazırda da bu istiqamətdə fəaliyyət göstərirəm. Ümumiyyətlə, partiyalar siyasətin episentri sayılmalıdır. Bu episentr bizim siyasətçi kimi formalaşmağımızda böyük rol oynayıb…
- Hesab edirsiniz ki, indiyə qədər öyrəndiklərinizi Milli Məclisdə həyata keçirməyin zamanıdır?
- Bəli, o cür də demək olar. Yəni artıq Demokrat Partiyasında əldə etdiyim təcrübədən millətimiz və dövlətimiz üçün yararlanmaq zamanı gəldiyini düşünürəm. Bunun isə ən yaxşı yolu məhz qanunverici orqan olan Milli Məclisdir. Hətta bu məsələdə bir qədər də gecikdiyimizi düşünürəm. Bilrisiniz ki, mən ötən parlament seçkilərində də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşdüm. Çox təəssüf ki, hakimiyyətdə olan keçmiş zehniyyətin göstərişi ilə bizim səsimiz oğurlandı. Lakin artıq Azərbaycanda siyasi vəziyyətin dəyişdiyini müşahidə etməkdəyik. O cümlədən, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın seçkilərin demokratik keçiriləcəyi ilə bağlı bəyanatları kifayət qədər səmimi və inandırıcı görünür. Bu baxımdan da, ötən parlament seçkilərində mənə etimad göstərərək səs verən vətəndaşlarımızın inamını doğrultmaq, səslərini qorumaq üçün təkrar bu dairədən namizədliyimi irəli sürdüm. Hesab edirəm ki, seçicilərimdən yenə də dəstək alaramsa, artıq bizim səsimizi kimsə oğurlamağa cəsarət edə bilməyəcək.
- Bu seçkiyə hansı şüarlarla qatılmısınız?
- Bizim ADP-çi namizədlər olaraq devizimiz "Millətə sayğı", "Vətəndaşa qayğı", "Vətənə sədaqət", "Dövlətə xidmət"dir. Bu amalla da parlament seçkilərinə qatılmışıq. Yuxarıda qeyd etdiyim kimi, öz potensialımızı bu devizlərlə öz seçicilərimizə, millətimizə və dövlətimizə xidmət edərək, küskün, ümidsiz, seçkiyə inamını itirmiş hər bir Azərbaycan vətəndaşının seçkilərin şəffaflığına, onların verəcəkləri səslərin etibarlılığına, dövlətə və vətənə olan inamını, güvənini və ümidini bərpa etməyə çalışacağıq.
- Neçə illərdir, Azərbaycanda belə bir fikir formalaşıb ki, seçkiyə getmək üçün mütləq "yuxarı”dan "dobro” almaq lazımdır? Bu haqda nə deyə bilərsiniz?
- Bu sual əslində çox doğru və yerində verilmişdir. Azərbaycan müstəqillik əldə edəndən parlament seçkiləri "yuxarıdan dobro" almaqla həyata keçrilib. Məsələn, mənim deputatlığa namizəd olduğum 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli 3 dəfə həmin "dobro" vasitəsi ilə "seçilib". Hətta açıq-aşkar bundan öncəki seçkilərdə bəyan etmişdi ki, "səs versəniz də, verməsəniz də deputat mənəm. Əgər səs versəniz, səhər "mən sənə səs vermişəm” deyib, zəng vurub məni öz problemlərinizi deməyin. Çünki, məni siz seçmirsiniz və narahat etməyin”. İndi icra orqanları yenə də Fəzail İbrahimlinin seçicilərlə görüşünü təşkil edir. Seçicilərdən şəxsiyyət vəsiqələrini yığırlar. Əslində belə hallar məni narahat etmir. Mən inanıram ki, seçkilər demokratik keçiriləcək. Ən sonda - 9 fevralda bunun şahidi olacağımıza şübhə etmirəm.
- Artıq təşviqat kampaniyası üçün ayrılan vaxtın çox hissəsi geridə qalıb. Bu müddət ərzində nə işlər görmüsünüz və qarşıdakı hədəfləriniz nələrdir?
- Bu günə qədər seçki plakatlarımız məntəqələr üzrə seçki lövhələrinə vurulub. Seçki dairəmizə daxil olan bütün kəndlərdə olmuşuq. Yüzlərlə seçici ilə görüşmüşük. Doğrusu, məntəqələr arasında hətta 40-50 km məsafə olması və bir neçə kəndlərdə yolsuzluq probleminin mövcud olması, xüsusən dağ kəndləri bizim təbliğat və təşviqat işlərimizə maneə olur. Buna baxmayaraq çalışırıq ki, təbliğat və təşviqat işlərini yüksək səviyyədə aparaq. Mən deyərdim ki, ən böyük problem seçicilərimizin seçkiyə ümidsizliyidir. Əhalinin əksər hissəsi bu seçkinin də "yuxarı"dan göstərişlə olacağını, onların səslərinə ehtiyac olmayacağını söyləyirlər.
Dövlətimizin apardığı seçki kampaniyasının indiyə qədər gözdən salınması acınacaqlı hal sayılmalıdır. Biz əsas vəzifə olaraq, seçkilərin demokratik keçiriləcəyinə inam yaratmaq, insanları seçkidə fəal iştirak etməyə inandırmaq missiyasını da həyata keçiririk. Bütün bunlarla yanaşı, seçicilərlə təyin olunmuş yerlərdə kütləvi görüşlərə start vermişik. Bu, bir neçə kənddə baş tutub və qalan kəndlərdə də bu yöndə fəaliyyətimizi davam etdirməkdəyik.
- Deyə bilərsiniz, Azərbaycan seçicisi Sizə nə üçün səs verməlidir?
- Belə hesab edirəm ki, insanlarla görüşlərimdə siyasi təcrübəm, jurnalistka fəaliyyətim və ixtisasca hüquqşünas olmağım mənə onları Milli Məclisdə şərəflə təmsil edəcəyimi söyləməyə imkan verir. Seçiciləri inandırmağa çalışıram ki, mən dövlətimizin gücü çatdığı qədər qanunların qəbul edilməsində seçicilərimin mənafeyini əsas tutacağam. Onları əmin etməyə çalışmışam ki, seçiləndən sonra da müntəzəm olaraq görüşlər keçirəcəyəm, deputat kimi problemləri ilə yaxından tanış olacağam və vaxtında həll olunması üçün potensialımdan istifadə edəcəyəm. Əslində mənim əsas işlərimdən biri də seçicilərimin qayğısına qalmaqdır. Mənim məqsədim təkcə fəaliyyətimlə onları öz tərəfimə çəkmək deyil, həm də bəzi məmurların yarıtmza fəaliyyəti nəticəsində dövlətimizə və seçkiyə itirilmiş inamlarını geri qaytarmaqdır. Seçicilərimiz dövlətimizə sadiq vətəndaş olaraq, dövlətimizin onlara qayğısının təşkilində fəal iştirak etməlidir. Bəli, millət vəkli olmaq çətin və şərəflidir. Şərəflidir ki, 30-40 min insanın vəkili olursan, sənə etimad göstərirlər. Çətindir, ona görə ki, sən bu inamı doğrultmalısan. Bunun da bir yolu var, daimə görüşlər keçirib, insanların içində olub, səmimi münasibət qurasan. Onlar səni özününkülərdən biri hesab etməlidir. İnşallah, seçilsəm, əminliklə deyə bilərəm ki, mən bütün bunlara nail olacağam.
- Seçki platformanızı bir cümlə ilə vətəndaşlarımıza, seçicilərinizə necə çatdıra bilərsiniz?
- Mən söz verirəm ki, hər bir seçicimin haqqının, hüququnun müdafiəçisi və vəkli olacağam!
- Sizcə, seçkidə əsas rəqibiniz kim olacaq, keçmiş deputat, yoxsa...?
- Bütün namizədlər mənim rəqibim ola bilər, amma keçmiş deputat yox! Buna əminəm. Çünki keçmiş deputatın 15 illik fəaliyyəti dövründə üzünü görən olmayıb. Ancaq seçkidən-seçkiyə vətəndaşlarla görüşə gəlib. Bu səbəbdən də onun nüfuzu yox səviyyəsindədir. 15-20 nəfər qohumlarından başqa, kimsə onu müdafiə etməyəcək. Bir də, bir neçə nəfər məntəqə üzvləri ola bilər.
- Nəyə əsasən əminsiniz ki, Siz məhz seçicilərin arzuladığı, görmək istədiyi millət vəkili ola bilərsiniz?
- Hesab edirəm ki, bu suala yuxarıda qismən də olsa cavab verdim. İlk növbədə keçmişim, siyasi və jurnalistika fəaliyyətim məndə bu qənaəti formalaşdırıb ki, seçicilərimin arzuladığı, layiqli millət vəkili ola bilərəm. Mən ilk növbədə özümə inanaraq bu yola çıxmışam. Hər bir insan özünü daha yaxşı tanıyır. İçimdən gələn səs belə deməyə əsas verir ki, mən bu millətə, bu dövlətə xidmət üçün varam və bundan sonra da belə olacaq. Odur ki, deputat seçiləcəyim təqdirdə bu istiqamətdə daha böyük işlər görəcəyimə əminəm.
- Ümumiyyətlə, indiyə kimi hansısa namizədin xeyrinə dövlətin inzibati resurslarından istifadə olunaraq, hər hansı fəaliyyət göstərildiyinin şahidi olmusunuz?
- Bu suala cavab vermək çox yerinə düşdü. Qeyd etdiyim kimi, bu dairədən 2015-ci ildə də deputatlığa namizəd olmuşam. Həmin dövrdə də gördüm ki, xüsusən, seçki günü bütün məntəqələrdə topa-topa bülletenlər Fəzail İbrahimlinin xeyrinə atılaraq, seçkilər saxtalaşdırılır. Hal-hazırda da onun xeyrinə inzibati resurslardan istifadə edilməkdədir. Belə ki, seçkilərlə görüşü rayon rəhbərləri səviyyəsində tapşırılaraq icra nümayəndələri, bələdiyyə rəhbərləri və üzvləri tərəfindən təşkil olunur. İnanmaq istərdim ki, seçkilər günü bu şəxsin deputat olması üçün inzibati resurslardan həyata keçirilməyəcək. Çünki bu "millət vəkillər"i keçmiş rəhbərlərin tör-töküntüləridir. Belə şəxslər islahatlara ancaq mane ola bilər.