8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Mən əminəm ki, 9 fevralda 25 saylı Nizami ikinci seçki dairəsində tamamilə fərqli mənzərənin şahidi olacağıq"
"Mənim seçicilərimi aldatmaq, yalan vədlərlə ələ almaq, müəyyən vəsait qarşılığında səsini satmağa məcbur etmək və s. bu kimi xoşagəlməz hallara sövq etmək mümkün olmayacaq"
"Mən inanıram ki, istər Prezident İlham Əliyevin, istər də Birinci vitse-prezident Mehriban Əliyevanın növbədənkənar parlament seçkisinin demokratik keçiriləcəyi ilə bağlı bəyanatları heç də boşuna səslənməyib. Və bu iradə ortada olduqca, heç bir kənar qüvvənin seçkinin nəticəsinə müdaxilə etmək cəhdi baş tutmayacaq. Odur ki, 9 fevral seçkisinin xalqın iradəsini özündə əks etdirəcəyinə inamım yüksəkdir"
Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, ölkədə siyasi aktivlik də günbəgün artmaqdadır. Millət vəkili olmaq istəyən namizədlər seçkiqabağı təşviqat kampaniyasının gərgin dönəminə qədəm qoyublar. Onlar bu dönəmi uğurla başa vurub, demokratik seçki prosesinin baş tutmasını səbrsizliklə gözləyirlər. O cümlədən, Milli Məclisin bir qrup məmurun deyil, nəhayət ki, onların öz iradəsi ilə formalaşmasında maraqlı olan vətəndaşlar da, əksər namizədlər kimi, bu günün həyəcanını yaşamaq arzusundadırlar.
Bəs, gözlənilən ədalətli seçki prosesi baş tutacaqmı, yoxsa keçmiş "ənənəyə" uyğun olaraq, xalqın səsi yenə də oğurlanacaq? Bu və digər suallara 25 saylı Nizami rayon ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədovla söhbətimizdə cavab tapmağa çalışdıq.
- Vüqar bəy, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə barmaqla sayılası günlər qalır. Seçkiqabağı təşviqat kampaniyasının da artıq yarıdan çoxu geridə qalıb. İlk olaraq oxucularımıza bu müddət ərzində gördüyünüz işlərlə bağlı məlumat verməyinizi xahiş edərdik...
- Etiraf edim ki, təşviqat kampaniyası kifayət qədər gərgin və maraqlı keçir. Mən və Seçki qərargahımın üzvləri, eləcə də tərəfdarlarım bütün enerjimizi səfərbər etmişik ki, hər bir ailənin qapısını döyüb seçki platformamızı çatdırmaqla yanaşı, onları seçkiyə dəvət etməklə 9 fevralda seçici aktivliyinin yüksək olmasını təmin edək. Bu məqsədlə artıq bir neçə məhəllədə görüş keçirmişik. Qarşıdakı günlərdə də bir sıra görüşlər keçirməklə yanaşı, təşviqat materiallarımızı hər bir ailəyə çatdırmağı nəzərdə tuturuq. Bundan əlavə, fevralın 2-də, yəni bazar günü 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisində yerləşən "Siyaqut”şadlıq sarayında seçicilərimlə geniş görüş keçirəcəyəm.
- Vətəndaşlarımızın seçkiyə marağı varmı, bu haqda nə deyə bilərsiniz?
- Əslində, bu haqda mətbuatda və sosial şəbəkələrdə müxtəlif, ziddiyyətli fikirlər səslənir. Belə ki, əksər namizədlər istər imzatoplama kampaniyası, istər də seçkiqabağı təşviqat kampaniyası zamanı vətəndaşların çox passiv və biganə mövqeyi ilə qarşılaşdıqlarından şıkayət edirlər. Əlbəttə, bu, ürəkaçan mənzərə deyil. Çünki insanlar öz talelərinə, övladlarının gələcəyinə biganə qalmamalıdırlar.
Ancaq şükürlər olsun ki, seçkiyə qatıldığım 25 saylı dairədə biz tamamilə fərqli mənzərənin şahidi olmaqdayıq. Hətta deyərdim ki, burada seçicilər əksər namizədlərdən daha aktivdirlər. Onlar dəfələrlə müraciət edib, bizi görüşə çağırıblar. Mən və Seçki qərargahımın üzvləri bu dəvətlərin hər birini böyük məmnuniyyətlə qəbul edir, seçicilərimi səbrlə dinləyir, onların suallarını cavablandırır, bununla yanaşı, öz platformamımızı seçicilərin diqqətinə çatdırırıq.
- Seçki qərargahınıza gələnlər də olur?
- Əlbəttə, olur. Öncə onu deyim ki, mənim Seçki qərargahım Bəhruz Nuriyev küçəsi 1/77-də yerləşir. Biz bir həftədən çoxdur ki, burada fəaliyyət göstəririk. Seçki qərargahının yerini bilən vətəndaşlarımız tərəfindən bu müddət ərzində çoxsaylı müraciət olub, öz tələb və istəklərini çatdıranlar, platformamızla tanış olmaq istəyənlər, hətta sadəcə bizə uğur arzulamaq məqsədilə gələn insanlar var. Təbii ki, bunların böyük əksəriyyəti ətraf binalarda yaşayan sakinlərdir. Hətta mənim "Hürriyyət” qəzetində çıxan bir müsahibəmi oxuyub, fikirlərimi böyük maraqla qarşılayan bir neçə vətəndaş da Seçki qərargahımıza gələrək bizə uğurlar arzulayıb və öz dəstəklərini təklif ediblər.
- Maraqlıdır, bu gün seçicilərin deputatlığa namizədlərdən, şəxsən Sizdən əsas tələb və istəkləri nələrdir?
- Mən əminliklə deyə bilərəm ki, seçicilərin ən böyük istəyi səmimiyyətdir. Bu günə qədər keçirdiyim görüşlərin hər birində şahidi olmuşam ki, onlar bundan əvvəlki dönəmlərdə olduğu kimi, namizədlərin böyük vədlər verib, deputat seçildikdən sonra isə heç birinə əməl etməməkdənsə, onun səmimi və dürüst olmasını istəyirlər. Şübhəsiz, hər bir seçici yaxşı bilir ki, millət vəkilinin işi onların sosial problemlərini həll etməkdən, uçub-dağılan yollarını düzəltməkdən, su basan zirzəmilərini qurutmaqdan və s. ibarət deyil. Amma millət vəkili hər bir seçicisinin qayğısına qalmalı, onların problemini müvafiq qurumlar qarşısında qaldırmalı və bunun həllinə çalışmalıdır. Çox təəssüf ki, Azərbaycanda indiyədək namizədlərin seçki dönəmində vətəndaşın qapısını döyüb səs istəmək, seçildikdən sonra isə 5 il itirmək "ənənəsi" formalaşdığından, insanları səmimiyyətə inandırmaq bəzi hallarda elə də asan olmur.
- Belə anlaşılır ki, seçicilər namizədləri heç də hər zaman xoş qarşılamırlar...
- Doğrudur, bəzən belə hallar olur. Amma insanlarla söhbət edib həqiqəti onlara olduğu kimi çatdıranda bu problem ortadan qalxır. Məsələn, bəzən elə seçicilər olub ki, ilk öncə mənə qarşı, "sən də əvvəlkilərdən fərqli olmayacaqsan..." kimi ifadələr işlətsələr də, sonradan mənim ən böyük təbliğatçılarıma çevriliblər. Çünki Azərbaycan vətəndaşları artıq ağı qaradan ayırmağı çox yaxşı bacarır. Doğrudur, zaman-zaman seçicilər öz səslərini 20-30 manata, hətta bir neçə kq ərzağa satmaqda ittiham olunurlar. Amma mən əminəm ki, 9 fevralda 25 saylı Nizami ikinci seçki dairəsində tamamilə fərqli mənzərənin şahidi olacağıq. Burada yaşayan seçiciləri artıq aldatmaq, yalan vədlərlə ələ almaq, müəyyən vəsait qarşılığında səsini satmağa məcbur etmək və s. bu kimi xoşagəlməz hallara sövq etmək mümkün olmayacaq. Müşahidələrim onu göstərir ki, artıq seçicilər hansısa məmurun deyil, məhz onların iradəsinə tabe olan və onların səsi ilə seçilən deputatlarının olmasını istəyirlər...
- Necə bilirsiniz, vətəndaşların arzuladıqları həmin deputat Siz ola biləcəksiniz?
- Mən ötən müsahibələrimin birində də bu suala cavab vermişdim. Bir daha bəyan edirəm ki, seçkilər demokratik keçirilərsə, Milli Məclis xalqın iradəsi ilə formalaşarsa, 25 saylı Nizami ikinci seçki dairəsinin seçicilərini parlamentdə təmsil etmək şərəfi məhz mənə qismət olacaq. Bu halda isə öz seçicilərimə şərəflə vəkillik edəcəyəm və növbəti 5 il ərzində hər zaman onların xidmətində dayanacağam.
- Prezident İlham Əliyev istər ötən ilin sonunda yerli telekanallara verdiyi müsahibədə, istər də bir neçə gün əvvəl Davosdakı çıxışında Azərbaycanda növbədənkənar parlament seçkisinin tam şəffaf keçiriləcəyini və Milli Məclisin xalqın iradəsi ilə formalaşacağını bəyan etdi. Bu haqda siz nə düşünürsünüz?
- Son vaxtlar Azərbaycanda ciddi siyasi və iqtisadi islahatların aparıldığı hər kəsə bəllidir. Bu islahatların isə məhz prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iradəsi çərçivəsində aparıldığına şübhə yoxdur. Əlbəttə, istər xaricdən, istər də daxildən bu iradəyə qarşı ciddi dirənişlər göstərildiyini də zaman-zaman müşahidə etməkdəyik. Amma hər zaman son söz cənab Əliyevin olduğundan, bu müqavimətlərin ciddi bir nəticəsi olmayıb, yekunda hər şey prezidentin iradəsinə uyğun şəkildə öz həllini tapıb.
Düşünürəm ki, parlament seçkisi zamanı da məlum qüvvələr tərəfindən bu prosesin demokratikliyinə kölgə salmaq cəhdləri olacaq. Necə ki, biz hətta seçki kampaniyasına start verildiyi ilk gündən bunun şahidi olmaqdayıq. Məsələn, parlamentdə fəaliyyətlərinin yararsız olmasına səs verən, Milli Məclisin buraxılmasına əl qaldıran deputatların böyük əksəriyyətinin yenidən seçkiyə qatılması bunun ən bariz nümunələrindəndir. Hansı ki, bu dirənişin arxasında vaxtilə özlərinə hansısa rəngli "kardinal" təxəllüsü taxmış şəxsin dayandığı haqda ciddi informasiyalar var. Xüsusən, yaşlı deputatların yenidən namizədliyini verməsinin, oliqarxlara "get, milyonlar xərclə, parlamentdə otur" göstərişinin arxasında da məlum zatın siyasi iradəsinin dayandığı iddia olunur. Hələ bir çox seçki dairələrinin rəhbərlərinin də vaxtilə onlar tərəfindən təyin olunan şəxslər olduğunu nəzərə alsaq, seçki prosesinə müdaxilə olunacağı istisna deyil. Amma mən inanıram ki, istər Prezident İlham Əliyevin, istər də Birinci vitse-prezident Mehriban Əliyevanın növbədənkənar parlament seçkisinin demokratik keçiriləcəyi ilə bağlı bəyanatları heç də boşuna səslənməyib. Və bu iradə ortada olduqca, heç bir kənar qüvvənin seçkinin nəticəsinə müdaxilə etmək cəhdi baş tutmayacaq. Odur ki, 9 fevral seçkisinin xalqın iradəsini özündə əks etdirəcəyinə inamım yüksəkdir.