27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İcra başçısının sənədli tikintisini sökdürdüyü Nizami rayon sakini Malik Ağayev ölkə başçısına müraciət ünvanladı: "Arif Qasımov başçısı mənə külli miqdarda maddi ziyan vurub, hələ üstəlik şikayətlərimə görə həbslə də hədələyir”
Nizami rayon sakini Malik Ağayev tərəfindən "Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
"Hörmətli Prezident!
Bildiyimiz kimi, dünyanın istənilən ölkəsində dövlət gerbi, dövlət himni və dövlət bayrağı ölkələrin ən dəyərli, müqəddəs atributları sayılır. Dövlət bayrağı önündə baş əyirlər, dövlət himni səslənəndə ayağa qalxıb farağat dayanırlar.
Lakin mən deyərdim ki, ən böyük atribut elə atributları da icad edən Allah-təalanın bəxş etdiyi gödək ömür payını yaşayan insandır. Amma təəssüflə də olsa qeyd olunmalıdır ki, insan övladı bir çox hallarda məşəqqətlərə, haqsızlığa və zorakılıqlara məruz qalır. Zati-aliləri, ölkə başçısı olaraq Siz xalqımızın rahat, firavan və əmin-arxayın yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Avropanın ən mütərəqqi yeniliklərini vətənimizə gətirir, uğurla tətbiq edirsiniz. Məmləkətimizin tərəqqisi, çiçəklənməsi naminə hər gün yeni bir uğura imza atırsınız. On beş illik prezidentliyiniz dövründə vətənimiz Azərbaycanda mübaliğəsiz demək mümkündür ki, yarım əsrə bərabər abadlıq-quruculuq işləri görülüb.
Tikilən çoxsaylı məktəblər, səhiyyə müəssisələri və digər sosial təyinatlı obyektlər insan qəlbini sanki riqqətə gətirir. Bu kimi xeyirxah işlərinizlə və əməllərinizlə öz adınızı qızıl hərflərlə Azərbaycan tarixinə yazaraq abidənizi ucaltmısınız. Ədalət naminə demək lazımdır ki, kadr siyasətinizdə də uğurlarınız danılmazdır. Lakin təyinatınızla kreslonuzda oturub nəcib siyasətinizə müqavimət göstərərək, ölkədə sosial gərginlik yaratmaq istəyən, narazıların sayını artırmaqla Sizinlə xalq arasında boşluq yaratmağa çalışan Nizami rayon İcra hakimiyyətinin başçısı kəmsavad Arif Qasımov kimi uğursuz kadrları da təəssüf hissi ilə də olsa qeyd etmək lazım gəlir.
Cənab Prezident!
Mən bir daha qeyd etməyi zəruri hesab edirəm ki, Nizami rayonunun R.Rüstəmov küçəsində yaşayıram. Qəpik-qəpik yığdığım və çox hissəsini də qohum-əqrəbadan borc aldığım pullar hesabına həyətimizdə özümə 21 kvadratmetr sahəni əhatə edən daşdan qeyri-yaşayış sahəsi inşa etdirmişdim, həm də texpasport və çıxarış almışdım.
Son aylar icra başçısı Arif Qasımov belə bir şaiyələr yaymağa başlamışdı ki, guya Leyla xanım Əliyevanın təşəbbüsü və layihəsi əsasında həyətimizdə mövcud olan bütün qarajlar götürüləcək, tikintilər söküləcək yerində abadlıq-quruculuq işləri aparılacaq. Arif Qasımovun bu təxribat xarakterli çıxışları mənə də, qonşularıma da təəccüb təsiri bəxş edirdi və inandırıcı görünmürdü. Hər şeydən öncə ona görə ki, Leyla xanım prezident övladı olaraq heç zaman insanlara maddi ziyan vurma bilməz . Mən və qonşularım baş alıb gedən dedi-qodu ilə əlaqədar deyilənlərə aydınlıq gətirmək üçün dəfələrlə Arif Qasımovla görüşmək üçün onun iş yerinə getmişik. Lakin o, nə məni, nə də qonşularımı bu günlərimizə qədər qəbul etmir. Nəhayət iyun ayının 19-da mənə xəbərdarlıq edilmədən və qiymətli əşyalarımı götürməyə möhlət verilmədən mənə məxsus qeyri yaşayış sahəsi sökülmüşdür. Mənə nə az, nə də çox, düz 35000 manat maddi ziyan vurulmuşdur.
İcra başçısının zorakılığını, rayon sakinləri ilə qeyri-insani davranışını görürsünüzmü? Arif Qasımov desin görək, onun bu qeyri-sivil hərəkəti hansı normativ akta, hüquq normalarına söykənir?
O, qeyri-yaşayış sahəmi sökməklə məni intihar həddinə çatdırmışdır. Soruşmaq lazım gəlir ki, bəs mənə dəymiş maddi ziyanı kim ödəyəcək, Arif Qasımov?
Hörmətli Prezident!
Siz keçirdiyiniz müşavirələrdə dəfələrlə özünüzü xalqın xidmətçisi elan etmisiniz. Amma əlinizlə çörək yeyən Arif Qasımov dolayısı yollarla özünü siyasi kursunuza qarşı qoyur, insanları üsyankarlığa sürükləyir.
Arif Qasımovdan soruşmaq istəyirəm: Niyə məni qəbul etmirsiniz?
Mənə vurduğunuz maddi ziyanı nə vaxt ödəyəcəksiniz?
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Arif müəllim vurduğunuz ziyanı ödəyənədək Sizinlə mübarizəm davam edəcək, fikirlərimi nüfuzlu saytlarda ictimailəşdirərək Sizi ifşa edəcəyəm!
Mənim bu şikayətimi xüsusi nəzarətə götürərək məsələnin dərindən araşdırılıb Sizə məlumat verilməsinə və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edirəm”.
Redaksiydan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.