BUNLARA DANIŞMAĞI QADAĞAN EDİN… – Yaxud “ağzına gələni” kim danışır?

BUNLARA DANIŞMAĞI QADAĞAN EDİN… – Yaxud “ağzına gələni” kim danışır?

 

Bugünlərdə "Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq” deyən müdafiə nazirimiz Zakir Həsənova, Ermənistanın müdafiə naziri kinayə ilə belə cavab vermişdi: "Qoy arzulasınlar, arzulamaq yaxşıdır…”

Deputat Qüdrət Həsənquliyev isə müsahibələrinin birində bu mövzuyla bağlı maraqlı bir mövqe sərgiləmişdi. Sitat: "Müdafiə nazirini öyrətmək lazımdır ki, hər zaman eyni sözü desin. Başqa açıqlama vermək ona qadağan olunmalıdır. Axırıncı müsahibəsində də dolayısı ilə Rusiyanı qıcıqlandıracaq bir açıqlama vermişdi (red: "Sizi müdafiə edənlər arxanızda dura bilməyəcək”)… Ümumiyyətlə, yaxşı olardı ki, bizim xarici işlər nazirinin özü də açıqlama verməsin. Elə mətbuat xidmətinin rəhbəri, Prezident Adminstrasiyasında müvafiq şöbə ilə razılaşdırılmış açıqlamalar versin. Bu halda bizim işlərimiz daha yaxşı olar…”

Q.Həsənquliyevin bu münasibəti təsadüfi deyil və bəlkə də bu, Azərbaycanın bəzi yüksək rütbəli məmurlarına, onların işinə, bacarığına, savadına verilən ən doğru qiymət və münasibətdir. Həmin sıraya keçmiş "Qaçqınkom” sədri, hazırda baş nazirin müavini postunu tutan Əli Həsənov da daxildir. Görün baş nazirin müavini nə deyir: "Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir… Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır…”

Adamdan soruşan lazımdır ki, görəsən əslində "ağzına gələni” kim danışır?

Bu qədər primitiv, savadsız və naşı bir açıqlamanı yalnız illər boyu başı yeyib-yağlanmağa qarışan, nəinki geopolitik anlayışı, təsəvvürü, doğru-düzgün məntiqi, heç olmasa ən azından dövlətin, onun başçısının mövqeyindən belə düz-əməlli xəbəri olmayan Azərbaycan məmuru verə bilər!

Birincisi, bu adama kim ixtiyar verib ki, ölkə başçısının adından danışır? Özü də belə primitiv və insanlarda qıcıq yaradan bir formada. İnanın ki, hansısa ucqar bir kənd məktəbinin ibtidai sinif müəllimi də bu mövzuda daha savadlı fikir yürüdər və bu cür kələ-kötür, bəsit danışmaz.

Bəli, inanırıq ki, Ordumuz bir günəmi, beş günəmi, bir ayamı, bir sözlə, qısa müddətə torpaqlarımızı işğaldan azad etmək qüdrətindədir. Ancaq bunu edə bilməməyimizin səbəbləri bəllidir. Bunun qan tökmək istəməməklə nə əlaqəsi ola bilər? Bütün dünya, aləm bilir ki, heç kim qanla aldığı torpağı qansız geri verməyəcək. Elə 25 ildir saqqız kimi uzanan və heç bir nəticə verməyən danışıqlar da bunun sübutu deyilmi?

"Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin..” Bunu ölkə Prezidenti deyib. Ancaq görünür, Əli Həsənovun bu açıqlamadan xəbəri yoxdur. Varsa da, mahiyyətini anlamır. Bu ifadə həm də onun təsdiqidir ki, erməni əsgərinin qanı tökülməsə və təəssüf ki, biz də itkilər verməsək, nə Ağdam, nə də başqa torpaqlar azad edilməyəcək.

"Geopolitik düha” olan Əli Həsənovun Paşinyanın hakimiyyətə gəlişi və ondan olan gözləntilərə dair sonrakı fikri də başqa bir aləmdir. Onun sözlərindən belə çıxır ki, Azərbaycanın ümidi Ermənistanda hakimiyyət dəyişikliyinə bağlı olub, ancaq heyf ki, Paşinyan da "fal çıxdı”. Bu "böyük diplomata” başa salan lazımdır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında təcavüzkar ölkənin kim tərəfindən idarə edilməsinə, hakimiyyətin hansı siyasi qüvvənin əlində olmasına dair heç bir bənd, müddəa yoxdur. Əksər iri məmurlardan daha çox ölkəsinə, xalqına xeyir verən adi çoban da başa düşür ki, Ermənistanda hakimiyyətdə kim də olsa, o torpaqları bizə xoşluqla qaytarmayacaq. Və heç bir erməni siyasətçi işğal olunan torpaqları danışıq yolu ilə azad edib, öz karyerasını və həyatını təhlükə altına qoymaz.

Ümumiyyətlə, axı nəinki xaricdə, elə Azərbaycanda da kimə maraqlıdır ki, Əli Həsənov Qarabağ məsələsi barədə nə düşünür? Adama deyərlər ki, sən Almaniyadakı biznesindən, yığdığın varidatdan, ya da harınlayıb camaatı tapdalayan nəvənin maşın kolleksiyasından danış. "Qaçqınkom” kimi qaçqın-köçkünün ümid, çörək yeri olaraq baxdığı qurumu korrupsiya yuvasına çevirən birinin Qarabağla bağlı danışmağa mənəvi haqqı varmı? Bunu biz demirik, dövlətin rəsmi qurumu olan Hesablama Palatası deyir ki, 2016-2017-ci illərdə, yəni hələ Əli Həsənovun 20 illik (!) sədrliyinin yoxlama aparılan təkcə bir ilində "Qaçqınkom”da böyük yeyintilər, pozuntular, hətta ölülərin adına yardımlar, müavinətlər yazılaraq, mənimsənilməsi faktları aşkarlanıb. Bununla bağlı materiallar isə Baş Prokurorluğa göndərilib. İndi görün digər 19 ildə nələr olub. Adama deyərlər ki, bundan danış, sənin Qarabağla nə işin var?

Onsuz da ya zəlzələdən, ya vəlvələdən, Azərbaycan vətəndaşının məmurlara, xüsusilə də Əli Həsənov kimi iri çaplılarına münasibəti "sıfırın altındadır”. Və belələrinin hər yersiz, mənasız, ucuz pafos və yalançı vətənpərvərlik şüarlarıyla dolu açıqlamaları həmin münasibəti daha da yerin dibinə soxur. Hələ bəzən bunlar "ali baş komandanın döyüş əmrini gözləyirik”, "ölümə hazırıq” və s. kimi "goplar” da danışırlar. Ancaq belələrinə döyüş əmri yox, sadəcə, ölkə, dövlət, hakimiyyət adından açıqlama verməyi qadağan edib, "sus” əmri vermək lazımdır!/AzPolitika.info/



Oxşar Xəbərlər

Xəbər lenti