Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Parlamentin nəzdində "beyin mərkəzi" funksiyasını yerinə yetirən araşdırma və təhlil mərkəzləri olmalıdır""Erkən parlament seçkilərinin səbəbini hakim partiya bir ana cümlə ilə belə arqumentləşdirdi ki, prezidentin islahatlarının sürətilə ayaqlaşa bilmirlər. Ciddi analitiklərdən kimsə bu arqumenti əsaslı saymır". Sozcu.info xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.Onun sözlərinə görə, hətta belə olsa da, cəmi 7-8 ay gözləmək problem deyildi: "Nəzərə alaq ki, həmin 7-8 ayın da ən azı 3-4 ayını parlament tətildə keçirəcəkdi. Yəni fəal qanunyaradıcı proses olmayacaqdı. Amma hətta istifadə olunan arqument əsaslıdırsa belə, burda bir neçə vacib məqamı diqqətdən qaçırmamaqda fayda var. Birincisi, parlamentin faydalı iş əmsalının aşağı olması təkcə üzvlərinin peşəkarlığı ilə bağlı olan məsələ deyil. Parlamentin nəzdində "beyin mərkəzi" funksiyasını yerinə yetirən araşdırma və təhlil mərkəzləri olmalıdır. Onlar əsasən sosial-iqtisadi və hüquqi araşdırma və analizlər aparıb deputatlara təqim etməlidirlər. Deputatlar həmin qurumlardan istədiyi analizləri almaq imkanına malik olmalıdırlar".İqtisadçı ekspert hesab edir ki, bir çox ölkələrdə ixtisaslaşmış büdcə ofisləri bunun bir nümunəsidir: "İkincisi, parlamentin səlahiyyətləri, xüsusilə də icra hakimiyyəti üzərində nəzarət, ondan hesabat tələb etmək səlahiyyətləri çox geniş olmalıdır. Məsələn, bizim Konstitusiyanın 95-ci maddəsinə görə, büdcənin icrasına nəzarət bilavasitə parlamentin səlahiyyətinə aid məsələdir. Amma təkcə büdcə iscrasına dair son illər hər il may-iyun aylarında Milli Məclisin plenar iclaslarının stenoqramlarına baxmaq kifayətdir ki, bu nəzarətin nə qədər formal olduğu aydın görünsün. Parlament büdcə layihəsinin müzakirəsi zamanı büdcədən vəsait istəyən hər bir nazirdən (yaxud başqa təsisatın rəhbərindən) bu vəsaiti niyə istədiyini, onun xərclənməsindən cəmiyyətin hansı faydanı götürəcəyin sormaq səlahiyyətinə malik olmalıdır. 1 il sonra həmin büdcə icrasına dair hesabatda da hər kəsi belə sorğulamaq, 1 il öncə onların sərəncamına verdikrləri büdcədən cəmiyyətin nələr qazandığını sormaq imkanı əldə etməlidir". İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini bildirib ki, parlament istisnasız olaraq, hətta hərbi xərclər də daxil, büdcə vəsaitlərinin hər qəpiyinin hesabını sora, onların hansı proqramlara və layihələrə yönəldiyinin hesabını tələb edə bilməlidir: "Yeri gəlmişkən, BVF-nin "Parlamentin büdcə səlahiyyətləri indeksi"ni hazırlamaq təcrübəsi var. Həmin indeksin müəyyən edilməsi üçün istifadə olunan meyarlar sırasında parlamentin büdcə layihəsini dəyişdirmək səlahiyyətinin olması, büdcənin parlament müzakirələrinin müddəti, büdcəni tədqiq etmək üçün parlamentə təqdim olunan texniki dəstəyin miqyası kimi məsələr də var. Üçüncüsü, parlament hökumət deyil ki, orda texnokrat-peşəkar kadrlar üstünlük təşkil etsin. Orada siyasətçilər, regional rəy liderləri, ictimai rəy və düşüncə liderləri üstünlük təşkil etməlidir. Yuxarıda dediyim peşəkar analitik mərkəzlər olandan sonra parlament üzvləri onların xidmətindən yararlanacaqlar".