8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Uzun illərdir gözləyirəm ki, Azərbaycan hökuməti bir gün "Əksmərkəzləşmə Strategiyası" elan edərək sovetdən qalma yerli və regional idarəçiliyin çərçivələrini kökündən dağıdacaq"
"Cəmi 6 ay sonra Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Amma köhnə bələdiyyə sistemi ilə yeni seçkilərə getmək izafi resurs və zaman itkisidir".Sozcu.info xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Ekspertin fikrincə, real islahatlara, dayanıqlı iqtisadi inkişafa marağı olan hökumətin gündəliyinin ən yuxarı hissəsində yerli idarəetmə, ilk növbədə bələdiyyə islahatları da olmalıdır: "Normal düşüncəyə görə hökumət ciddi narahatlıq keçirməliydi ki, artıq 20 yaşı olan Azərbaycan bələdiyyələri indiki səlahiyyətləri, reputasiyası və vətəndaşa xidmət potensialı ilə kimə lazımdır, cəmiyyət onlardan nə fayda götürür? Bəlkə yaxşı bir təftiş aparaq, onları cəmiyyətin faydalana biləcəyi effektiv bir instituta çevirək. Axı 20 il keçib. Ötən zaman təkcə insanların, bütöv bir nəslin ömründən getmir, ölkənin kisəsindən gedir. Böyür-başımızda, bizimlə eyni siyasi sistemdən çıxmış ölkələr elektromobil istehsal etməyə başlayır, yeni sənaye və texnologiya inqilabının bir parçası olmaq üçün planlar qurur, dünyada internetin inkişafına görə liderə çevrilir, biz hələ də 19-cu əsr tipli yerli idarəçilikdən az da olsa narahatlıq keçirmirik".
Rövşən Ağayevin sözlərinə görə, məmurların böyük çoxluğu tələsməyə bilər, çünki onlar rahat yaşayışlarını təmin ediblər: "Köhnə sistemdə daha rahatdırlar, yeni idarəçilikdə belə söz sahibi və hökmran güc ola bilməyəcəklər. Amma insanlarımızın belə lüksü yoxdu. Onlar övladlarına inkişaf edən ölkə miras qoyub getməyə borcludurlar. Avropanı bir kənara qoyuram, qulağımızın dibində Gürcüstan və Ermənistanda bələdiyyə institutunun gücünə, nüfuzuna baxın. Bələdiyyələr yalnız vətəndaşlara keyfiyyətli yerli xidmət göstərmək üçün lazım deyil. Bu qurumlar ölkədə demokratiyanın, vətəndaş iştirakçılığının, siyasi partiyaların inkişafı və onlar arasında rəqabətin formalaşması, yeni siyasi liderlərin formalaşması baxımından çox vacib və strateji funksiyalara malikdirlər. Əksmərkəzləşmə ölkədə iqtisadi resursların ədalətli və balansı bölgüsü, hakimiyyət bölgüsü, ortaq ağlın səmərəli istifadəsi baxımından əvəzsiz mexanizmdir. Uzun illərdir gözləyirəm ki, Azərbaycan hökuməti bir gün "Əksmərkəzləşmə Strategiyası" elan edərək sovetdən qalma yerli və regional idarəçiliyin çərçivələrini kökündən dağıdacaq. Amma bu baş vermədi".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini hesab edir ki, müxalif siyasi institutların da bələdiyyə islahatları ilə bağlı çağırışları, onların əhəmiyyəti barədə maarifləndirici fəaliyyəti çox zəifdir: "Biz bələdiyyələrin "torpaq satan" imicini dağıtmalıyıq. İnandırmalıyıq ki, sizin indi gördüyünüz bələdiyyə deyil. Gerçək bələdiyyə haqqında onların təsəvvürlərini formalaşdırmalıyıq. Çox yaxşı bir söz var: yalanın onsuz da kökü olmur, birillik alaq otları qədər ömrü var. Həqiqətin isə yetər ki, toxumlarını beyinlərə səpmək mümkün olsun. Arxası özü gələcək. Ən maraqlısı odur ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli demokratiyaya dair sonuncu monitorinqini 7 il əvvəl keçirib. Böyük bir tövsiyə paketi təqdim edib. O gedən gedib, bir də arxasına baxmayıb, tövsiyələrinin taleyini soruşmayıb..."