Keçmiş nazir müavini Ramiz Mirzəyevin ailəsində müəmmalı ölümlər, üstü açılmayan qətllər

 

Energetika nazirinin keçmiş müavini, "Azneftyağ” İstehsalat Birliyinin keçmiş baş direktoru və AFFA prezidenti olmuş mərhum Ramiz Mirzəyevin bacısı ilə yeznəsinin ötən il baş vermiş müəmmalı qətlinin üstü hələ də açılmamış qalır. Qətlin üstündən il yarımdan çox vaxt keçdiyi bir vaxtda qətlə yetirilənlərin övladı istintaqın işindən narazıdır. Deyir ki, həmin qətlə görə öz qohumlarından şübhələnir və onların adlarını istintaqa verib. Amma istintaq bu şəxsləri çağırıb dindirməyib.

Xatırladaq ki, Ramiz Mirzəyevin bacısı Pakizə və onun həyat yoldaşı Fərman Məmmədov 2018-ci il fevralın sonlarında Tovuzda yaşadıqları evdə qətlə yetirilmişdi. Qətldən sonra evə od vurulmuşdu. Bu səs-küylü qətl hadisəsinin istintaqını Baş prokurorluq xüsusi nəzarətə götürüb, istintaqı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Amma qatil, yaxud qatillər hələ tapılmayıb.

Mərhumların övladı Qoca Məmmədov "Qafqazinfo”-ya deyib ki, bu qətlə görə öz qohumlarından şübhələnir. Amma həmin qohumlarının adını açıqlamayıb, təkcə onu deyib ki, şübhələndiyi şəxslərin adlarını istintaqa verib.

Bəs keçmiş nazir müavininin bacısını və yeznəsini hansı qohumları öldürə bilərdi? Bu cinayəti törətmək üçün motivlər nədən ibarət olub?

Virtualaz.org Qoca Məmmədovla əlaqə saxlayıb, onun dediyinə görə, bu işlə bağlı müxtəlif şəxsləri istintaqa cəlb ediblər, cinayəti onların üstünə yıxmağa çalışıblar: "İnanırsınızmı, rayonda dindirilməyən adam qalmayıb. Hətta Tofiq adlı Gəncə şəhər sakini bu işlə bağlı o vaxt dindiriləndə özünü Tovuz rayon polis şöbəsinin binasının üçüncü mərtəbəsindən yerə atmışdı. Həmin şəxs narkotik istifadəçisi idi. Onu döymüşdülər, istəyirdilər ki, qətli boynuna qoysunlar. O da dözməyib özünü yerə atmışdı. Bunu rayonda bilməyən adam yoxdur. Təkcə Tofiq deyil, neçə-neçə adamlara təzyiq göstəriblər, valideynlərimin qətlini onların boyunlarına qoymaq istəyiblər”.

Q.Məmmədov deyir ki, istintaq ucdantutma hamını - narkotik aludəçilərini, işə heç bir dəxli olmayan adamları, hətta 90 yaşlı ata qohumlarını belə dindirib, onların ifadələrini alıb, amma bu günə kimi ortada heç nə yoxdur.

İlk gündən yaxın qohumlarından şübhələndiklərini istintaqa bildirsələr də, bununla bağlı iş aparılmayıb: "Onların adını dəfələrlə istintaqa versək də, həmin adamları dindirmirlər. Ata-anam öldürülməmişdən əvvəl bir dayımın oğlu Orxan qəzada (O.Mirzəyev 2017-ci ildə Hacıqabulda "Toyota Land Cruiser” markalı avtomobillə qəzaya düşüb –red.) öldü, ondan bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar (Ötən il fevralın 14-də Sabirabadın Həşimxanlı kəndində "Jeep” markalı minik avtomobili ilə su kanalına aşıb –red.) qəzaya düşüb öldü. Anarın yeddisi çıxan günün səhəri isə anamla atam öldürüldü. Ramiz Mirzəyevin ailəsi dayım oğlanlarının ölümündə anamı günahlandırırdı, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub”.

Q.Məmmədov deyir ki, qətl tamah məqsədilə törədilməyib, çünki evdən hansısa zinət əşyası, pul götürülməyib, seyfə belə əl vurulmayıb. Bu da onu deməyə əsas verir ki, məqsəd ancaq valideynlərini öldürmək olub: "Bu işin açılmasını istəməyənlər var, həmin şəxslər hüquq-mühafizə orqanlarında çalışırlar. Onlar  ruhi xəstə olan xalam oğlunu qabağa verdilər ki, guya qətli o törədib. Sonra da mətbuata məlumat ötürdülər ki, bəs qatil tutulub. Amma xalam oğlu psixi müalicəyə göndərildi. Sonra məlum oldu ki, xalam oğlu bunu etiraf etmədən əvvəl həmin qohumlarla telefonla danışıb”.

Q.Məmmədovun dediklərinə görə, dayısı Ramiz Mirzəyevlə münasibətləri, gediş-gəlişləri heç vaxt olmayıb. Toyda, yaxud yas məclislərində rastlaşıblar, hətta uşaqlar belə bir-birlərini tanımayıb.

"Anar öləndə yasa qorxa-qorxa getmişdik. Çünki dayımla  münasibətlərimiz mən anadan olmadan əvvəl pozulub. Buna səbəb isə anamın ikincı dəfə ailə qurması olub. Ədavət ən çox buradan qaynaqlanıb. Heç vaxt dayım Ramiz Mirzəyevlə  gediş- gəlişimiz, əlaqəmiz olmayıb. Hətta anamla dayımın torpaq mübahisəsi də var idi. O mübahisə də məhkəmə yolu ilə həll edilmişdi”,-Q.Məmmədov deyib.

Lakin o, Tovuzda baş vermiş qətllərə görə məhz hansı qohumlarından şübhələndiklərini açıqlamayıb. Deyib ki, bu haqda istintaq orqanlarına yazılı bildirib, həmin adamların kimliyini göstərib, amma mətbuata açıqlamaq istəmir.

"Şübhələndiyim adamların adlarını istintaq orqanlarına demişəm, yazmışam. Bəs niyə çağırıb dindirməyiblər, araşdırmayıblar?”,-o deyir.



Oxşar Xəbərlər

Xəbər lenti