8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq məhkəmə sədri Firudin Ələkbərovu güllələyərək qətlə yetirən Şəmiyev Əli Məhərrəm oğlu haqqında yeni məlumatlar əldə etmişik.
Redaksiyamıza daxil olan məlumata görə, Tovuz rayonunda "Göl Əli” ləqəbi ilə tanınan 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu sabiq nazir müavini Arif Əsgərov və Tovuz rayon icra hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalovla qudadır. Belə ki, sabiq nazir müavini Arif Əsgərovun böyük oğlu Elnar Əsgərov və Tovuz rayon icra hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov Əli Şəmiyevin qızları ilə evləniblər. Tofiq Zeynalovala qudalıq Əli Şəmiyevin Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovla qohumluq əlaqələri ilə birləşdirir. Məlum olduğu kimi Tovuz rayon icra hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov general Ramiz Zeynalovun qardaşıdır. Yəni, sabiq məhkəmə sədri Firudin Ələkbərovu güllələyərək qətlə yetirən Əli Şəmiyev general Ramiz Zeynalovun qardaşı oğlunun qaynatasıdır.
Qohumluq əlaqələrindən başqa Əli Şəmiyevin Tofiq Zeynalov və Arif Əsgərovla ortaq biznesinin olması haqqında məlumatlar var. Məsələn, Tovuz rayonunda, Zəyəm çayının üzərindəki inşa edilmiş süni gölün ərazsindəki istirahət mərkəzinin Tofiq Zeynalov, Arif Əsgərov və Əli Şəmiyevin birgə obyekti olması haqqında iddialar da var.
Firudin Ələkbərovun qətlə yetirilməsinin səbəbi isə mərhumla Əli Şəmiyev arasında münaqişənin olması göstərilir. Məlumatalara görə, münaqişəyə səbəb Firuddin Ələkbərovun Əli Şəmiyevin obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etməsi səbəb olub. Bu şikayətlər isə Firuddin Ələkbərovla Əli Şəmiyev arasında münasibətləri kəskinləşdirib və sonda bu qətlin baş verməsinə gətirib çıxarıb. Tovuz rayonundan aldığımız bilgiyə görə, mərhum Firuddin Ələkbərovun guya Əli Şəmiyevdən hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı məlumatın heç bir əsası yoxdur və qətlin motivini yüngüləşdirməyə xidmət edir. Mövzunu diqqətdə saxlamağa çalışacağıq və adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti