8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan” "Youtube” kanalına müsahibəsində yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istənildiyini iddia edib.
O, müsahibəsində qeyd edib ki, Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda olub. Tovuz polisi Z.Rzayevdən qatili tapmaları üçün kömək istəyib: "Məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır”.
Bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sonxeber.az-a bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirəddən niyə kömək istəməlidir ki: "Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb”.
Sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat”a istintaq işlərində falçı və ekstrasenslərin xidmətlərindən istifadə praktikasının yox səviyyəsində olduğunu deyib:
"Sovet dövründə falçıları, ektrasensləri qəbul etmirdilər, onların xidmətlərindən də istifadə eləmirdilər. Bundan söhbət belə gedə bilməzdi. Bilinsəydi ki, kimsə falçıya, ekstrasensə gedib, cəzalandırırdılar. Yəni cinayət işlərinin açılmasında falçılardan, ekstrasenslərdən, onların xidmətlərindən istifadə praktikası yox idi, ola da bilməzdi. Elə bu günün özündə də falçıların, ekstrasenslərin xidmətlərindən istifadə qəbul olunmur”.
Mahmud Hacıyev deyir ki, bəzi ölkələrdə açılmayan cinayət işlərində, axtarış işlərində falçı və ekstrasenslərin xidmətlərindən istifadə məsələsinə yol verilir: "Hansı cinayət işi açılmırsa, həmin cinayət işində məxfi əməliyyat-axtarış işi açılır. Ora həmin hadisə ilə əlaqəli ola biləcək məlumatlar toplanır və bu, illərlə davam edir. Bir də itkin düşənlərlə bağlı axtarış işi açılır. Belə işlərlə bağlı falçılara, ekstrasenslərə meyllənmək qeyri-peşəkarlıqdır. Əməliyyatçı, istintaqçı özünün bilik və bacarığına, peşəkarlığına, intellektinə daha çox meyllənməlidir. Rusiyada televiziya verilişlərində ekstrasenslərə vətəndaşlar müraciət edir və bu müraciətlərlə bağlı verilişlər nümayiş olunur. Mümkündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da bu cür verilişlərlə qeyri-leqal formada maraqlansınlar. Haradasa özünün iş yerində rəhbərlik duyuq düşmədən maraqlanır ki, bəlkə nəsə bir ipucu ələ keçirə bildi, çox əhəmiyyətsiz görünən bir məlumat ala bildi düşüncəsi ilə maraqlanır. Belə işlər olub ki, haradasa ekstrasens düz informasiya verib. Əlbəttə ki, biz ekstrasenslərin dedikləri məlumatların yüzə-yüz düzgün olduğunu iddia eləmirik. Hərdən bir belə olur ki, ekstrasens doğru bir ipucu verir, informasiyanı ortaya qoyur. Müəyyən məqamlarda belə məlumatlar da istiqamət götürməyə imkan verir”.
Mahmud Hacıyev bolqar görücü, iki gözünün nurunu itirmiş Vanqanın proqnozlarına diqqət çəkir: "Onun proqnozlarının əksəriyyəti düz olur və bu məqamın özü onu deməyə əsas verir ki, haradasa belə məlumatlarla da maraqlanmaq olar. Amma peşəkar istintaqçı, əməliyyatçı belə məlumatları əsas götürüb araşdırma aparırsa, bu, qeyri-peşəkarlıq, öz işinə səhlənkar yanaşmadan başqa bir şey deyil”.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.