Dünyaya gəlməyə tələsən şairin Vətən və yurd ağrılarının dastanı


 

Məmməd Əfşanı Azərbaycana tanıtmağa ehtiyac yoxdur. Bu imza ilə yazılan nə varsa - şeir, hekayə, felyeton, povest, roman, pyes, publisistik əsərlər  - həmişə çoxsaylı oxucuları tərəfindən maraqla və rəğbətlə  qarşılanır. Bu da təsadüfi deyil. M.Əfşan böyük vətəndaş, şair-yazardı. Vətənin hər qara daşını, hər qarış torpağını dünyanın zər-zibasına dəyişməyən qeyrətli vətən oğlu, yurdunu, millətini və dövlətini candan-ürəkdən sevən qələm sahibi olmaqla yanaşı, həm də müasir Azərbaycan ədəbi mühitində öz yazı manerası, forma və məzmunu, orjinal dili-üslubu ilə tanınan və hər yerdə ədaləti, düzlüyü özünə dost-yoldaş bilən, xəyanəti, mənəviyyatsızlığı, yaltaqlığı, məddahlığı həndəvərinə buraxmayan, cəmiyyətimizdə nəzərə çarpan əyər-əskiklikləri cəsarətlə tənqid edən satirik şairdir. Bunlarla bərabər özü də qeyrətli, ləyaqətli və mərd kişilərdəndi. 

Mən onu uzun illər beləcə tanımışam, görmüşəm, daxili dünyasının hər döngə-dönəmini  duymuşam və hər şeydən öncə Məmməd Əfşanın kişilik, mərdlik, mübarizlik, ləyaqət, qeyrət, insanpərvərlik və vətənsevərlik təcəssüm etdirən qayəsini duyduğuma görə çoxsaylı oxucularından birinə çevrilmişəm. 

Nədir şairi mənə sevdirən? Kişilik, mərdlik, qeyrət, ləyaqət və sair mənəvi və milli dəyər anlamını ədəbi mühitimizə gətirməsi. Habelə yaratdığı müsbət obrazları özünün keşməkeşli həyatı ilə həmahəng səsləndirməsi! Oxucu bütün əsərlərində yazıçı-şairin özünü görür və duyur. O, qəlbinin istək və arzularını yaratdıqları mərdlik, kişilik obrazlarında təcəssüm etdirir. Daxili milli ruhunu obrazların qanına-iliyinə yeridir. Şair-yazıçının çoxşaxəli və biramallı obrazlar qalareyasında Məmməd Əfşan kişiliyini, mərədliyini, sözübütövlüyünü və s. insani keyfiyyətlərini arayıb axtarır, onun oxucusu. 

Mən də bir yazar və hər şeydən öncə Məmməd Əfşanın bədii söz və fikir dünyasının həssas oxucusu kimi, qocaman - 81 yaşını arxaya atmış peşəkar qələm sahibini düz əlli ildir tanıyıram və onun yaratdığı çoxsaylı əsərləri - şeirləri, povestləri, romanları yazı masamı zənginləşdirir. Lakin dostumun və ağsaqqalımın qələmindən çıxıb, işıq üzü görən hər bir əsəri  mənim könül sirdaşım, yol yoldaşım olub. Sevinirəm ki, Məmməd Əfşanın çoxsaylı əsərlərinin redaktorları - Akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Azad Nəbiyev, professor Şirməmməd Hüseynov, professor İlham Rəhimov, professor Museyib Museyibov, professor Əsədulla Qurbanov, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayev, satirik yazıçı Polad Qasımov və qeyri elm və sənət sahibləri arasında mənim də adım var. Neçə il bundan əvvəl şairin şeirlər toplusu olan «Dünya mənim dünyam deyil» kitabının redaktoru olmuşam. 

Onda bu toplunu əlimə alanda kitaba verilən ad məni açmadı. Öz-özümə dedim: «Məmməd Əfşan, bu nə addır kitabına veribsən? Bilmirsən ki, dünya oğruların, tülüngülərin, biclərin, giclərin, talançıların, yalançıların… dünyası deyil. Biz sənət adamlarının dünyasıdır».

Amma kitabı büsbütün oxuyandan sonra gördüm ki, yanılmışam. Sən demə, şair haqlıymış. İndi dünya, yalançıların, talançıların, oğruların, cibkəsənlərin, əlgüdənlərin, yaltaqların, məddahların … dünyası imiş. 

Şair kitabına adını verdiyi bir şeirində deyir:

 

Mən dünyanı sevib gəldim, 

Sevgim oldu mənim dərdim. 

Sevə-sevə baxıb gördüm, 

Dünya, mənim dünyam deyil. 

 

İndi dünyamız doğrudan da belədir. Onu yaxından tanıyan şair müasir dünyanı onun ağır tale yükünü çəkənlərin deyil, dünyanın yükünü qəsdən əyib tökənlərindir. Şairin tanıyıb bildiyi, hər addımı xəyanət, rəzalətlə dolu olan dünya çox qarışdırılıb, xəyanət və şər yuvasına çevrilib, səsi ölüm, nəfəsi qan  qoxuyur. 

Məmməd Əfşan ömrü boyu bu dünyadan uzaq qaçıb. Zaman, dövr onu hər vaxt əyməyə, sındırmağa, özünə tabe etməyə çalışıb. Lakin o, əyilməyib, sınmayıb. Şair bəzən polad kimi sərt, pilə kimi yumşaq, almaz kimi möhkəm, şüşə kimi kövrək olan iç dünyasında yaşayır. Yalanı, hiylə-kələyi, məddahlığı, yaltaqlığı, bu pak dünyanın həndəvərinə buraxmır. Şair öz dünyasının sevinci- kədəri, qayğısı-qəhəri, xeyri-şəri, ağrısı-acısı ilə birgə yaşayır, yazıb-yaradır…

…Tale elə gətirdi ki, şairin «Elm və zəka» nəşriyyatı tərəfindən çapa hazırlanan «Dünya gəlməyə ömür tələsidi» şeirlər kitabının redaktoru olmağı  mənə məsləhət gördülər və öz razılığımı bildirdim. Əvvəla, bir redaktor kimi yox, xətrini dünyalarca istədiyim qələm dostumun həmin kitabda gedən şeirlərini dönə-dönə oxudum. «Nə böyük dərd imiş şair yaranmaq» deyən Səməd Vurğunu Məmməd Əfşan başqa bir formada təkrarlayır. Və şair öz dərdini başqa dərddaşlarla bölüşdürür. Ona görə kitabın ikinci adı «Yurd ağrılı dostlara məktublar» adlanır. Həmin şəxslər də ürəklərində illərdir Vətən həsrəti, yurd ağrısı gəzdirirlər. 

Şair Ana yurdun qarı düşmənlər tərəfindən zaman-zaman pay-puş, təbii zənginliklərinin talan edilməsini, illərdir düşmən tapdağında qalan xaraba yurd yerlərinin ağrılarını bölüşməyə həmdərd axtarır. Gah üzünü klassik şairimiz Qasım Bəy Zakirə, gah zəmanəmizin ünlü şairi Məmməd Araza tutaraq, onlardan kömək istəyir. Gah da «Özündən yuxarı Allahın özü, Allahdan aşağı dayanan şair» Yaradana yön çevirib «Qul xatasız olmaz, ağa kərəmsiz» deyərək, Vətəndən perikdirilmiş qullarını bağışlamağı xahiş edir, Yaradana yalvarır. 

Kitabda müraciət edilənlər kimlərdir? Azərbaycan sevgisini özlərinin əbədi solub-saralmaz eşqi bilən, elə sevə-sevə də dünyadan nakam köçən və bu fani dünyanın zibillikləri arasında pak Azərbaycan məhəbbətini təmiz və əziz saxlayan dost ulular və ünlülər - Qasım Bəy Zakir, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Osman Sarıvəlli, Məmməd Araz, Məmməd İsmayıl, Məmməd Kazım, Ramiz Məmmədzadə, Şaiq Vəli, Dəvriş Vəli, Barat Vüsal, Hidayət Elvüsal, Aşıq Kamandar, Aşıq Ədalət və qeyri onlarca Vətən, yurd və millət aşiqləri. Şair Vətən və yurd ağrılarını onlarla bölüşür. Əslində bu şəxsiyyətlər Məmməd Əfşanın «simvolikalaridir». Şair ağrılarını bölməyə onları «dərddaş» edib. İllərdir ürəyini parçalayan beynini yoran dərdləri Məmməd Əfşarın böyük Vətən və yurd ağrılarıdır. O, cənnət Qarabağın azğın erməni vandalları tərəfindən daşının daş üstə qoyulmamasına, Qarabağın qədim və köklü əhalisinin yurddan didərgin salınmasına, Azərbaycanın tarixi qalalarının üstündə erməni bayrağının dalğalanmasına dözmür, üzünü Qarabağın ünlü şairi Q.B.Zakirə tutub deyir:

 

Kəsilib yolları dağla, aranın, 

Yoxdu «Turş su» üstə əhval soranın,

Baban tikdirdiyi  xan Əsgəranın, 

Üstünə sancıbdır erməni bayraq. 

 

Bu hələ harasıdır?! Erməni vandalları, yurdsuzları - qədim Oğuz yurdunun   toponomikasını - dağların, meşələrin, bulaqların, şəhərlərin, kəndlərin adlarını erməniləşdirir. Kəlbəcəri Karnozor, Şuşanı - Şuşi eləyir. Xocalını, Ağdamı tarixdən silirlər. Bizlər isə qeyrəti qarına dəyişib. Vətən və millət təəssübkeşliyini vara-dövlətə, pula-sərvətə çevirib, yurd adlarını çayxanalara, toyxanalara,kafe-barlara, restoranlara verib nəf qazanırıq. Budur şairi sızladıb-göynədən, yandırıb-yaxan. Bu sızıltını «Məmməd Araza məktub»da daha real və dəqiq vermişdi, şair:

 

Bu dərdlər sənintək əsdirir məni, 

Taledən, Tarıdan küsdürür məni…  deyir. 

 

Şair yurd ağrılarını «Qaçqın Səbinəyə» məktubunda daha ağrı-acılı demişdir. Səbinənin yurd ağrıları böyükdür. O, düşmən əli ilə yandırılıb, talan edilən doğma yurd-yuvasından ayrılıb, ona yad bir məkana sığınıb. Orada hər gün sevinc əvəzinə qəm yeyə-yeyə, qaçqın ömrünün kədərli günlərini, aylarını, illərini çözələyə-çözələyə yurda qayıdacağı günü gözləyir. Şair də onun kimi yurd həsrəti ilə yaşayır. Şair də yurdu dağılan, eli qaçqına, köçkünə dönən minlərin, yüz minlərin biridir. 

 

Mənim də sənintək odum-ocağım,

Doğma yurdum-yuvam dağılıb, orda. 

O vaxtdan başlanıb qəriblik çağım, 

O vaxtdan başıma qar yağır, burda.

 

Məmməd Əfşan Azərbaycan vurğunudur. Bu kitabda o Azərbaycanı bir xəritə kimi açır göz önündə, Ağdamın, Şuşanın gözəl çağlarını, Laçının, Kəlbəcərin silsilə dağlarını, Zəngilanın, Qubadlının büllur bulaqlarını, Cəbrayılın, Füzulinin bülbüllü bağlarını, Qaxın, Qəbələnin gül-çiçəkli yaylaqlarını, ceyran-cüyür oylaqlarını xəyalən gəzib-dolaşır, ürək bulandırıb, könül güldürən nəyi var, oxucularına gözəl bir dillə təsvir edir:

 

 

Köçümüz yollarda hey axın-axın, 

Bu necə həyatdır? Bu necə gündü?

Sözü bu dünyaya sığmayan xalqın, 

Özü çadırlara sığınıb, indii

 

Bəli, minlərlə Səbinələr, Gülgəzlər, Leylalar, Lalələr… intizar içində   illərdir doğma Vətənə, ana yurda qayıdacaqları günü gözləyirlər.  Dünənki qızlar ana, oğlanlar ata oldular. Amma, gözlənilən gün hələ qayıtmayıb. Şair bu gözləməni «Səbr daşım - yol, yoldaşım»a çevirib cibində gəzdirir. Hər dəfə basılmış Vətən, dağılmış yur-yuva yadına düşəndə həmin daşı ovcunda ovkələyər, ovur və ova-ova özü də ovunur. İllər ötür, şairin cibindəki səbir daşı ovulub qum olur, yumşalıb mum olur. Amma, nə gedənlər geri qaytarılıb, nə də yurd işğaldan azad olunub. «Qeyrəti qarına qurban verənlər» isə, erməni vandallarının tapdağına döndərilən doğma yerlərin adları ilə bazar-dükan açıb, Şuşanı, İsa bulağını, Laçını, Kəlbəcəri, Həkərini, Bərgüşadı və digər doğma yerləri - dağları, çayları, düzləri, kəndləri, şəhərləri… Bakıda, Gəncədə, Şəkidə… çayxanaya, toyxanaya, kafe-bara, bərbəzəkli restoranlara… döndərərək nəf yerinə çeviriblər. Bir də bunlardır şairi ağrıdan, göynədən.

Məmməd Əfşanın bir sızıltısı, ürək ağrısı da doğma yurdu Əskiparadır. Həmin Əskipara da o ağır illərdə xəyanətin qurbanı olub, otuz ildir, gözləri yol gözləyir. Bu ağrı-acıları şair dostu Barat Vüsala və qardaşı Səhrəd Məmmədova ünvanladığı məktublarda daha qabarıq verir:

 

Coğaz-çaydan axan su, ürəyimin yağışıdır,

Yediyim-içdiyim də zəhər-mardır, ağıdır,

«Sur» deyə, çalınan ney Xançobanın ahıdır, 

Hayqırır: «Yad əllərdə, neçə Saralar qalıb,

Gedənlərdən canımda min-min yaralar qalıb.

 

və yaxud Əskiparanın sinəsinə söykəndiyi «Qazançı dağına» həsr etdiyi şeirdə şair uzaqdan «Qazançı» dağına baxaraq deyir:

 

Dayanmışıq: - Qənşərdə mən, öndə sən, 

Yaylaq həmən, ovlaq həmən, dağ həmən. 

Dərd ələnir, qəm sellənir gözümdən, 

Baxa-baxa Qazançının dağına

 

Qəm mülkündə dərd sinəmə söykəndi, 

Görəmmədim, o obanı, o kəndi, 

Daha mənim ömrüm-günüm tükəndi, 

Baxa-baxa Qazançının dağına. 

 

Bu sətirləri oxuyanda Məmməd Əfşanın yurd ağrısı, Vətən nisgili bizi də yandırıb-yaxır. Yurd həsrətli, Vətən nisgilli bizlər özünü istər-istəməz Məmməd Əfşan alovuna qarışdırıq. Bu da təbiidir. Vətən təəssübünü çəkən hər bir Vətən oğlu elə-belə də olmalıdır. 

Bir sözlə, «Dünyaya gəlməyə ömür tələsdi» şeirlər kitabını həyəcansız oxumaq mümkün deyil. Bu da onu göstərir ki, qocaman söz ustası, kitabda gedən hər bir şeiri adi qələmlə yox, ürəyinin, damarının qanı ilə yazıb. Vərəqlərə hopan isə onun böyük Vətən, millət və yurd sevgisinin Əbədiyyətə qalan izləridir. Məhz buna görə də tam məsuliyyətlə bir daha deyirəm:  «Məmməd Əfşan böyük Vətən və yurd ağrısını ömrüboyu ürəyində daşıyan  şairdir. Əslində bunu mən yox, «Dünyaya gəlməyə ömür tələsdi» kitabındakı şeirlər deyir. 

Sözümün axırında üzümü şair  dostuma tutub, inamla deyirəm: 

- Kədərlənmə, Məmməd Əfşan. Buynuzsuz qoçün qisası buynuzlu qoçda qalmadığı kimi, bizim qisasımız da qarı düşəmndə qalmayacaq.  

İndi qisas günü yaxından da yaxındır. Biz bunu bacaracağıq! Bunu doğma xalqımıza Milli Dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti və bir də Azərbaycan millətinin Böyük Qələbəyə sonsuz inamı deyir. Qeyrətli Vətən oğulları itirilən torpaqlarımızı və həm də Qədim Oğuz yurdunun indi  Hayestan olan hər qarışını özümüzə qaytaracaqlar. Siz buna əmin olun, əziz dost!  

 

VƏLİ XRAMÇAYLI, 

şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Oxşar Xəbərlər

Xəbər lenti