''Bəzən ARB-də münsiflər heyətinin dəyərləndirmələrində elə şeylər eşidirəm ki, xoş olmur'' - ''Xalqın şairi'' Xəlil Adıgözəl - MÜSAHİBƏ

 

Xəlil Adıgözəl – bu adı bir müddət əvvəl "ARB” televiziyasında yayımlanan "Xalqın şairi” layihəsində iştirakına kimi yaxın dostlarından, qələm yoldaşlarından, iş həmkarlarından başqa demək olar ki, geniş ictimaiyyət o qədər də tanımırdı. Layihənin ilk turunda dediyi şeiri onu qısa müddətdə ölkəyə tanıtdı. Biz də onu həmin layihədən tanıdıq və onunla görüşüb söhbətləşmək qərarına gəldik. Beləliklə, Enter.News saytının həmsöhbəti gənc şair Xəlil Adıgözəldir:  

- Xəlil bəy, öncə sizi tanıyaq.

- Əslimiz Türkiyənin Sakarya bölgəsindəndir. Babam 1918-ci ildə Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusununun zabiti kimi Azərbaycana gəlib. Sonradan Türk ordusu Azərbaycanı tərk edəndə babam da bir çox türk zabit və əsgərləri kimi vətənə dönməyib, burada qalıb. Vedi mahalında yaşayıb. Mən 1985-ci ildə Bakıda dünyaya gəlmişəm. İlk təhsilimi də Bakıda 22 saylı məktəbdə almışam. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. 2016-cı ildən Yazıçılar Birliyinin üzvüyəm, bir kitabım nəşr olunub.

- Bildiyimiz qədər Yazıçılar Birliyinə üzv qəbul edəndə belə deyək, ələyib ələkdən keçirirlər. Sizi birliyə üzv qəbul edərkən bu prosedurlardan keçdinizmi?

- Doğrudur, Yazıçılar Birliyinin üzvü olmaq üçün müəyyən prosedurlardan keçmək lazımdır. Necə ki, indi gənc şairlərin çoxu o prosedurlardan keçirlər. Bu kimi məqamlara görə ora üzv olmaq istəmirdim. Ancaq günlərin birində "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə Yazıçılar Birliyində görüşmüşdük. Yeri gəlmişkən deyim ki, Qulu müəllimin bizlərə böyük dəstəyi olub. Orada birliyin birinci katibi Fikrət Qoca ilə görüşdə Qulu müəllim məni təqdim etdi. Fikrət müəllim də qayıtdı ki, şeirlərindən birini oxu. Bir şeir oxumağa başladım. Şeirin yarısında Fikrət müəllim saxladı və qayıtdı ki, Yazıçılar Birliyinin üzvü deyilsən, ancaq üzv olmalısan. Oradaca tapşırıq verdi və məni həmin gün birliyə üzv etdilər.

news-detail

- Əgər bir gənc şair birliyə üzv qəbul olunursa birlikdə fəaliyyət göstərən "Gənc ədiblər” məktəbindən keçməlidirlər. Ancaq siz bu ədəbi məktəbdən keçmədən birliyə üzv olunmusunuz.

- Bəli, mən "Gənc ədiblər”in prosedurlarından kənar qəbul olundum. Bəlkə də Fikrət Qoca ilə görüşümüz olmasaydı, hələ də Yazıçılar Birliyinin üzvü deyildim.

- Bəs sonradan "Gənc ədiblər” onların prosedurundan kənar sizin birliyə üzv qəbul olunmağınıza etiraz etmədilər ki?

- Yox, heç bir etiraz olmadı. Ora rəhbərlik edənlər məni tanıyırdılar, şeiriyyətimdən xəbərləri var idi. Bir də o boyda xalq şairi dəyər veribsə, ondan sonra "Gənc ədiblər” məktəbi bir şey deməzdi.

- Xəlil bəy, sizi geniş ictimaiyyət ARB televiziyasının layihəsi olan "Xalqın şairi” tele-layihəsindən tanıdı. Bu layihə efirə verilməmişdən öncə belə bir xəbər yayıldı ki, münsiflər heyətinin tərkibində müğənni Elza Seyidcahan da var. Layihədə iştirak etmək istəyən bir iştirakçı kimi bu xəbəri necə qarşıladınız?

- Əvvəla bu layihənin tanıtımı olanda orada Ramiz Rövşən, Rüstəm Behrudi, Səlim Babullaoğlu kimi şairlərimizin adları keçirdi. Bundan sonra zəng edib layihəyə qoşuldum. Sonra da xəbər yayıldı ki, Elza Seyidcahan da orada təmsil olunacaq. Belə olduqda məndə də pis təəssürat doğurdu ki, Elza xanım mənim şeirlərimə nə dəyər verə bilər? Ancaq bir məsələ də var idi ki, nə vaxta qədər sosial şəbəkələr vasitəsi ilə şeirlərimi yayacam. Nə vaxtsa geniş kütləyə çıxmalıydım. Lap Elza xanım orada olsaydı belə, mən şeirimi ona yox, efir vasitəsilə xalqıma deyəcəkdim. Elza xanımın mənim şeirimi dəyərləndirməsi də elə əhəmiyyət kəsb etməyəcəkdi.

- Deyirlər layihənin sonunda qalib gələn iştirakçıya ev veriləcək. Orada münsiflərin iştirakçılara münasibəti necədir? Ümumiyyətlə, layihənin səmimiliyinə nə qədər inanmaq olar?

- Birinci turda çıxışımdan sonra məndən müsahibə alanda orada da dedim ki, sizin verilişin obyektivliyinə inanıb gəlmişəm. Münsiflər heyətinin içərisində tanıdığım insanlar da var, onların da obyektivliyinə inanıram. Bəzən münsiflər heyətinin dəyərləndirmələrində elə şeylər eşidirəm ki, xoş olmur. Məsələn, sonuncu dəfə bir gənc şair çıxmışdı, bir az da tanınan isimdir. Baba Vəziroğlu ona dedi ki, sən bizim verilişə qoşulmaqla verilişin reytinqini qaldırdın. O zaman öz-özümə düşündüm ki, Baba Vəziroğlu, Qulu Ağsəs kimi şairlər və digəriləri orada oturub, verilişin reytinqi yoxdur, necə olur az-çox tanın bir şair verilişin reytinqini qaldırır? Baba müəllimi görəndə bu sualı özünə də verəcəm. Bu həddindən artıq bir mübaliğəli yanaşma idi. Bir də o yarışmaya qatılan bütün iştirakçılar münsiflər üçün eyni olmalıdır – istəyir tanınan olsun, istəyir heç tanınmayan. Bəzən belə dəyərləndirmə də olur ki, iştirakçı zəif şeir oxuyur, deyirlər ki, bunun güclü şeirləri var, növbəti tura keçirək. Axı kim ora çıxanda zəif şeirini oxuyar, oxuyan şeirini güclü bilib oxuyur. Onun özü də bilsə bu zəif şeirdir, oxumaz. Oxunulan şeirlərə uyğun dəyərləndirib keçirmək lazımdır növbəti tura. Düşünürəm ki, birinci turdur, belə şeyləri nəzərə alırlar. Yəqin ikinci turda belə hallar olmayacaq. Daha yaxşı şeirlər keçəcək.

- Sonda qalibə ev veriləcəkmi sizcə?

- İndiyə kimi gördüyümüz bir çox yarışlar sms vasitəsilə olub. Burada sms yoxdur, deyilənə görə də olmayacaq. Sms yarışmasında qalib olmaq bir az obyektiv görünmür. Belə olan halda imkanı olan iştirakçı özünə sms göndərtdirəcək, mənim də imkanım yoxdur, yaxşı da şeir yazıramsa, qalib olmamalıyam? Ev də varsa lap yaxşı, görək necə olur. Açığı, yarışmaya evə görə yox, şeirlərimi xalqa çatdırmaq üçün qoşulmamışam. Əgər yanında ev də var nə yaxşı.

news-detail

- Azərbaycan televiziyalarının verilişləri və o verilişlərin səviyyəsi sizi qane edirmi?

- Xeyr, qətiyyən qane etmir. Hansı kanalı çevirsək ancaq oxuyur, oynayırlar. İntellektual, ədəbiyyata aid verilişlərə rast gəlmirik. Az-çox olanlar da eyni simalar, eyni mövzular olur. Gənc ədiblərin seçilməsi, tanıdılması yönümlü verilişlərə ehtiyac var. Deyim ki, bu yük həm də Yazıçılar Birlyinin üzərinə düşür.

- Yazıçılar Birliyi kitabınızın nəşr olunmasına dəstək veribmi?

- Yazıçılar Birliyinin "Ulduz” jurnalında şeirlərim nəşr olunub. Birinci kitabımla bağlı kömək görməmişəm, ancaq ümid edirəm ki, indən sonra dəstək görərik.

- Şeirlərinizin birində deyirsiniz ki, "Misralar gözümdə boğulub ölür”. Gözünüzdə boğulan şeirləriniz çoxdurmu?

- Bəli, belə şeirlərim çoxdur.

- Bəs dediyiniz kimi, boynunuzda qalan şeir necə, olubmu?

- Qınandığım şeirlərim də olub. Çalışmışam ki, bütün şeirlərimdə səmimi olum. Bu səmimiyyətimə görə də çox qınanmışm. Yəni ki, "ay Xəlil, belə yazma, niyə bunu yazmısan” kimi iradlar bildirənlər olub.

- Yaradıcılığınıza diqqət yetirdikdə görünür ki, sizi dərdə salan şeirləriniz də var...

- Bəli, var. Şair həmişə narahat olmalıdır. Pis narahatlıq yox, yaxşı narahatçılıq da olmalıdır. Şairin dərdi də həmişə şirin dərd olur. Söz yox ki, ağır dərd də olur, şirin də. Hər iki anlamda şairin çiyininə dərt yüklənməsə şeirlər gözəl alınmaz. Şeirin dərd yükü olmalıdır.

news-detail

- Sizi hər kəsə tanıdan efirdən səsləndirdiyiniz şeiriniz də çiyninizə yüklənən dərdlərdənmi doğdu?

- Bu şeirim köhnə şeirlərimdəndir. Şeirlərimi yaşayıb yazıram, heç vaxt özümü şeir yazmağa məcbur etmirəm. Deyim ki, bu dərdlər çiyinlərimə yüklənir və ağırlıq edir, əgər o yükü yerə qoymasam dik gəzə bilmirəm.

- Ölkədə bu qədər yazar bolluğu var, pis-yaxşı kitablar çıxır. Gəncliyin yaradıcılığı sizi qane edirmi?

- Bu barədə dəfələrlə demişəm. Ədəbiyyat sözünün kökü "ədəb” sözündəndir, yəni ədəbiyyatı qoruyan bir sahə. Postmodernizm üslübunda yazmağı inkar etmirəm. Postmodernizm yeni fikir deməkdir. Məsələ də ortaya da yeni fikir qoymaqdır. Bu yeni fikir o demək deyil ki, sən yaradıcılığında kimisə soyundurub, geyindirəsən, yeni fikir gətirmək üçün qeyri-etik sözlərdən istifadə edəsən. Bunlar heç də yeni fikir deyil. Çünki insanlar ömrü boyu soyunublar, söyüş söyüblər, yəni ki, bu həmişə olub, buna yeni fikir demək doğru olmaz. Bunu da ədəbiyyata gətirmək yenilik deyil. Avropaya da, Asiyaya da inteqrasiya etmək lazımdır, amma nəzərə almaq lazımdır ki, bizim nəzmimiz dünyada ən yüksək pillədə durur. İndi durub bunun üstünə hansısa qeyri-etik fikirləri gətirək ki, nə var, yeni fikirdir?

- Ədəbi mühitin cəmiyyəti qorumaq missiyası da var üzərində. Kənardən gələn və bizə yad olan yenilikləri öz süzgəcimizdən keçirib təqdim edirlər, yəni, özümüzü kənar təsirlərdən qorumağa çalışırıq. Kənar təsirlərdən qorunğama çalışdığımız bir halda, özümüzü özümüzdən qoruya bilirikmi?

- Doğrudur, bu gün bizi kənardan yox, özümüzdən qorumaq lazımdır. Müstəqil olduqdan sonra bizim xalqın Avropaya inteqrasiyasından sonra cəmiyyətdə soyunmalar, yazarlarımızın bir çoxunun yazılarında etikadan kənar sözlər və s. hallar çoxaldı. Yəni qapalı bir mühitdən birdən-birə dünyaya açıldıq. Biz kənardan gələnləri həzm etməyə hazır deyildik. Ona görə də belə hallar yaranırdı. Elə bildik ki, demokratiya istədiyin kimi danışmaq, azadlıq insanların soyunmağıdır və s. Dönüb öz keçmişiməzə baxsaq görərik ki, çox örnək alınacaq nümunələrimiz var. Bizim xanımlar ərləri ilə döyüşdə, at çapmaqda, dövləti idarə etməkdə bərabər olublar. Yəni, deməyim odur ki, nə edib, necə edib özümüzə qayıtmalıyıq.

- Bütün bunlardan sonra gələcəyimizi necə görürsünüz?

- Dünya durduqca ədəbiyyat da duracaq. Azərbaycan ədəbiyyatı da təməlini elə yerdən götürüb ki, ona zaval yoxdur. İndi də az da olsa istedadlı gənclərimiz var. Bunlardan Elkin Kərimli, Vasif Zöhraboğlu, Qafar Şövqü, Vüqar Rahi və digərlərini misal çəkmək olar. Yəni ki, keçmişdən gələn ənənəni davam etdirən insanlar var.

- İkinci kitabınızı çıxarmağı düşünürsünüzmü?

news-detail

- Bu kitabım keçən il çap olundu. İkinci kitabı çıxarmağa tələsmirəm. Düşünürəm ki, ikinci kitabımdakı şeirlər birincidən daha sanballı olmalıdır. Bu kitabıma elə şeilərimi seçib yığdım ki, oxucu kitabı haradan açsa yaxşı şeir oxusun. Sonda bir məqamı qeyd etmək istəyirəm. Mənə göstərdiyiniz diqqət üçün saytınızın kollektivinə minnətdarlığımı bildirirəm. Çünki sizin göstərdiyiniz diqqəti hələ heç kimdən görmədim, çox sağ olun.

Müsahibəni apardı: Rəşad Sahil



Oxşar Xəbərlər

Xəbər lenti