“Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı keçirilib

“Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı keçirilib

 


Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı (konfransı) keçirilib. 

"Borçalı” İctimai Birliyinin mətbuat xidmətinin məlumatına əsasən, Ümumi yığıncaq Birliyin 3 təsisçisindən ikisinin – tanınmış ictimai xadim Eyvaz Borçalı və professor Hidayət Nuriyevin təşəbbüsü və İdarə Heyətinin qərar ilə çağrılıb.

Birliyin 130 nəfərə yaxın üzvünün  iştirak etdiyi Ümumi yığıncaqda Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, qurumun həyatdan köçən üzvlərinin və sabah anım günü olan ümumilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Toplantıda ilk olaraq "Borçalı” İctimai Birliyinin iyul ayında vəzifəsini könüllü olaraq tərk edən Sədri Kərəm Məmmədovun istefası qəbul edilib və qurumun son 1 ildə gördüyü hesabat dinlənərək, qənaətbəxş hesab edilib.

Ümumi yığıncaqda dekabrın 2-də "Borçalı” İctimai Birliyi adından keçirilən tədbirə də münasibət bildirilib, təsisçilərdən birinin və İdarə Heyətinin 3 nəfər üzvünün təşkil etdiyi bu toplantının Birliyə heç bir aidiyyatı olmadığı və qeyri-legitim olduğu vurğulanıb. Nəticədə "Borçalı” İctimai Birliyinin Nizamnaməsinə və müvafiq qanunvericiliyə zidd fəaliyyət göstərən 5 nəfər üzvlükdən xaric edilib.

Daha sonra Ümumi yığıncaq iştirakçıları "Borçalı” İctimai Birliyinin yeni Sədrini, eləcə də İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının (NTK) üzvlərini seçib. Yığıncaqda Birliyin İdarə Heyətinin keçmiş üzvü Pünhan Məmmədov yekdilliklə Sədr seçilib.

Qeyd edək ki, Ümumi yığıncağın iradəsi ilə İdarə Heyətinin 21 nəfərdən ibarət üzvünün sayı 9-a endirilib və əlavə olaraq 3 nəfərdən ibarət də NTK formalaşıb.

Ümumi yığıncaqda yeni seçilən Sədr öz konsepsiyasını açıqlayıb və tədbirdə iştirak edən qonaqlar,  o cümlədən Birliyin üzvləri çıxış edərək, "Borçalı” İctimai Birliyinə uğurlar arzulayıblar.

"Borçalı” İctimai Birliyinin mətbuat xidməti



Oxşar Xəbərlər

Xəbər lenti