Borçalılar Zəlimxan Məmmədlini təxribatçılıqdan əl çəkməyə çağırdı

 


"Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə təşkilatın sədrliyindən xaric edilən Zəlimxan Məmmədli, 7 illik sədrliyi dönəmində olduğu kimi, son aylarda da təxribatçılıq fəaliyyətini davam etdirməkdədir.

Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11.08.2016-cı il tarixli qərarı ilə "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) 25 iyunda baş tutan konfransında seçilən yeni rəhbərliyin legitimliyini qəbul etməsinə rəğmən, Z.Məmmədli özünü hələ də "Borçalı” İctimai Cəmiyyətinin "sədri” elan edir. Bununla Azərbaycan dövlətinin qanunlarına hörmətsizlik nümayiş etdirən Z.Məmmədli, üstəlik "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) yeni sədrinin və İdarə Heyətinin üzvlərinin ünvanına da aşağılayıcı fikirlər səsləndirməkdədir.

"Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) yeni rəhbərliyi Azərbaycan cəmiyyətində, eləcə də Gürcüstanda yaşayan soydaşlarımız arasında xoşagəlməz mənzərə formalaşmaması üçün, keçmiş sədrin ittihamlarını, mətbuatdakı və sosial şəbəkələrdəki qeyri-etik açıqlamalarını hər dəfə cavabsız buraxmışdır.

Lakin, çox təəssüf ki, qarşı tərəf – Zəlimxan Məmmədli və üç-beş nəfər tərəfdarı şər-böhtan kampaniyalarını davam etdirməklə yanaşı, borçalılar arasında bölücülük fəaliyyətini də genişləndirməkdədirlər. Bunun bariz nümunəsi kimi Zəlimxan Məmmədlinin dəfələrlə "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) adından müxtəlif tədbirlər keçirməsini və bu zaman Azərbaycan-Gürcüstan münasibətlərinə və Gürcüstanda yaşayan soydaşlarımızın birliyinə xələl gətirən çıxışlar etməsini göstərə bilərik. Hansı ki, bu mövqeyinə görə Gürcüstana buraxılmayan və bir çox soydaşımıza ciddi problemlər yaradan keçmiş sədr, yenə də öz çıxışlarında Azərbaycan və Gürcüstan hakimiyyətlərinin ünvanına kəskin ittihamlar səsləndirməklə, "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) və soydaşlarımızın maraqlarına daha böyük zərbə vurmağa cəhd edir.

"Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) keçmiş sədrinin növbəti təxribat xarakterli əməli kimi, dekbarın 25-də "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) adından keçirməyi nəzərdə tutduğu "Gürcüstan Türklərinin Həmrəylik Törəni” adlı tədbiri göstərə bilərik.

Odur ki, "Borçalı” İctimai Cəmiyyəti (Birliyi) Zəlimxan Məmmədlini bir daha öz təxribatçılıq əməllərindən əl çəkməyə və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə özbaşınalığa son qoymağa çağırır.

Sonda "Borçalı” İctimai Cəmiyyəti (Birliyi) Azərbaycanın səlahiyyətli qurumlarına da müraciət edərək, dövlət qanunlarına sayqısızlıq nümayiş etdirən Z.Məmmədlinin "Borçalı” İctimai Cəmiyyəti (Birliyi) adından dekabrın 25-də keçirməyi nəzərdə tutduğu tədbirin qarşısını almağa çağırır.

"Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) Mətbuat Xidməti



Oxşar Xəbərlər

Xəbər lenti