Sayrışan işıqlar-Hekayə

Barmaqlarınin arasında tutduğu, közü sönmək üzrə olan siqaretdən bir qullab alıb külqabının içərisində əzdi. Oturduğu kreslonu saga-sola fırladı. Hava qaralmışdı. İş vaxtının  çoxdan bitməsinə baxmayaraq o nə yerindən tərpənmək,nə də evə getmək istəyirdi. Xeyli vaxtdır rayona getməli idi. Uzun müddət idi ki,anasını görmürdü. Ancaq işi ilə əlaqədar heç cürə imkan tapıb kəndə gedə bilmirdi. Bir həftə qabaq anası telefonda ay Rauf,özüm yaşlıyam yol çıxa bilmirəm sən də gəlmirsən. Səndən ötrü burnumun ucu göynəyir dediyində gözləri dolmuşdu. Bu şəhər həyatı insanı lap robotlaşdırır,hər kəsdən uzaq düşürsən deyə öz-özünü danlamışdı. Ancaq yox,bu dəfə mütləq anasına və qohum-əqrabasına baş çəkməli idi. Onu sıxan başqa səbəb vardı

Könüllə ilk dəfə iş yerində,koridorda rastlaşmışdı. Həmin an içindən gizli bir sızıltı keçmişdi.İnsan cüt doğularmış deyib uzun müddət gözlərini döyərək Könülə baxmışdı. Bu kimdir,nəçidir görən deyib götür etdiyi bir vaxtda müdirin tanış ol Könül xanım bizim yeni işçimizdir deməsi onu düşüncələr aləmindən ayırmışdı:

-Rauf,Könül xanım hələki səninlə eyni otaqda oturacaq. Bir müddət sonra yan otaq boşalınca ayrıca otaqla təmin edərik onu.

Rauf içində qəribə bir sevinc hiss etmişdi. Könül onun necə də ilk məhəbbəti Arzuya bənzəyirdi.Elə bil bir almanı yarıya bölmüşdülər.

Bir aya yaxın idi Könülün işə başladığı. Yavaş-yavaş iş həyatına alışırdı. Bütün günü səssizcə öz yerində oturar, başını qaldırmadan yazı-pozu işinə baxardı. Rauf Könülə hiss etdirmədən hər dəqiqə gözünün ucuyla onu seyr edərdi. Aralarında rəsmiyyət vardı. Ancaq bu sizli,bizli müraciətlər Raufun canını sıxırdı. Könül hər dəfə Rauf müəllim deyə müraciət etdiyində az qalırdı desin ki, Könül xanım,mənə Rauf deyin. Amma Könülün yanlış anlayacağından qorxurdu.Ona qarşı doğmalıq yaranmışdı içində.Sanki Könülü uşaqlıqdan bəri tanıyırmış kimi

Aylar bir göz qırpımında keçirdi.Könülün işə başlaması 6 ay olmuşdu. Bu zaman içərisində az da olsa bir-birlərini tanımışdı Raufla Könül. Səmimi münasibət yaranmışdı aralarında. Könülün ailəli olduğunu bilsə də bir az işə gec gələndə və yaxud da hansısa səbəbdən işə gəlməyəndə darıxırdı Rauf .Bu nədi belə?

Mən evil adamam. Könülün də ailəsi,usagı . Niyə məndə qəribə hisslər baş qaldırır?Mənə yaraşarmı?-desə də Könül onun beyninə,ağlına hakim kəsilmişdi. Bəlkə o Arzuya bənzəyir deyə bu hallara düşürəm mən? Yox,qətiyyə yox. Düzdü Könül Arzuya çox bənzəsə də Arzunun xüsusiyyətlərindən onda əsər-əlamət yoxdu. Arzu… Bütün Arzularımı yarımçıq qoyan Arzu… Qaşlarını çatıb dərin ah çəkdi.

Arzu onun ilk məhəbbəti idi.Uşaqlıqdan dəli kimi sevmişdi onu.Arzu da Raufu sevirdi.Kənddən Bakıya ümidlərlə oxumağa gələn Rauf Arzuyla qurduğu xəyalları da özüylə gətirmişdi.Universitetə qəbul olmuş və gələcəyə ümidlə baxırdı.Hər dəfə Arzudan aldığı sevgi məktubları onu həyata bağlayırdı. Ailəsinin də bu sevgidən xəbəri olduğundan Rauf universitetin son kursunda oxuyanda anası Arzuya elçi getmiş və onun barmağına nişan üzüyü taxmışdı. Bir müddət nişanlı qalan Raufla Arzunun ailəsi toy tədarükünə başlamışdılar. Universiteti əla qiymətlərlə bitirib kəndə dönən Raufun eşitdiyi xəbər onun əziyyətlə qalxdığı zirvənin başından yerə salmış,çilik-çilik olmuşdu. Arzu özündən çox yaşlı,pullu bir kişiylə qaçmışdı. Qulaqlarına, gözlərinə  inanmayan Rauf hər ikisini öldürmək qərarına gəlsə də anası gözünün qabağına gəlmiş, atası dünyasını dəyişəndən sonra balalarından ötrü saçını süpürgə edən qadının bundan sonra gözü yaşlı qalmasına haqqı olmadığını anlayıb bu fikirdən əl çəkmişdi. Gecəynən Arzunun bu illər ərzində yazdığı eşq dolu məktubları ağlaya-ağlaya ocağa atıb yandırmış,daha o kənddə qala bilməyəcəyini anlayıb gecənin qaranlığında yaşadıqları kənddən Bakıya gələn avtobusa minmək üçün yağan leysan yağışın altında rayon mərkəzinə qədər olan 16 kilometrlik yolu piyada qət etmiş,heç kimsəsi olmayan şəhərə geri dönmüşdü. Və beləcə qalan həyatını bu şəhərdə davam etdirmək məcburiyyətində idi. Anası,bacı-qardaşları kənddə olsalar da onlara maddi dəstək verir,amma bacardıqca kənddən uzaq durmaq istəyirdi. Xatirələr içini qurd kimi gəmirsə də sevginin xəyanətlə bitməsini həzm edə bilmirdi. Arzunu hələ də sevirdi,yoxsa nifrət edirdi bunu özü də ayırd edə  bilmirdi. Amma o pula satılmışdı.Bunun da adı xəyanət idi.

Aradan uzun illər keçmişdi.Rauf da ailə qurmuş, oğul-uşaq sahibi olmuşdu. Amma içində dərin boşluq hiss edirdi. Xatirələr ondan əl çəkmirdi.Bu vəziyyət Könül gələnə qədər idi.Artıq içində qəribə hisslər baş qaldırmışdı. Yox,o ailəlidir. Elə mən də subay deyiləm deyə çox götür qoy edirdi.  Amma mən ondan heç nə istəmirəm,istmərəm də. Sadəcə onun var olmağı mənə ruh verir. Bu vaxta kimi çox qadınlar olub həyatımda,amma heç birinə qarşı belə hisslər yaşanmayıb. İlk dəfə idi ki,birinin əlini tutmamaq,ona toxunmamaq,uzaqdan sevmək istəyirdi. Nə qəribə hissdir uzaqdan sevmək… Heç bunu Könülə bildirmək lazım deyil.Sonra haqqımda pis düşünər deyə gecələr yuxusu ərşə çəkilmişdi. Səhərə qədər Könülün xəyalıyla o tərəf bu tərəfə çevrilir,gözünə yuxu getmirdi. Bir də görürdü ki,hava işıqlaşır. Qalxıb yemək belə yemədən işə tələsirdi.

Düz bir il tamam olurdu ki,Könüllə Rauf eyni otağı paylaşırdılar. Müdir başqa otaq tapmağı Raufa tapşırsa da Könülü otağından buraxmaq istəmədiyi üçün min bəhanə uydurub müdiri ovudan Rauf bir gün yemək vaxtı Könülə ilk sevgisindən, uğradığı xəyanətdən danışdı.Raufu  dinləyən Könül:

-Rauf müəllim,nə danışırsız? Siz buna sevgi deyirsiniz? Yusif peyğəmbər demiş ki, eşq müqəddəsdir,xəyanət əhli aşiq ola bilməz - deyə heyrətini gizlədə bilməmişdi.

-Doğrudur Könül. Amma mən o xəyanəti yaşadım.Onu dəli kimi sevirdim.Bütün xəyallarımın altını üstünə çevirdi. O gündən bu günə içimdə dərin bir boşluq var. Maraqlıdır ki, artıq sevgidən ehtiyyat edir və insanlara inanmıram.

Könül səssizcə başını aşağı saldı.

Raufla Könül başqa-başqa rayonlardan olsalar da Raufgilin rayonlarına gedən yol ayrıcından Könülgilin rayonunu gecə vaxtı açıqca seçmək olurdu.Çünki rayonun işıqları uzaqdan bərq vururdu.Gecənin qaranlığında sayrışan işıqları Rauf Könülü tanıdıqdan sonra öz rayonlarına gedəndə görmüşdü.Bir-birinə yaxın olan bu rayonları Bakıdan uzanıb sonra dördə haçalanan yol ayırırdı.Bu vaxta kimi eyni yolu dəfələrlə gedən Rauf Könülü tanıdıqdan sonra getdiyində hər dəfə həmin yol ayrıcına çatanda qəribə hisslər yaşayırdı.Uzaqdan görünən bir topa sayrışan işıqlar Könülün doğulub boya-başa çatdığı yer idi

Artıq ikinci il idi ki, Könül Raufla birgə işləyirdi. Çox səmimi olmuşdular.Rauf Könülü sevirdi. Bunu özü də bilirdi,amma hər dəfə yox Könül sənin ən yaxın dostun ola bilər başqa heç nə deyə özünü aldadırdı. Onu itirməkdın çox qorxurdu. İlk sevgisi daşa dəyən Rauf bunu etiraf etməkdən həm qorxurdu,həm də ehtiyyat edirdi.

Sərin yaz axşamı idi.İşdən çıxıb evə getmək istəyirdi. Bir az sıxılırdı.  Könül bu gün işə gəlməmişdi.Onu bir gün görməyəndə darıxırdı, amma Könülə bildirməyə utanırdı.Yenə gözünün önünə sayrışan işıqlar gəldi. Necə olub ki,hər dəfə rayona gedəndə o işıqları görmüşəm, amma bilməmişəm ki, o işıqlar bir zaman mənim ümid işığım olacaq və içimdəki boşluğu dolduracaq. Birdən telefonuna zəng gəldi. Nömrə tanış gəlmədiyindən açmaq istəmədi. Tərəddüddən sonra alo dedi.

-Salam Rauf,sənsən?

-Salam,bəli mənəm. Kim idi tanımadım

-Rauf mənəm Arzu… və birdən telefonda hıçqırıq səsləri gəlməyə başladı.

Qeyr-ixtiyari əli-qolu boşalan Rauf:

-Nömrəmi hardan tapdın deyə sordu.

-Qohumundan aldım Rauf. Mən Bakıdayam,qızım ağır xəstədir. Yalvarıram kömək elə,çarəsizəm.

Bir anda nə edəcəyini bilməyən Rauf insanlıq naminə birinin ona dar məqamda ehtiyacı olduğunu düşünüb olduqları yerin ünvanını soruşdu.

Bir az keçməmiş Rauf xəstəxananın qapısında idi. Gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Arzuağlayaraq  Raufun yanına qaçıb  :

-Bağışla Rauf,bu şəhərdə kimsəni tanımadığım üçün səni axtarıb tapdım…Xeyli müddətdir qızım xəstədir.Bu gün rayon həkimləri xəstəni təcili Bakıya çatdırmağı söylədilər deyib göz yaşlarıyla yalvardı sanki.

Rauf hər şeyi unutmuşdu. Gözünün qarşısında bir zamanlar ona xəyanət etmiş qadın yox,ağlamaqdan gözləri çuxura düşmüş bir ana dayanırdı.

-Yaxşı Arzu,özünü ələ al nə lazımdırsa eliyəcəyəm.

Həmin gecə xəstənin həyatıni xilas etmək üçün Rauf bütün xəstəxananı ayağa qaldırmışdı.

Günlər keçdikcə xəstə hər gün bir az daha yaxşılaşırdı. Gənc qızın:

-Rauf əmi,hər gün gəl yanıma. M ən səni görəndə yaxşı oluram deməsinə gözləri dolmuşdu Raufun.

Bütün xəstəxana xərclərini öz üzərinə götürərən Rauf iki həftə sonra gənc qızı sağlam şəkildə anasına təhvil verdi. 

-Rauf əmi,biz sabah rayona qayıdırıq. İstəyirəm ki,bizi sən ötürəsən dediyində əvvəl etiraz etmək istəsə də öz-özünə:- Rauf,yaxşılıq etmisən axıra kimi et deyib qəbul etmişdi bu istəyi.

 Səhər tezdən vağzala gələn Rauf:

-Al Xumar, ananla sənin biletin deyib əlində tutduğu biletləri gənc qıza verdi.

Xumar Raufa minnətdarlığıni bildirib avtobusa qalxdı və yerində oturdu. Saçları ağarmış,üz-gözü qırışmış Arzunun qarşısında dayandığını görən Rauf: 

-Ilahi Arzu nə qədər yaşlanmış deyə içində acıdı ona.Gözəlliyindən əsər-əlamət qalmamışdı.Xoş yaşamağı üçün məndən üstün tutub satıldığı pul ondan hər şeyi almışdı.

Arzu əlini Raufa uzadıb:

-Çox sag ol Rauf,yaxşılığını heç vaxt unutmayacağam. Allah səndən razı olsun desə də nəsə sözlü adama oxşayırdı.Mən qocalmışam gördüyün kimi.Amma şəhər həyatı səni cavan saxlayıb.Yəqin ətrafında sevdiyin qadınlar da var ki, onlardan ilham alıb belə qalmısan deyərək qısqanclıq hissi ilə Raufun gözünə baxdı.

Arzunun bu sözündən özündən çıxan Rauf:

-Bunun sənə dəxli yoxdur,avtobusunuz yola düşür,sizə yaxşı yol deyib vağzaldan sürətlə aralandı. Ona elə gəlirdi ki,illər öncəki ayrılıqdan sonra Arzunu görsə çox pis olacaqdı. Amma əksinə, Arzunun ondan sürətlə uzaqlaşmağını istəyirdi.Onun beynində ancaq Könül idi. O hələ indi dərk edirdi ki,Könülü sevdiyi qədər heç Arzunu sevməyibmiş. Fikirli halda işə döndü.Könül hələ gəlməmişdi.Yerində oturub başını stola söykədi.Çox yorğun idi.Qapınin tıqqıltısına başını qaldırdı.İçəri girən Könül idi.Onu görüncə ürəyi çırpınmağa başladı.Nə yaxşı Könül var.Onu hər gördüyümdə yenidən doğuluram deyib ayağa qalxdı.

-Salam Rauf müəllim.

-Ay Könül,axı sənə neçə dəfə demişəm ki, mənə Rauf müəllim demə. Biz bu gün tanimamişiq bir-birimizi axı

-Dilim öyrəşib bağışlayın başqa cur müraciət edə bilmirəm deyərək əlindəki kağızı Raufa uzatdı.

Kağızı birnəfəsə oxuyan Raufun rəngi saraldı.

-Bu nədir Könül? deyə boğuq səslə sordu.

-Rauf müəllim yoldaşıma xaricdən iş təklifi gəlib. Biz Bakıdan köçməyə qərar vermişik.Mən öz ərizəmlə işdən azad oluram.Ancaq müdir hələ gəlmədiyindən ərizəni təqdim edə bilməmişəm.

Boğazındakı qalstuku saga sola dartışdıran Rauf Könülün zarafat etdiyini düşündü:

-Könül,sənin dediklərin doğrudur?

-Əlbəttə məgər mən nə vaxtsa yalan danışmışam?

Rauf bir anlıq otaqda nə var qırıb dağıtmaq,taleyinə üsyan etmək istədi:

Axı niyə??Niyə mənim içim hər zaman boş qalmalıdır?deyə içində hayqirdi. Amma Könülə biruzə verməmək üçün toparlanmalı idi.

-Nə vaxt gedirsiniz?

-Gələn bazar günü

-Aman Allah cəmisi 8 gün var idi.Könül gedəcək… Onu görmədiyim gün nəfəs ala bilmirəm.Bəs bu həsrətə necə dözəcəyəm?Heç nə istəmirəm ki, ondan.Hər gün yenə öz yerində otursun və mən onu hər gün görsəm bəsimdir. Sadəcə uzaqdan…

8 gün Raufa 8 il gəldi. O bu səhər Könüldən həmişəlik ayrılmışdı. Səhər 5 də Könülü ondan ömürlük aparan təyyarə havaya qalxmalı idi.Gecəni yatmamışdı.Az qala uşaq kimi ağlayacaqdı. Ancaq evdəkilərdən utanırdı. Saatın əqrəbi 5-ə yaxınlaşdıqca o zənn edirdi ki, ölüm mələyi onun canını almaq üçün yaxınlaşır

Artıq 7 ay idi ki,Könül bu şəhərdə yox idi. Rauf onun yoxluğuna heç cürə alias  bilmirdi. Tək təsəllisi Raufun ad günündə kollektiv çəkdirdikləri şəkil idi.

Könül gedəndən sonra sayrışan işıqları görməsin deyə yolunu rayona salmaq istəmirdi.Amma anası intizarda idi.Mütləq getməli idi.Könüldən qalan tək xatirə idi sayrışan işıqlar. O işıqları gördüyü zaman Könülün uşaqlığı canlanırdı gözünün qabağında. Kaş mən elə ilk başdan Könüllə qarşılaşardım.Onu gəlib sayrışan işıqların arasından tapardım və bir ömür qəlbimin içində saxlardım.

Hava qaralırdı. Birdən qərarıni dəyişdi:

-Mən niyə səhər gedirəm rayona axı? İndi çıxım yola.Qaranlıqda sayrışan işıqları seyr edim.Qəribsəyən qəlbim bəlkə təsəlli tapar.Yanacaq doldurma məntəqəsinə yaxınlaşdı.Maşına yanacaq vurub yola düzəldi. Yollar o qədər uzanırdı ki,Raufun səbri tükənirdi. Birgə sayrışan işıqlara tez çatsaydım

Yağış səpələməyə başlamışdı.Uşaqlıqdan yağışı çox sevirdi. Amma bir dəfə Könül  ona yağışı sevmədiyini demişdi. Səbəbini soranda isə:

-Rauf müəllim,yağış yağanda elə bilirəm göy üzü ağlayır demışdi.

-Ah Könül,Könül qəlbimin içini gəlişinlə doldurub gedişinlə viran qoydun deyib gözləri doldu. Gecənin qaranlığında dörd yol ayrıcına çatdı. Kiskin yağışın təsirindən olacaqdı ki dumandan ,göz-gözü görmürdü. Maşını yolun sağına çəkib saxladı.Dumandan sayrıçan işıqlar da görünmürdü.Keyfi pozulmuşdu. Axı o gecənin qaranlığında Könülü hiss etsin deyə sayrışan işıqların eşqinə gəlmişdi. Başını arxaya söykəyib gözlərini yumdu.Könülü düşündü.Onun gözlərini unuda bilmirdi.Kaş bu dəqiqə yanımda olardı. Sadəcə baxardım ona

Şüşənin tıqqıltısına gözünü acidı.Hava işıqlaşırdı.

-Yol Patrul Xidmətinin leytenantı Nəbi Məmmədov.Zəhmət olmasa sənədlərinizi təqdim edin.

Rauf yarıyuxulu halda sənədləri təqdim etdi. Bütün sənədlərin qaydasında olduğunu görən leytenant:

-Nəsə  hadisə baş verib? Maşını saxlamısınız yolda.

-Bəli leytenant,sayrışan işıqlar söndü bu gecə. Bəlkə də həmişəlik- deyib maşını xoda saldı.Və sagollaşaraq uzaqlaşdı.

Raufun yuxulu olduğunu zənn edən leytenant uzun müddət onun arxasıyca baxaraq:

-Kaş oyatmasaydım bir az yatsaydı deyə özünü qınadı

Vəfa Həsrət



Oxşar Xəbərlər

Xəbər lenti