Tüstülü sevgi-HEKAYƏ

                                                                                    Leyla Nəsirova

Qazların qəfil   qaqqıldaşması onu yuxudan ayıltdı. Qonşusu Nəriman neftdə işlədiyindən hər səhər obaşdan durub şap-şuplarını sürüyə-sürüyə ayaqyoluna gedəndə onu görən Musanın ayıq-sayıq qazları  qaqqıldaşır, Nərimanın oyanmasını ətrafdakı qonşulara bildirirdilər. 


Mənim «zəngli saatıma bax ha…»,-deyib gülümsədi. Ehmalca qalxdı. Divanda yatdığından paltarlı idi. Xalidə kresloda oturaq vəziyyətdə yatmışdı. Üstünə adyal salmışdılar.  Yun, cibli gödəkçəsini  çiyninə salıb sakitcə həyətə endi.  Təmz payız havası ciyərlərinə doldu. Bağa keçib tut ağacının dibində qoyduğu daşın üstündə oturdu.  

Axşamdan əsən külək yarpaqları yerə tökmüşdü.  Necə sovurmuşdusa, yarpaqlar bir yerə cəmlənmişdi. Arvadının onları bir yerə yığıb yandırmaq sarıdan işi asanlaşmışdı. Saplağından üzülmüş bir yarpaq da sakitcə onun qoluna düşdü. Yarpağı götürdü. Bir tərəfi quruyub rəngini dəyişsə də, yarı hissəsi hələ də yaşıl idi. «Sən də xəstələndin, sən də duruş gətirə bilmədin?!»- sualı keçdi beynindən. Ovcuna qoyub diqqətlə baxdı, sonra üfürdü. Yarpaq bir neçə dəfə havada dövrə vurub yerdəki qurumuş xəzəllərə qarışdı.  Başını əlləri arasına aldı. Barmaqları ağ saçlarında daraqlandı. Bir xeyli beləcə dayandı. Axşamkı əhvalatı xatırlamağa çalışdı…

Şam yeməyindən sonra divanda oturub televizora baxırdı. Birdən onu qəfil öskürək tutdu.  Fasiləsiz öskürək ağzından köpük gətirdi. Rəngi qapqara qaraldı. Böyük oğlu ilə qızı  yaxınlıqda olduqlarından arvadı Xalidədən tez yetişdilər. Stolun üstündəki qrafindən su süzüb atalarına verdilər. Suyu da içə bilmədi. Sanki boğulurdu, gözləri hədəqəsindən çıxmış, yanaqları boyunca yaş axırdı. Xalidə ərinin kürəyini sürtür, qızı  Əsmər atasının bir əlini tutub sığallayır:

-Ata, sənə nə oldu, özünü ələ al, nə olar,-deyib hey yalvarırdı. 

Xalidə özünü təmkinli aparır, oğlu Tərlan isə çaş-baş halda döşəməyə sarı  əyilib öskürəkdən az qala ikiqat olub qaralan atasına baxırdı. 

Birdən hər şey dondu. Musa heç nə eşitmədi.  Gözlərinə   qaranlıq çökdü.  Sanki çəkisizliyə düşdü… 

…Gözlərini açdı. Bədəni key kimiydi. Başında, sinəsində küt ağrıları vardı. İstədi Xalidəni çağırsın. Dodaqları bir-birindən aralanmadı. Qolu keyimişdi, qaldırmaq istədi. Dirsəyindən büküyü yaman ağrıtdı.  Baxıb gördü ki, damarına iynə vurublar, yerindən qan gəlməsin deyə yapışqan yapışdırıblar. Balaca jurnal stolunun üstündə  ürək damcısı, pambıq, spirt, bir neçə flakon  dərman, iynə vardı. 

Fikirlər beynindən ildırım sürətilə gəlib keçdi. Deməli təcili yardım gəlibmiş.  Gözləri  onun ayaq tərəfində yerə oturub başını divanın üstünə qoyaraq mürgüləmiş oğlu Tərlana sataşdı. Görəsən  nə vaxtdan bu vəziyyətdə oturub. Bu dəfə özü tərpənmədi. Tərpənsəydi Tərlanı oyadacaqdı. Ona nə olmuşdu, hələ də kəsdirə bilmirdi.

Mətbəxdən hıçqırıq səsləri  gəldi.   Diqqətini cəmləşdirib qulaq asmağa başladı. Xalidə burnunu çəkə-çəkə söylənirdi:

- Düz 23 ildir ailə qurmuşuq. Zəhrimar siqareti məndən, ailəsindən çox istəyir. Min dəfə yalvarmışam, Musa, qadan alım, nə olar,  at  daşını bu zəhərin.  Canına yazığın gəlsin. Həm cibinə ziyan vurursan, həm də canına. Yəni bu acı tüstü bizdən əzizdir sənə?!  Sənə bir şey olsa, bizim halımız necə olacaq? Uşaqların institutda oxuyurlar. Bir ətək xərcləri var, mən savadsız, heç yeri tanımıram. Necə gələrəm bu firon balalarının öhdəsindən. 

Ara verib, burnunu sildi. Sonra yenə başladı:

-Bəzən onsuz necə yaşamağımızı təsəvvürümə gətirəndə özümü qatıq satanlar cərgəsində görürəm. Axı əlimdən nə gəlir. Mən də gərək Bakıya qatıq daşıyıb satam ki, sizi bir  yana çıxara biləm. 

-Elə danışma, nə qardaşlarım, nə də mən razı olmarıq ki, sən əziyyət çəkəsən.  Bir də atama nə olub axı, səhər durar, birlikdə danışarıq.   Həkimin söylədiklərini ona çatdırarıq. Tərgini qılar, inanıram ki, ata bizi eşidəcək. 

-Yox, heç inanmıram, bu mövzuda söhbət düşəndə həmişə deyir ki, bacarmıram, gücüm çatmır.  

Deyəsən Əsmər anasının boynunu qucaqladı. Çünki hər ikisi birdən hönkürdü…

Kiçik oğlu Tərlan   dərinliyə varmasa da, qızı Əsmər çox həssas idi. Hər şeyi ürəyinə salıb, dərd eliyəndi. «Eh, Xalış, axı niyə ürəyindəkilərini açıb balaca qızcığaza deyirsən? Niyə onun da körpə qəlbini param-parça edirsən?»,-fikri keçdi beynindən. 

Yenə gözlərini yumdu.  Hiss etdi ki, anası Tərlanı oyadıb yerinə göndərir: «Get yerində yat, şükür Allaha, atan da yatıb». Tərlan  səssiz o biri otağa keçdi. Musa özünü yuxuluğa vurdu. Əsmər  kresloda oturub atasına  qayğılı-qayğılı  baxan anası üçün də adyal gətirdi. Bilirdi ki,  anası  ərinin keşiyini çəkəcək...

Musa rayonda ad-san qazanmış fizika müəllimlərindən biri, bəlkə də birincisiydi. Məktəbdə dərsi qurtarandan sonra evdə ali məktəblərə uşaq hazırlayırdı. Repetitorluq fəaliyyətində   hələ bir qüsuru olmamışdı. Hazırlaşdırdığı uşaqlardan onun fənnindən heç bir nəticə göstərməyəndə valideyni çağırıb aldığı aylıq pulları geri qaytarırdı. Haqq, ədalət tərəfdarı, düzün, doğrunun dostu idi. Xalidəni də sevib evlənmişdi. Amma onu oxumağa qoymamışdı.  Əslində özü yox, atası qoymamışdı ki, gəlini oxusun.   İki oğlu, bir qızı vardı. Böyük oğlu Tural ali məktəbi bitirəndən sonra əsgər getmişdi. Ortancıl oğlu Tərlan Texniki Universitetdə dördüncü kursda, qızı Əsmər isə Tibb Universitetinin birinci kursunda oxuyurdu. 

Balaları tətilə gələndə Xalidə əldən-ayaqdan gedirdi.  Onlar üçün çətin başa gələn xörəkləri–düşbərə, qutab, plov, balıq ləvəngisi belə hazırlayardı. Şirniyyatlara da ki, söz ola bilməz. Böyük həvəslə hazırladığı naz-neməti hər dəfə süfrəyə düzəndən sonra mətbəxə keçib: «Görəsən, indi Tural balam nə yeyir?»-deyib kövrələrdi. Musa da onun bu xasiyyətini bilib arxasınca mətbəxə gələr, «Burnunun suyunu axıtma, ay Xalış, uşaqların haramı olar. Nə qalıb, Allaha şükür. İli başa vurmağa nə var ki, bir az da səbr elə»,-deyib arvadını ovundurardı.      

İndi də uşaqlar Qurban bayramı münasibətilə verilən tətilə gəlmişdilər. Musa axşamkı əhvalatdan sonra  onların da halının fəna olduğunu bilirdi. 

Bu andıra qalmış xəstəliyi (ağ ciyərlərində plevrit) düz dörd il idi ki, onu narahat edirdi. Dava-dərman qəbul eləsə də,  həkim dəfələrlə ona siqareti tərgitməyi məsləhət görmüşdü. Əslində «məsləhət görmüşdü» bir az yumşaq səslənir. Lap qorxutmuşdu da. Di gəl Musa bu «uşaqlıq dostundan» heç cür ayrıla bilmir, biri qurtarmamış o birini yandırırdı. Gör neçə vaxtdı onunla yol-yoldaşlıq edirdi. Nələr gəlmişdi başına onun ucbatından. Siqaretlə ilk tanışlığını, dadına baxmağının şirin xatirəsini yadına salanda həmişə gülürdü…

Qonşuları Məmmədağa müharibədə sağ qolunu itirmişdi. Arvadlar deyirdilər Hitlərnən savaşanda olub. Ancaq təkqol Məmmədağa siqareti bir əlli elə yandırardı ki, bütün məhəllə uşaqları ona sirkdə nömrə göstərən janqlyora baxan təki baxardı. Məmmədağa sol qolunun büküyünə kibrit qutusunu sıxar, ağzında tutduğu kibrit çöpünü qutunun qara yerinə sürtərdü. Kibrit alışan kimi sol əlinin barmaqları arasında əvvəlcədən hazır tutduğu siqaretini yandırardı. Özü də elə məharətlə, tez  yandırardı ki, bığı heç vaxt alışmazdı.  Sonra da ləzzətnən içinə çəkib, tüstünü göyə buraxar, hökmən də yerə tüpürərdi. 

Məhəllə uşaqları özlərini bir neçə dəfə Məmmədağa kimi aparmağa çalışsalar da, onlarda alınmazdı. 

Ancaq bir gün kişi kimi siqaret çəkməyin ləzzətini dadmaq istədilər. Əvəz atasının çəkdiyi «Əfsanə»ni, Fazil nənəsinin çəkdiyi «Astra»nı, Musa da əmisinin «Kosmos»unu ortaya qoydular. Hər üçü oğurluq eləmişdi. Üstəlik Musa xaricdən gətirilmiş bəzəkli alışqanı da gətirmişdi. Qalırdı bircə bunların dadına harada baxmaq məsələsi. Xeyli götür-qoydan sonra Musagilin ayaqyolunda siqaret çəkməyi qərarlaşdırdılar. Çünki onların ayaqyolusu evin arxasında, qoyunların pəyəsinə gedən yolda idi. 

Taxtadan düzəldilmiş ayaqyoluna balaca kətil də gətirdilər. Əvvəlcə hər üçü «Əfsanə»nin dadına baxmağa başladı. Acı tüstünü ayaqyolunun qoxusuna qarışdırıb üfürürdülər. Hərəsi öz evində papiros çəkəni yamsılamağa başladı. Dodaqlarını irəli uzadıb ağızlarındakı tüstünü tualetin şiferinə doğru fısqırırdılar. Fazil tüstünü burnundan çıxarmaq istədi. Gözləri yaşardı. Öskürək tutdu.

-Heyf, külqabı yadımızdan çıxıb, olmasa göstərərdim, atam necə barmağıyla külü qoparır,-deyə Əvəz yekə-yekə öyündü. 

Musa da onda özünün uydurduğu tapmacanı söylədi: Aldım bir dənə, açdım iyirmi dənə. Xeyli gülüşdülər. 

«Astra» yaman acı oldu. Dil-dodaqlarına yapışan tütünü tez-tez tüpürürdülər.  Kötükləri də düz tualetin deşiyinə atırdılar. «Balaca kişilər» özlərini necə unutmuşdularsa, «Kosmos»un yarısını boşaldanda  artıq ayaqyolunda göz-gözü görmürdü. Qonşu Rəhimə xalanın  tualetin taxtaları arasından çıxan tüstünü görüb: «Ay Nazilə, zaxodunuz yanır», -deyib hay-həşir qoparmasından  da xəbər tutmamışdılar. Musanın atası Mirzağa qapını döyəcləyəndə özlərinə gəldilər ki, onda da artıq gec idi…

İllər keçdi. Musa ali məktəbi bitirib doğma rayona qayıtdı. Orta məktəbdə fizika müəllimi kimi işləməyə başladı. Hərdən çətin məsələnin həlli üzərində baş sındıranda həmkarı Abasağa ilə otaqların birində oturar, fikir mübadiləsi edə-edə o qədər siqaret çəkərdilər ki, katibə Alimə otağa girib onlara baxar, başını bulayardı. 

-Tüstüsüz məsələ həll eləmək olmur?

Abasağa da əvəzində gülərək:

-Ay Alimə, tüstünü üfürürsən, sonra dalınca baxıb fikirləşirsən. Görürsən ki, paho, sən demə hamısı tüstünün dalınca gəlirmiş e...

Həmkarının bu cavabı uzun illər müəllimlər arasında sitata çevrilmişdi.

Dostu Təvəkkülün bu zəqqum siqaretin ucbatından başına gələnlərini yadına salanda isə özünə təsəlli verib, bəraət qazandırırdı.

Təvəkkül yaman siqaret çəkən idi.   İstədiyi qızla nişanlanandan sonra Musaya dedi ki, bilirsən, tərgini qılacam  bu şoğəribin. Şəlalə deyir, az atmosferi zəhərlə. (Guya bu boyda atmosferi bircə Təvəkkül korlayır?!) Ya mən, ya da siqaret.

Ancaq çox sürmədi ki, Təvəkkül yaman xəstələndi. Lap yatağa düşdü. Həkimlərin dava-dərmanı da kömək eləmədi. Bir gün dərsdən sonra Təvəkkülə dəyməyə gələn Musa «Bəlkə bir siqaret çəkəsən. Birdən-birə tərgitmisən, elə bilirəm, onun  ağrılarıdır çəkirsən».

Evdəkilər bilməsin deyə siqareti özü yandırdı. Bir-iki qullab vurandan sonra Təvəkkülə verdi. Təvəkkül acı tüstünü görməmişcəsinə ciyərlərinə çəkdi…

Səhər onlara gələndə Təvəkkülün evdə son qərarını verməsini  Musaya çatdırdılar. 

-Çəkəcəm. Ə, bu imiş e, məni yorğan döşəyə yıxan. Dünən sən gedənnən sonra özümü elə yaxşı hiss elədim ki. Hələ bir kasa küftə-bozbaş da yedim.  Musa, Allah ölənlərü rəhmət eləsün. Nə yaxşı yadua düşdü. Şəlaləni də yola gətirmişəm. Dedim ki, ölməyimi istəyirsən, ya siqaret çəkməyimi.  

O vaxtdan xeyli keçməsinə baxmayaraq Təvəkkül hələ də özü demişkən «köhnə paravoz kimi tüstülüyür».

Bu nədir? Niyə xatırlayır bu olanları. Siqaretəmi tərəfdaş çıxır, ya özünə haqq qazandırır. «Bu lap fizika məsələsindən də çətin oldu ki»,-fikri keçdi beynindən …

İstər-istəməz əlini gödəkcəsinin yan cibinə apardı. Qara «Kent-4» siqaretini götürdü.  Üzərindəki xəbərdarlıq kağızına baxdı. «Səhiyyə nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur». Şriftinə bax. Adamın lap gözünə soxurlar.  Dolayısı yolla deyirlər ki, kor olasan, görmürsən bura nə yazılıb? Təvəkkül demişkən, «Ə, necə də sığortalanırlar?!  Yəni bizdən demək. Özün bilərsən, sümürərsən ölərsən, sümürməzsən qalarsan». 

Qapağını qaldırdı, istədi birini götürüb yandırsın.  Xalidənin qızına dedikləri, qızının söylədikləri yadına düşdü. Həmişə eşitdiyi sözlər bu gecə ona başqa təsir bağışlamışdı. İllərlə yol-yoldaşı olduğu tüstülü-qoxulu bürmələnmiş tütünündən necə əl çəkəcəkdi? Barmaqları, dodaqları darıxmayacaqdımı onunçün.  

Xalidə demişkən sormalı şüşə konfet, iris, kişmiş, qovrulmuş fındıq, ya da ki, tum tökəcəkdi  cibinə. 

Qəti qərar vermək asandır. Görəsən iradəsi çatacaqdımı bu qərarı yerinə yetirməyə. 

Elə bu vaxt Xalidə hövlanak həyətə endi. Musa oturduğu daşın üstündən qalxdı. Xalidə onu bağda görüb dayandı. Hər ikisi dinməz bir-birinə baxdılar. Musa əlindəki siqaret qutusunu əzib qalaqlanmış xəzəlin üstünə tolazladı. Sanki arvadına bir mesaj verdi bu hərəkətiylə.  «Bax, gördün tulladım, bir də əlimə almıyacam bu zəhrimarı». Daxilinə verdiyi komandanı sanki qulaqları eşitdi. Yəni bu qədər sadə imiş hər şey. Sevindi. Sevindi ki, lap azacıq da olsa, iradəsi varmış. Gözucu illərlə yoldaşlıq etdiyi, indisə atdıği “sevgili”sinə baxdı. Elə bildi siqaret qutusu onu lənətləyir, “vəfasız” deyib nalə çəkir. Ürəyində: “Yoox, sən xəyanət edirdin dostluğumuza. Az qalmışdın canımı da alasan”-deyib üzünü çevirdi.

Həyətin o başında Xalidənin tum gözləri qıyıldı. Göydə tutdu ərinin mesajını. Evə girməyi ilə çıxmağı   bir oldu. Tələsik Musanın yanına gəldi. Əyilib onun yanındakı xəzəllərə kibritlə od vurdu. Bir anda qıvrılan tüstü göyə qalxmağa can atdı. Siqaret qutusu da içindəkilərlə alışdı. 

Musa  gülümsədi.  Fikirləşdi ki, Xalidə qorxdu. Ona görə tez yandırdı xəzəlləri.  Qorxdu ki, birdən əri əyilib yenə götürər xəzəllərin üstünə atdığını…

 

 




Oxşar Xəbərlər

Xəbər lenti