8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkə başçısının hər işgüzar və rəsmi səfəri, hər rəsmi qonağı qəbul etməsi dövlətlərarası münasibətlərin inkişafına, inamın, etibarın, etimadın yüksəlişinə xidmət edir, siyasi mühitin stabilləşməsində əhəmiyyətli olur. Bu, həm siyasi, həm də iqtisadi münasibətlərin formalaşması baxımından nəinki gərəkli olur, həm də zəruridir.
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri də bu baxımdan diqqəti çəkir. Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz müharibə 32 il davam etdi. Bu müddətdə ATƏT-in Minsk qrupu işğalçı dövlətə siyasi təsir göstərmədi, fəaliyyəti hiss olunmadı. Bu səbəbdən Azərbaycan torpaqlarını işğaldan özü azad etdi.
2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Azərbaycan sülh mü-qa¬viləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü, bunun əsasında sülh müqaviləsi istiqamətində danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan oldu.
Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zəbrbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi qonağı qəbul edərkən çıxışında dedi: “Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edib. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırdı.
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırdı, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğuladı.
Görüşdə qarşıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Ən əsası, ümid etmək olar ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təsirini göstərəcək, Cənubi Qafqazda dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcəkdir!
Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü. Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Sozcu.info