27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bakının tən mərkəzində, Nizami küçəsi 96 ünvanında "TeaFon” İstehsalat Kommersiya Birliyinin direktoru Şamil Ağayevin əlində Teatr Xadimləri İttifaqının (TXİ) sədri Azərpaşa Nemətovun qanunsuz əməllərini isbat edən 3 cildlik sənəd var. Buna görə də hüquqlarını müdafiə etmək üçün yenidən məhkəməyə üz tutub.
Saxta müqavilələrin gizlinləri
Bakının tanınmış işadamlarından biri olan Şamil Ağayev bildirir ki, Teatr Xadimləri İttifaqına (TXİ) dəstək məqdəi ilə ötən əsrin 80-ci illərində "Teatr Fondu” (qısaca adı TeaFond) İstehsalat Kommersiya Fondunu yaradıblar. Müəssisənin aylıq gəlirlərinin 30 faizini isə daim TXİ-nin hesabına köçürüb. Bu faktı isbat edən bank sənədləri var. Bununla yanaşı, TXİ-nin "Qızıl Dərviş” mükafat fonduna, hər ay tanınmış sənətkarların ad günü və yubileyləri tədbirlərinə, TXİ rəhbərliyinin müxtəlif ezamiyyətlərinə əlavə vəsaitlər köçürüb. Şamil Ağayev onu da bildirdi ki, TXİ ilə münasibətlərində maliyyə məsələsində hər zaman idarə heyətinin sədri Azərpaşa Nemətova və ya onun təyin etdiyi şəxsə həmin vəsaitləri çatdırıb. Azərpaşa Nemətovun kriminal əməlləri və maliyyə fırıldaqlarından o zaman xəbər tutub ki, "TeaFond”un adından müxtəlif şirkətlərlə icarə müqavilələri imzalamaqla əlavə gəlir mənbələrinə sahib çıxıb. Belə ki, Nizami küçəsi 96 ünvanında yerləşən keçmiş 3 saylı dəyirmanın binası və ərazisi "TeanFond”un balansında olub. TXİ-nin maliyyə imkanı olmadığı üçün, ləzğv edilmiş keçmiş taxıl Məhsulları Nazirliyinin balansından çıxarılan zaman həmin ərazi və orada yerləşən mülkü "TeaFond” İstehsalat Kommersiya Birliyinin rəhbəri kimi həmin vəsaiti Şamil Ağayev ödəyib. Şamil Ağayev onu da bildirdi ki, illərdir TXİ-nin idarə heyətinin sədri, 2003-cü ildən sonra TXİ-nin rəhbəri statusunu daşıyan Azərpaşa Nemətov dövlət qanunlarını pozaraq, ona məxsus əmlakı qanunsuz yerə mənimsəyibdir. Belə ki, "TeaFond”a məxsus Nizami küçəsindəki 67 sot ərazini "Muradlı” şirkətinə qanunsuz yerə satıb. Bunun üçün Bakı şəhər Dövlət Əmlakının Reyestri İdarəsinin keçmiş sədri Arif Qaraşovla əlbir olaraq bu qanunsuzluqları edib. Bütün bunlar azmış kimi, həmin ərazidə dəyəri 100 min dollar olan və Şamil Ağayevə məxsus əmlakı da mənimsəyiblər. Əmlak bazarı üzrə mütəxəssislər bizə onu da bildirdilər ki, Nizami küçəsi 96 ünvanı ilə bağlı ərazinin qiyməti onmilyonlarla dollar vəsait deməkdir. Həmin ərazidə qanunsuz yerə göydələnlər tikilib. Halbuki, əmlakın sahibi, Ədliyyə Nazirliyində qeydiyyatı olan və Vergilər Nazirliyinə hər ay vergi ödəyən Şamil Ağayevin şirkətinin ünvanı da məhz bu ərazi olaraq göstərilir. Qanunlarda göstərildiyi kimi daşınmaz əmlakın özəlləşdirilməsi və satılmasında Arif Qaraşovun rəhbəri olduğu idarənin heç bir səlahiyyəti olmayıb. Çünki, həmin ərazi qanunda da göstərildiyi kimi qeyri-yaşayış ərazisi kimi qeydiyyata malik olub. TXİ-nin adından Azərpaşa Nemətovun Arif Qaraşovla kirli işlərə müdaxilə etmələri qanunla bir cinayət əməlidir. Bütün bu cinayətlər TXİ-nin adından Azərpaşa Nemətovun xüsusi himayədarlığı ilə seçilən Məmməd Xəlilov tərəfindən həyata keçirilib. Hansı ki, M. Xəlilov TXİ-nin üzvü və qurultayının qərarı olmadan bu qurumun katibi vəzifəsinə irəli çəkilib. Guya M. Xəlilov menecer və biznes mühitini əla bilirmiş deyə, ona TXİ-də ən yüksək səviyyədə etimad göstərilib. M. Xəlilov TXİ-nin adından törətdiyi cinayətlərə görə qanunlardan qorxaraq 1994-1996-cı illərdə ölkədən qaçaraq Birləşmiş ərəb Əmirliklərinin Dubay şəhərində bir müddət gizlənməli olub. Sonrada həbs olunaraq ədalət məhkəməsi tərəfindən ona 8 il həbs cəzası verilib. Halbuki, Məmməd Xəlilov TXİ-nin sədri Azərpaşa Nemətovun icazəsi olmadan bu istiqamətdə hər hansı bir addımı ata bilməzdi.
Qanunsuz icarədar taktikasının havadarı kim olub
"Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi”nin keçmiş rəisi Arif Qaraşov TXİ-nin idarə heyətinin sədri Azərpaşa Nemətovla əlbir olaraq, Nizami küçəsi 96 ünvanında yerləşən və qanunla "TeaFond” İstehsalat Kommersiya Şirkətinin balansında olan 67 sot ərazi haqqında qanunsuz ayrıca texniki pasport hazırlamış və sonra isə, həmin obyekti və ərazini istədikləri şirkətlərə icarəyə vermək üçün hərəkətə keçmişlər. Təbii olaraq, sənədləşmələr də qanunsuz olaraq TXİ-nin vasitəsilə həyata keçirilmişdir. Qanuni mülkiyyətçi olan "TeaFond” şirkəti isə bütün bunlardan sonradan xəbər tutmuşdur. Ona görə də illərdir TXİ və "TeaFond” arasında acı bağırsaq kimi uzanan məhkəmə prosesləri davam edir. TXİ-nin qanunsuz əməllərindən biri də budur ki, "TeaFond” İstehsalat Kommersiya Birliyi qurumunun rəhbərinin Şamil Ağayevin olmaması iddiasıdır. Halbuki, həmin qurum bütün sənədlərdə də qeyd olunduğu kimi Şamil Ağayevin adına rəsmi dövlət qeydiyyatına malikdir. Ədliyyə və Vergilər nazirliklərinin qeydiyyatında da məhz Şamil Ağayevin adı qeydə alınıb. Bununla yanaşı, 18 fevral 2010-cu il tarixdə Teatr Xadimləri İttifaqının 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə göndərdiyi məktubunda da bilmədən etiraf edib ki, "TeaFond” İstehsalat Kommersiya Müəssisəsinin təhsisçiləri Şamil Ağayev, Namiq Ağayev, Sevda Eminova, Fazil Nadirov və Ehtimal Səmədovlardır. Yəni, TXİ-nin üzvü olmayan və heç bir strukturunda çalışmayan vətəndaşlar bu şirkətin təsisçiləridirlər. TXİ isə bütün dövlət qurumlarına müraciət edərək "TeaFond” İstehsalat Kommersiya Birliyini tanımamaq haqqında heç bir hüquqi əsası olmayan sənədləri yağış kimi yağdırmışdır. Təbii olaraq, qurumun rəhbəri kimi Şamil Ağayev qanunla onun özünə məxsus olan mülklərin qarşılığında öz halal pulunu tələb etmişdir. TXİ rəhbərliyi isə hər dəfə olduğu kimi "pulumuz yoxdur” cavabını vermişdir. Probelmin qaranlıq tərəfi budur ki, TXİ-nin adından Arif Qaraşovla bütün qanunsuz əməlləri həyata keçirən Azərpaşa Nemətov sonradan "TeaFond”a qarşı məhkəmələrdə dava açmaq taktikasını tətbiq edibdir. Yəni, "TeaFond”un mülkiyyətinə qanunsuz yolla sahib çıxmaq istəmişdir. Halbuki mədəniyyət haqqında qanunları bilməyə borclu olan TXİ-nin rəhbərliyi, xüsusilə də Azərpaşa Nemətov unutmamalıdır ki, Nizami küçəsi 96 ünvanındakı obyekt həm də tarix və memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Bu, o deməkdir ki, həmin ərazidəki tarixi tikili sökülə bilməz və orada hər hansı göydələn də tikilməməlidir. TXİ-nin sədri kimi sonradan Azərpaşa Nemətovun razılığı əsasında indi həmin obyektdə göydələnlər şəhərin memarlıq kompleksini yararsız hala gətiribdir. TXİ "TeaFond”un icazəsi olmadan həmin ərazidə "BMW”, "Saray LTD”, "İtal Dizayn”, "Dəmir Döküm”, "Xəlifə” və "Muradlı” firmalarına həmin icarəyə veribdir. Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, bu ərazidə yerləşən şirkətlərin illik ödədikləri verginin ümumi dəyəri bir milyon dollardır. Şamil Ağayev bildirir ki, 1998-ci ildən üzü bu yana TXİ-nin adından qanunsuz əməlləri Azərpaşa Nemətovun şəxsən həyata keçirir. O zaman sual yaranır ki, həmin ərazidə TXİ adına əldə olunan gəlirlər haraya sovrulub?
11 milyon manatlıq talançılıq
"TeaFond” Kommersiya İstehsalat Birliyinin "TURAN BANK”ın hesabında 11 milyon manat vəsait də Teatr Xadimləri İttifaqının (TXİ) sədri Azərpaşa Nemətovun sayəsində yoxa çıxıb. Bütün kələklər isə Məmməd Xəlilovun vasitəsilə həyata keçirilib. 1998-ci ildə qanunsuz yerə "TeaFond”a məxsus obyektlərin Arif Qaraşovla əlbir olaraq TXİ-nin balansına keçirilməsindən sonra, Nizami küçəsi 96 ünvanındakı 67 sot ərazi tikinti şirkətlərinə ucuz qiymətə satılıb. Halbuki, "TeaFond” İstehsalat Kommersiya Birliyi yaranan zaman Teatr Xadimləri İttifaqı ilə anlaşmalara görə teatrlarımızda tamaşaya qoyulan əsərlər üçün geyimlər tikilməli idi. Bir sıra istehsal vasitələri (mədəniyyətlə bağlı suvenirlər, mədəni kütləvi tədbirlər üçün ləvazimatlar və sair) sayəsində TXİ-nin maddi imkanlarına dəstək veriləcəkdi. Beləliklə də TXİ Azərbaycan Teatrı və mədəniyyəti üçün həyatını vermiş sənət adamlarının xatirələrini əbədiləşdirmək üçün, onların haqqında kitabların dərc olunması, əsərlərinin dərc ediıməsi, sənədli-bədii filmlərin çəkilməsi, yubileylərinin keçirilməsini həyata keçirəcəkdi. Teatr fesitvallarının keçirilməsi, sənət adamlarının ezamiyyətlərinin təmin edilməsi və sair işlərə dəstək olunacaqdı. Nə qədər ki, "TeaFond” İstehsalat Kommersiya Birliyi mövcud idi, bütün bunlara maddi dəstək də verilirdi. Bu faktları sübut etmək üçün birliyin sədri Şamil Ağayevin əlində daşdan keçən müvafiq sənədlər vardır. Şamil Ağayev bizə əlində sənədləri göstərərək teatr üzrə hansı sənətkarın yubileyinə, doğum gününə və xatirə gecəsinə görə Azərpaşa Nemətova nə qədər pul vəsaitini verdiyini göstərdi. Görəsən həmin sənətkarların bundan xəbərləri varmı? Əmlak bazarı üzrə mütəxəssislər onu da bildirdilər ki, adətən əmlak üzrə hər hansı bir mübahisəli məqamlar yarananda qarşılıqlı olaraq halallıq məsələsinə xüsusi diqqət yetirilir. TXİ sədri kimi Azərpaşa Nemətov "TeaFond”un rəhbəri Şamil Ağayevə nəinki hallalıq təklifində bulunmuş, hətta mənasız məhkəmələrə üz tutmuşdur. Halbuki, 2002-ci ildə Azərbaycanda məhkəmə sistemi üzrə yeni qanunlar qəbul edildikdən sonra, TXİ-nin sədri Azərpaşa Nemətovun "TeaFond”un əmlakına qarşı qaldırdığı bütün iddialar artıq qanunsuz sayılır. Şamil Ağayev bu qanunu əlində rəhbər tutaraq, qarşılıqlı məhkəmə proseslərinə üz tutmuşdur. Bu dəfə Azərpaşa Nemətov öncələrdəki kimi yeni havadarlar axtarışına çıxmışdır. "TeaFond” İstehsalat Kommersiya Birliyi yeni qanunla "Qapalı Tipli Səhmdar Cəmiyyəti”nə çevrildiyi üçün, TXİ-nin bu quruma qarşı mülkiyyət iddiasını ortaya atması tamamilə qanunsuz əməl hesab olunur. Bu faktı isbat etmək üçün Ədliyyə Nazirliyinin qeydiyytına və Verglər Nazirliyinin vergi ödəmələri sisteminə nəzər yetirmək kifayətdir. Əmlak məsələləri üzrə mütəxəssislər, eləcə də hüquqşünasların fikrincə "TeaFond”a məxsus əmlakın qanunsuz yolla mənimsənilməsi məsələsinə Auditorlar Palatası, Dövlət Hesablama Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Baş Prokurorluq, Vergilər və Ədliyyə nazirlikləri azacıq da olsa diqqət yetirsələr bütün qanunsuzluqları yerindəcə aşkar edə bilərlər. Həqiqət ondan ibarətdir ki, TXİ-nin statusundan istifadə edərək dəyəri milyonlarla ölçülən həmin müəssisələr və ərazilər indi bu qurumun balansında yoxdur. Əgər TXİ-yə bu əmlaklar lazım idisə, nədən indi onlar yoxdur? Bütün bunlar azmış kimi, indi TXİ-yə məxsus "Aktyorlar Evi”nin taleyini də "TeaFond”un əmlakının taleyi gözləyir.