Məmurların qanunsuz əməllərinin ifşası nə vəd edir?

Məmurların qanunsuz əməllərinin ifşası nə vəd edir?

 


Ekspert bu prosesin arxasında xarici qüvvənin dayandığını istisna etmir

 

Azərbaycan hakimiyyətində önəmli mövqe tutan deputat və məmurların xarici ölkələrdəki biznesi, mülk və sərvətləri ilə bağlı məlumatların üzə çıxması total xarakter alıb. Elə bir gün olmur ki, hansısa deputatın və ya məmurun xaricdəki biznesi, mülkü haqqında sənədlərlə təsdiq olunan məlumatlar sosial mediada yayılmasın. Bu proses o qədər intensiv xarakter alıb ki, belə məlumatlar yayılmayanda təəccüblə qarşılanır. Özü də bu məlumatlar adətən bir mənbədən deyil, bir neçə mənbədən yayımlanır. Məsələn, Qərbi Avropadan yayılan məlumatlar bir qayda olaraq Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi (OCCRP) jurnalistlər şəbəkəsinə daxil olan jurnalistlərin çalışdıqları media orqanları və ya nüfuzlu nəşrlər tərəfindən dərc edilir. Şərqi Avropadan yayılan məlumatları isə Çexiyada yaşayan Azərbaycanlı jurnalist Cavanşir Həsənli ictimailəşdirir. Son günlər isə bu sıraya Rusiyanın rəsmi orqanlarının və media qurumlarının da adları əlavə olunub.

Rusiya mediasının Moskva polisinin paytaxtın Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatlar Azərbaycanda geniş əks-səda doğurdu. Bu məlumatın geniş əks-səda doğurması isə təsadüfi deyildi. Çünki, söhbət Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızına məxsus olması ilə bağlı sənədlərin mövudluğunu da əks etdirən və Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi "Kapriz” adlı sauna-striptiz klubla bağlı yayılan videodan gedir. Videoda vurğulanıb ki, Zemfira Əsədovanın adına olan obyektdə polisin əməliyyat keçirməsinin səbəbi qonşuların şikayəti olub. Daha dəqiqi, orada narkotik maddələrin satılmasına dair verdikləri məlumat olub. Əməliyyat zamanı bu faktın öz təsdiqini tapdığı iddia olunur. Bu video son bir ilin fenomeninə çevrilərək, "YouTube” kanalında yüz minlərlə şəxs tərəfindən izlənilib. Yalnız bir "YouTube” kanalında izləmə sayı 180 minə yaxın olub. Ümumilikdə isə "YouTube” kanallarının səthi monitorinqi həmin videonu izləyənlərin sayının bir neçə yüz min olduğunu göstərir.

Bundan başqa internet televiziyaların birində tez-tez məmurların sərvəti ilə bağlı ifşaedici məlumatlar yayılır. İqtisadi-sosial vəziyyətin pisləşdiyi indiki zamanda isə belə məlumatlar ictimai rəyi daha da qızışdırır. Ekspert və siyasi təhlilçilərin bəzilərinə görə, bütün bu baş verənlərin arxasında hansısa xarici güclər və müxtəlif məqsədlər dayanır. Belə ki, adının çəkilməsini istəməyən ekspert hesab edir ki, bu məlumatların yayılması təsadüfi deyil və xüsusi məqsədələrə xidmət edir. Ekspert hesab edir ki, Rusiyanın paytaxtında baş verənlər xüsusilə diqqəti cəlb edir. "Çünki, Avropadan fərqli olaraq Rusiya avtoritar dövlətdir və bu ölkədə hər şey hüquq-mühafizə orqanlarının sərt nəzarəti altındadır. Moskvanın mərkəzindəki "Kapriz” adlı sauna-striptiz klubunun kimə məxsus olmasının Rusiya polisinə məlum olmaması inandırıcı görünmür. Eyni zamanda polisin əməliyyat keçirməsinin səbəbi kimi qonşuların şikayətinin əsas göstərilməsi də inandırıcı görünmür. Çox böyük ehtimalla polisi həmin obyektdə əməliyyat aparmağa xüsusi xidmət orqanlarından verilən məlumat sövq edib. Avtoritar ölkədə isə heç bir xüsusi xidmət orqanı belə məlumatı polisə siyasi sifariş olmadan verməz”. Rusiya xüsusi xidmət orqanlarının belə addım atmasını isə ekspert Rusiyanın Azərbaycan rəsmilərinə hədə-qorxusu kimi qiymətləndirir. Ekspertə görə, Azərbaycanda başladılan islahatlar Qərbi məmnun edirsə, deməli Rusiyanı narazı salır. "Kreml özünün təsir zonası hesab etdiyi ölkələrin daxili siyasətinin Qərbin tövsiyyələri əsasında aparılmasından ciddi narahatlıq keçirir və bunları özünə qarşı təhlükə hesab edir”.

Bütün bunların davamı olacaqmı və nə zamana kimi davam edəcək kimi suallara cavab olaraq ekspert bildirir ki, biz hələ prosesin başlanğıcındayıq. "Fikimcə, qarşıdakı həftələrdə bu növ məlumatlar yüksələn xətlə artacaq. Hətta bəzi məmurların əməlləri ilə bağlı videoların da yayılması istisna edilmir”. Məmurların qanunsuz əməllərinin ifşası nə vəd edir sualına cavab olaraq isə, ekspert qeyd edir ki, yayılan məlumatların arxasındakı qüvvələrin kimliyi tam məlum olmadığı üçün dəqiq bir söz demək çətindir. Ancaq bütün bunların ümumi məqsədi Azərbaycan hakimiyyətinə təsir etməkdir. Çünki, dünyada və regionda nüfuz savaşı çox kəskin mərhələyə qədəm qoyub. Savaş tərəfləri isə bitərəfləri öz yanlarına çəkmək, rəqibin yanındakına zərər verməkdən ötrü bu kimi əməllərə əl ata bilərlər. Bundan qurtulmağın yeganə yolu isə xaricdəki biznes və sərvətin ölkəyə qaytarılmasından ibarətdir. Əks halda məmurların xarici ölkələrdəki sərvəti həmişə təzyiq vasitəsi olaraq qalacaq.

A.Nəbiyev,

"Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti