8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Namizəd Səfərov: "Bu, diplomatik münasibətlərin pozulmasına hesablanmış addımdır”
İlham İsmayıl: "Səs yazan təşkilatda günah axtarmaq lazım deyil”
Osman Gündüz: "Dinləmə ilə bağlı hələ də problemlər qalıb”
Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinq zorakı şəkildə dağıdıldıqdan sonra Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin "Real TV”-nin rəhbəri Mirşahin Ağayevin müəllifi olduğu "Mirşahin vaxtı” proqramında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə görüşünün və Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə telefon danığının səs yazıldı. Bir gün sonra isə istər "Real TV”-nin hazırladığı həmin proqram, istər də bu televiziyaya istinadən edərək həmin səs yazısını paylaşan saytlar həmin verilişi silməyə məcbur oldular.
Əlbəttə, artıq "ox yaydan çıxdığından” bu proqramın və onun əsasında hazırlanan yazıların saytlardan silinməsi heç nəyi dəyişmirdi. Təsadüfi deyil ki, bu səbəbdən Gültəkin Hacıbəyli mətbuat vasitəsilə "Real TV”-nin üzrxahlığını qəbul etmədiyini, cəzalandırılmasını tələb edəcəyini bildirdi: "Bu gündən bütün hüququ prosedurları başlayıram. Mənə qarşı bu cinayət əməlini törədən şəxslərin – "Azercell”in və bu informasiyanı paylaşan "Real TV”-nin onlara bu informasiyaları ötürən orqanların məsuliyyətə cəlb olunması üçün bütün hüquqi imkanlardan istifadə edəcəyəm. Təbii ki, Azərbaycan məhkəməsindən ədalət gözləmirəm. Ancaq Avropa Məhkəməsi səviyyəsində bu məsələdə ciddi nəticə əldə edəcəyimizə əminəm”.
Əlbəttə, ABŞ və Avropa İttifaqı diplomatlarının səs yazısının yayılmasının etiraz doğuracağı öncədən də bəlli idi. Təsadüfi deyil ki, hadisədən dərhal sonra ABŞ səfirliyi yaydığı bəyanatda, yumşaq desək, hakimiyyəti qınadı.
Bəs, əvvəlcədən belə olacağı bilindi halda ölkəmizin imicinə zərbə vuran bu hadisə kimə lazım idi? Digər tərəfdən, bəllidir ki, hansısa televiziya rəhbərinin G.Hacıbəylinin xarici diplomatlarla telefon danışığını dinləmək imkanı yoxdur, bəs, "Real TV”-nin rəhbəri Mirşahin Ağayev bu məlumatları necə əldə edib?
"Mirşahinin telefon danışıqlarını yazmaq, izləmək imkanı yoxdur”
Məsələ ilə bağlı Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov "Hürriyyət”ə dedi ki, Mirşahin Ağayevin nəinki Amerika diplomatının Azərbaycan vətəndaşı ilə telefon danışığını yazmaq, heç öz vətəndaşlarımızın bir-birləri ilə telefon danışıqlarını yazmaq, izləmək imkanı yoxdur: "Heç bir şübhə doğurmur ki, bu, səs yazısı hakimiyyətin xüsusi xidmət orqanları tərəfindən yazılıb və Mirşahinə ötürülüb. Mən dəqiq deyə bilmərəm ki, o səs yazılarını Mirşahinə kim verib. Bunu da araşdırmaq lazımdır. Ən pis hal odur ki, bu fakt əsasında bizim ölkənin xüsusi xidmət orqanları tərəfindən xarici diplomatların, o cümlədən Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yerləşən səfirliyinin səs yazılarının aparıldığı üzə çıxır. Belə çıxır ki, Azərbaycan hökuməti açıq şəkildə başqa ölkələrin diplomatik nümayəndələrinin yerləşdiyi ofislərə qulaq asan cihazlar qoşub və onların Azərbaycan vətəndaşları ilə danışıqları lentə alınır.
Bəzi dostlarımız sosial şəbəkədə çıxış edib, bunun adi bir hal olduğunu açıq şəkildə bildirməyə çalışır. Lakin mən hesab edirəm ki, bu, insan haqlarının, ümumiyyətlə, Konstitusiyanın kobud surətdə pozulmasıdır”.
"Biz aşkar hiss edirik ki, bizim son telefon danışıqlarımız dinlənilir”
N.Səfərov qeyd etdi ki, son zamanlar Azərbaycanın mobil şirkətlərinin Azərbaycan vətəndaşlarının səs danışıqlarını izləməsinə hakimiyyətin imkan verdiyi barədə çoxlu söz-söhbətlər yayılıb: "Yəni biz aşkar hiss edirik ki, bizim son telefon danışıqlarımız dinlənilir. Xüsusi xidmət orqanları tərəfindən hər bir Azərbaycan vətəndaşının, yaxud müxalifətdə təmsil olunan vətəndaşların səsləri dinlənilir, yazılır. Bu, həm Konstitusiyanın, həm də insan hüquq və azadlıqlarının ən kobud formada pozulması deməkdir. Biz dəfələrlə rast gəlmişik ki, hakimiyyət orqanları tərəfindən açıq şəkildə vətəndaşların evlərinə kameralar qurulub, onların videogörüntülərini, intim görüşlərini çəkiblər, onların səs yazılarını yazıblar. Lakin bu gün bu səs yazısını hər hansı vətəndaşa, yaxud guya ki, müstəqil olan bir televiziya kanalına verib ictimailəşdirilməsi böyük bir skandaldır. Bu, diplomatik münasibətlərin pozulmasına hesablanmış bir addımdır. Mən cəmiyyətdə görürəm, hamı bunu töhmətləndirir, öz etirazını bildirir”.
"Mirşahin az qalmışdı bunu vətənə xəyanət, Gültəkin Hacıbəylinin casusluğu kimi qələmə versin”
Səfərovun fikrincə, əslində, Gültəkin Hacıbəylinin Amerika səfirliyinin nümayəndəsi ilə söhbətində qeyri-adi heç nə yoxdur: "Mən özüm, yaxud başqa müxalifət partiyalarının liderləri, fəalları dəfələrlə həm Amerika Birləşmiş Ştatalarının səfirliyində, həm də digər ölkələrin səfirliklərinin keçirdiyi tədbirlərdə iştirak edirik, orada diplomatik nümayəndələrlə, səfirlərlə, siyasi məsələlərə baxan üzvləri ilə görüşlər aparırıq, Azərbaycan hakimiyyətinin atdığı addımları, tənqidi münasibətimizi onların diqqətinə çatdırırıq. Məsələn, söz, mətbuat, yığıncaq azadlığının, vətəndaşların sərbəst toplaşmaq hüquqlarının Azərbaycan hakimiyyəti tərəfindən təmin edilməməsini onların nəzərinə çatdırırıq və onların bunlara qarşı öz təsirlərini, diplomatik xəttlə öz bəyanatlarını bildirməsini tələb edirik. Gültəkin Hacıbəyli də ayın 19-da keçirilən mitinq zamanı polisin vətəndaşlara qarşı elədiyi vəhşilikləri, kütləvi surətdə insanların həbsə alınması faktlarını telefonla zəng edib Amerika səfirliyinin diplomatik nümayəndəsinin bir üzvünə çatdırıb. Burada qeyri-adi nə var ki?! Mirşahin az qalmışdı bunu vətənə xəyanət, guya ki, əks kəşfiyyatın bir hərəkəti, Gültəkin Hacıbəylinin casusluğu kimi qələmə versin. Gültəkin Hacıbəyli öz statusuna görə, müxalifətdə təmsil olunan tanınmış siyasi xadimlərdən biridir. O, Amerika səfirinin özü, müavinləri və başqa ölkə səfirləri ilə dəfələrlə görüşüb. Hər dəqiqə də görüşmək imkanına malikdir. Onun telefon danışıqları da təbiidir. Hətta onunla görüşə də bilərdi. Sadəcə, Azərbaycan hakimiyyəti istəyir senssasiya yaratsın, müxalifətə yenidən şər-böhtan atsın, amma alınmadı. Artıq o səs yazısı da silinib. Yaxşı, əgər düzgün addım atmışdınızsa, niyə bunu sildiniz? Həm "Real TV”-dən, həm də əksər saytlardan bu səs yazısı çıxarılıb. Yəni Azərbaycan dövləti də başa düşüb ki, diplomatik səhvə yol verilib. Hətta mən düşünürəm ki, bunun ağır nəticələri ola bilər”.
"İstəyirlər müxalfəti zərbə altında qoyalar, əksinə özlərini zərbə altına qoydular”
"Mən düşünmürəm ki, bu addımı kimsə beynəlxalq qalmaqal yaratmaq məqsədilə atıb. Əsas məqsəd müxalifətə qara yaxmaq, xalq kütlələri arasında təbliğ etməkdir ki, baxın, Gültəkin Hacıbəyli, müxalifətin tanınmış simalarından biri Amerika səfirliyi ilə telefon əlaqəsi yaradıb, guya, ölkəmizin sirrlərini ona verir. Axı, adi insanlar məsələnin mahiyyətinə varmadan buna inanırlar. Bu ucuz təbliğatdan Azərbaycan hakimiyyəti dəfələrlə istifadə edib. Bu dəfə də guya, ondan istifadə etməyə çalışdı. Mən başa düşmürəm, bu haqda ölkənin siyasətini aparan şəxslər adi məsələləri də anlamaq iqtidarında deyillər ki, belə bir səs yazısının ictimailəşdirilməsi məqsədlərindən çox ziyan gətirə bilər? Mən hesab edirəm ki, normal ölkə olsa, bu məsələni gündəmə çıxardan, bu məqsəddən müxalifətə qarşı mübarizədə istifadə etmək fikrinə düşən insanları ən azı siyasət aparmaq qabiliyyətinin olmadığına görə dərhal işdən çıxarmalı, onları cinayət məsuliyyətinə almalıdırlar. İndi ola bilsin ki, hakimiyyət bunu belə qələmə verəcək ki, hansısa siyasi qüvvələr hakimiyyətə qarşı öz məqsədləri üçün istifadə etmək məqsədilə bu səhv addımı atıb. Mən dəqiq bilirəm ki, bu, hakimiyyətin özünün atdığı bir addım idi. İstəyirlər irəli düşələr, guya ki, müxalfəti zərbə altında qoyalar, əksinə özlərini zərbə altına qoydular”,-deyə hüquqşünas əlavə etdi.
"Qanuna görə, tapşırılmış orqan məhkəmə qərarı ilə telefon danışıqlarına qulaq asa bilər”
Keçmiş MTN zabiti İlham İsmayıl isə qeyd etdi ki, Azərbaycan Respublikasında telefon danışıqlarına qulaq asmaq qanunla müəyyənləşdirlib: ""Əməliyyat axtarış” haqqında qanun var. "Əməliyyat axtarış” haqqında qanunda yazılmır ki, konkret hansı orqan səsə qulaq asa bilər. Qanuna görə, tapşırılmış orqan məhkəmə qərarı ilə telefon danışıqlarına qulaq asa bilər. Söhbət kimin, niyə qulaq asmasından getmir. Amerikada da Azərbaycan səfirliyinin əməkdaşlarına qulaq asa bilirlər. Amma Amerika heç vaxt onu "Nyu-York Tayms” qəzetində nümayiş etdirmir ki, baxın, Azərbaycan səfirliynin işçisi bizim hansısa adamla danışıb, bir lobbi tapıblar, onunla əlaqə qurublar. Burada səs yazan təşkilat kimdirsə, o təşkilatda günah axtarmaq lazım deyil, o, informasiya toplayır və o informasiyanı sənə normal istifadə eləmək üçün verir. Sən isə bunu tərəflər arasındakı münasibətləri gərginləşdirməkdən ötrü istifadə edirsən, səs yazsını götürüb efirə verirsən. Səs yazanda günah yoxdur. Səs yazan bunu eləməlidir. Söhbət o səsi təqdim elədyi təşkilatdan gedir ki, o təşkilat nədən onu efirə verir? Odur ki, bunlar dövlət maraqlarını nəzərə alımırlar, yalnız etiraz eləyənləri gözdən salmaq, onların kimləsə fəaliyyət göstərdiyini nümayiş etdirmək üçün bunu göstərmək istəyirlər. Fikir verirdinizsə, "Real TV”-də tez-tez "ağaları, ağaları” deyirdilər. Əgər Qərb "ağa”dırsa, Qərb bu cür yanaşmır”.
"Yeri gələndə xüsusi xidmət orqanı qulaq asır, müəyyən informasiya əldə edir”
"Qeyd etdiyim kimi, müəyyən informasiya əldə etmək üçün telefon danışıqlarına qulaq asmaq olar. Amma bu, o demək deyil ki, o informasiyanı yaymaq olar. Əgər həqiqətən vətənə xəyanət olsaydı, onda siz xüsusi xidmət orqanını ittiham edərdiniz ki, sizin bu işdən niyə xəbəriniz yoxdur. Yeri gələndə xüsusi xidmət orqanı qulaq asır, müəyyən informasiya əldə edir, o informasiya dövlətin səlahiyyətli şəxslərinə ötürülür. O informasiyadan necə istifadə etmək artıq o səs yazanın işi deyil, informasiyanı qəbul edənin işidir. Yəni səsi yazmaqda qəbahət yoxdur. Bəli, deyə bilərdilər ki, "Gültəkin Hacıbəyli Milli Şuranın üzvüdür, biz fikirləşirdik ki, birdən başqa etirazlar ola bilər, qanunauyğun deyil, ona görə, səsə qulaq asmışıq. Və yaxud Amerika Birləşmiş Ştatlarının diplomatına qulaq asmışıq”. Bunu izah edə bilərlər. Amma sonradan heç bir şey olmadığı halda səs yazısını götürüb mətbuata ötürmək o informasiyanı ötürənlərin günahıdır. Yeri gəlsə, Gültəkin Hacıbəylinin, hətta Amerika Birləşmiş Ştatlarının səfirliyinin, Avropa Birliyinin nümayəndəsinin də məhkəməyə vermək ixtiyarı var”.
"Dinləmə ilə bağlı səlahiyyətli qurumlar yalnız bir mənbədən icazə əsasında bu prosesi icra edə bilirlər”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, bütün düyada, o cümlədən bizdə də dinləmə və izləmə həmişə həssas məsələ olub: "Dünyada bu sahədə bir xeyli skandallar olub. Bizdə isə "MTN işi” məsələsi zamanı aydın olmuşdu ki, bu sahədə çox ciddi problemlər var. Ən yüksək səviyyədə olan insanların qanunsuz dinlənməsi və izləmələrin olduğu bildirilirdi. Eyni zamanda monitorinq sistemindən qanunsuz istifadə hallarının da olduğu məlum olmuşdu. Buna görə də prezident tərəfindən bu sahədə səlahiyyət bölgüsünə, əməliyyat-axtarışla bağlı qanunvericiliyə yenidən baxılıb. Dinləmə, monitorinq sistemi ilə bağlı yeni bir quruma, Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) əlavə səlahiyyətlər verilib. Dinləmə və izləmə ilə bağlı ciddi mərkəzləşmə yaradılıb. Dinləmə ilə bağlı səlahiyyətli qurumlar yalnız bir mənbədən icazə əsasında bu prosesi icra edə bilirlər. Bu proses xeyli sərtləşdirilib. Prezidentin son zamanlar qəbul etdiyi sənədlər əsasında sistem elə qurulub ki, dinləmənin mütləq şəkildə izi qalmalıdır. Yəni əgər dinləmə dövlət resurslarından istifadə edilərək reallaşdırılıbsa, onda hökmən ən azı iki dövlət qurumu bu prosesdə iştirak edib”.
"Qeyri-qanuni müdaxiləni istisna etmək olmaz”
O. Gündüz onu da vurğulayıb ki, dinləmə ilə bağlı mobil operatorlarda insan amilini, yəni qeyri-qanuni müdaxiləni də istisna etmək olmaz: "Ancaq belə bir yeni sistem bizdə qurulduğu halda, yenidən bu tip oxşar halların meydana çıxması təəccüblü və düşündürücüdür. Normalda belə olmalı deyildi. Görünür, bu sahədə hələ də problemlər qalıb”
Şamo EMİN