Müxalifət Milli Şuranın mitinqini boykot etdi

 

Müxalifətin radikal qanadı olan Milli Şura sentyabrın 11-də mitinq keçirməyi planlaşdırır. Referendum öncəsi ölkədə qarışıqlıq yaratmaq istəyən Milli Şuranın mitinqi Müsavat Partiyası başda olmaqla digər müxalif partiyalar tərəfindən boykot edilir.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Əli Kərimlinin ideya müəllifi olduğu mitinqə qatılmayacaqlarını bəyan edib: "AXCP Müsavatla birgə mitinqlərin təşkilinin əleyhinədir. Bu baxımdan Müsavat Milli Şuranın mitinqinə dəstək verməyi düşünmür”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu isə qeyd edib ki, partiyanın Milli Şuranın mitinqində iştirak etmək barədə qərarı yoxdur: "Biz Milli Şuranın mitinqini boykot edirik. Çünki, mitinqlərə partiya şəkilində qatılmaq barədə qərarımız yoxdur. Kim istəyir iştirak etsin, buna qarışa bilmərik. KXCP olaraq biz mitinqdə iştirak etməyəcəyik. Ümumiyyətlə, bu mitinqə dəstək verməyimizdən belə söhbət gedə bilməz”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə vurğulayıb ki, partiyasını MŞ-nın mitinqə dəvət etməyiblər: "Biz bu mitinqə nə dəstək verəcəyik, nə də qatılacağıq. Yəni, təşkilatçılar bizi orada görmək istəmirlərsə, biz də orada olmayacağıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov da təmsil etdiyi partiyanın Əli Kərimlinin mitinqini boykot etdiyini söyləyib: "Təşkilatçılar bizə bu barədə hər hansı təklif, dəvət göndərməyiblər. Ona görə də mitinqdə iştirak edə bilməyəcəyik. Ümumiyyətlə, mitinq məsələsi partiya olaraq bizim üçün aktuallıq kəsb etmir”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib: "Milli Şuranın mitinqində niyə iştirak etməliyik? Milli Şura adi siyasi qurumdur. Onlar hər hansı bir tədbir keçirmək istəyirsə, biz niyə orada olmalıyıq? Mitinqin təşkili ilə bağlı bizimlə nə məsləhətləşmələr aparılıb, nə də hər hansı formada dəvət göndəriblər. Odur ki, bizim orada olmağımız mümkün deyil”.

Qeyd edək ki, Milli Şuranın mitinqi boykot edən partiyalar vaxtilə bu quruma üzv olublar.(azvision.az)



Oxşar Xəbərlər

Xəbər lenti