8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəqani Cəfərli,
politoloq
"Twitter” sosial şəbəkəsi Çin Kommunist Partiyasına, Rusiyanın hakim "Vahid Rusiya” Partiyasına və Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasına bağlı olan 170 min hesabı bağlayıb. "Twitter” bu qərarı Avstraliya Strateji Siyasət İnstitutu ilə birgə apardığı araşdırmadan sonra verib. Araşdırmanın obyektiv olması üçün "Twitter”in məhz bu institutu seçməsi təsadüfi deyil. Çünki dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Avstraliya Strateji Siyasət İnstitutunun təklifləri dəfələrlə Avstraliya hökumətinin strateji qərarlarının dəyişməsi ilə nəticələnib. 400 milyon istifadəçisi olan "Twitter”in 170 min hesabı bağlaması adıçəkilən sosial şəbəkə üçün böyük itki olmasa da, asanlıqla qərar veriləcək məsələ də deyil. Ancaq bağlanan 170 min hesabın Çin Kommunist Partiyasının, "Vahid Rusiya” Partiyasının, Ədalət və İnkişaf Partiyasının maraqlarına xidmət edən məlumatlar yaydığı tam sübut olunduğundan "Twitter” rəhbərliyinin onları bağlamaqdan başqa yolu qalmayıb. Avstraliya Strateji Siyasət İnstitutunda çalışan mütəxəssislərinin süni intellektin köməyi ilə apardıqları araşdırma zamanı Çin Kommunist Partiyasına bağlı hesabların Honkonqdakı etirazlarla və COVİD-19 virusu ilə bağlı saxta məlumatlar yaydığı və yaxud yayılan məlumatları təkrar paylaşdığı üzə çıxıb. "Twitter” Çində qadağan olunduğu üçün saxta məlumatlar Pekinin kommunist hökumətinin ölkə xaricində təsir dairəsinin genişlənməsinə xidmət edib. Süni intellekt COVİD-19-la bağlı yanlış məlumatlar yayan hesabların yanvar ayının sonunda açıldığını da üzə çıxarıb. Rusiyanın hakim "Vahid Rusiya” Partiyasına bağlı olan 1152 hesabdan isə əsasən Rusiyanın avtoritar lideri Vladimir Putinin təbliğatı və siyasi müxalifətə qarşı böhtan kampaniyasında istifadə edildiyi üzə çıxdığından "Twitter” onları da bağlayıb. Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasına bağlı olan və "AK Troll” adı verilən şəbəkə tərəfindən yaradıldığı və idarə olunduğu üzə çıxan 7340 hesab da araşdırmalardan sonra "Twitter” rəhbərliyinin qərarı ilə bağlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu hesablardan 37 milyon tvit atılıb və məqsəd Türkiyədə ictimai rəyə təsir etmək, prezident Rəcəb Tayyib Ərdoğanın təbliğatını aparmaq olub. Türkiyədə "Twitter”in 9 milyon istifadəçisi olduğunu nəzərə aldıqda "AK Troll”un təsiri haqqında təsəvvür yaranır. Türkiyə prezidentinin müşaviri Fahrettin Altunun 7340 hesabın saxta olduğu üçün bağlanmasını təkzib etməyə çalışması, baş verənləri PKK və FETÖ terror təşkilatları ilə əlaqələndirmək cəhdi isə Ankaranın rəsmi dairələrinin hansı düşüncəyə malik olduğunu göstərir. "Twitter” rəhbərliyi bağlanan hesabların arxivlərini açıqlayaraq qərarlarının ədalətli olduğunu təsdiqləyə biləcəklərini bəyan etməklə, bu hesabların sahiblərinin sosial şəbəkəyə qarşı təbliğat imkanlarının qarşısını da alıb. Bu prosesdə ən maraqlı məqam Çin, Rusiya və Türkiyə kimi böyük dövlətlərin avtoritar rejimlərinin geniş təşkilatçılıq və böyük maliyyə hesabına qurduğu troll şəbəkəsinin süni intellekt tərəfindən üzə çıxarılaraq zərərsizləşdirilməsidir. Bununla Çin, Rusiya və Türkiyənin avtoritar liderləri beynəlxalq ictimaiyyətin gözü önündə ifşa olunublar.