Tanınmış yazıçıya qarşı şok dələduzluq -Bir dələduzun qeyri-insani kələyi və ya prokurorların ötür-ötür oyunları

 

Məmməd Məmmədov tanınmış yazıçı, peşəkar jurnalist hazırkı Azərbaycan ədəbi mühitində yeganə satirik qələm sahibidir. Ömrünün 81 yaşını arxaya ötürən yazıçı-publisist yenə də yazıb-yaratmaqdan yorulmur və  qələmdən-dəftərdən ayrılmır. 

Amma ömrünün ahıl çağlarında uzun illər ailəvi dost olan, babası İsaq kişi ilə özünün dediyi kimi bir pud duz-çörək kəsən sənət adamını, rəhmətlik İsaq kişinin nəvəsi, İsayev Seymur Nizam oğlu və onun dövrəsinə yığılan dələduzlar dəstəsi mənzil tikmək adı ilə Məmməd Məmmədovun 33.300 (otuz üç min üç yüz) manat pulunu almış, müqavilə əsasında ona məxsus mənzili başqalarına satmışdılar.

Neçə il get-gəllərinə, xahiş-minnətlərinə baxmayaraq Seymur və onun dələduz, fırıldaqçı dəstəsi müəyyən bəhanələrlə yazıçını aldatmış və sonda xahiş minnətlə işin düzəlmədiyini görüb 24 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə teleqram vurub ondan kömək istəmişdi. 

Prezident Administrasiyası dərhal (həmin gün teleqrami tələbnamə ilə birgə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.  Buradan da Baş Prokurorluq Bakı Şəhər Prokurorluğu, Yasamal və Nərimanov rayon prokurorları və həmin rayonların polis idarələri, bölmələri arasında, «ötür-ötür» oyunu başlamışdır. İndi düz yeddi aydır həmin   oyun davam edir. Nə vaxt sona çatacaq bilinmir.

 

Nədir «ötür-ötür» oyunu? 

 

Keçmişdə, indiki dillə desək, çox «populyar» uşaq oyunlarından biri də «ötür-ötür» oyunu idi. Bunu əsasən kəndin və məhəllənin dəcəl uşaqları oynayırdılar. Onlar dövrə vurar, sözbir edib, əfəl bir uşağın başından papağını qapar, papağının dalınca dövrəyə girən uşağa papağı verməz, onu - yəni papağı başqa dəcəl dostuna atardı. Əfəl  həmin kəsin üstünə qaçanda, o da papağı üçüncü dostuna atardı… Beləliklə, papaq göydə, əfəl uşaq da yerdə yoruluncaya qədər dövrə vurardılar

İndi ömrünün axır çağlarında Azərbaycanın inzibati orqanları - polis və prokurorluq - kişini qoyublar həmin əfəl uşağın yerinə. Qanuni bir müraciəti qanunun gücü ilə  dərhal həll etmək əvəzinə, düz yeddi aydır qapılarında süründürürlər. 8 il bundan əvvəl Bakıda ev  tikirəm deyə, kişinin tikinti haqqını tam ödəməsinə baxmayaraq mənzili kimlərəsə satan bir dələduzu və onun qohum-gqraba həmkarlarını qanuni intizama çəkmək o qədərmi çətin olub. Bakı Şəhər Prokurorluğu üçün?

Axı sənədlər - M.Məmmədovun Seymur İsayevin təşkil etdiyi və rəhbəri olduğu «Yevrostroy» MTK ilə bağladığı müqavilə, tikinti kontoruna keçirdiyi pulların qəbzi və s. Sübut edir ki, yazıçının tələbi haqlıdır. 

Bundan başqa Respublikanın bütün  inzibati orqanları yaxşı bilirlər ki, Seymur təkcə  Məmməd kişini yox, çoxlarını fırıldaq toruna salıb. Elə bu səbəbdən də onun tikinti kontoru 2015-ci ilin yayında Baş Prokurorluğun  yannıda Korrupsiya Baş İdarəsi tərəfindən yoxlanılmış böyük dələduzluq faktları aşkar edilmiş, tikinti kontoru ləğv edilərək, möhürü götürülmüşdü. (Aldığımız məlumata görə möhür 2019-cu ilin aprel ayına qədər Baş Korrupsiya İdarəsində olub). 

Həmin vaxt Seymur İsayevi və onun bir neçə şərikini Seymurun himayədarı cinayətdən yayındıraraq xaricə (Türkiyəyə) qaçırmışlar. Bu münvalla o, Türkiyədə ola-ola həmin himayədarlar Bakıda onun adına «Sipark» tikinti şirkəti açıb. Bakının gur yerlərində - Həsən Əliyev və Təbriz küçələrində torpaq sahəsi ayırtdıraraq orada möhtəşəm - 17 mərtəbəli yaşayış binaları inşa etdirmiş, «Şərq Bazarı» deyilən ərazidə «Sipark» şirkətinə yeni məhəllələr və Saray qəsəbəsi ərazisində, Milli Elmlər Akademiyasının elmi işçiləri üçün 12 binadan ibarət 12 mərtəbəli şəhərcik salmasına şərait yaratmışdı.  Məlumat üçün bildiririk ki, bu Milli Elmlər Akademiyasının ailəvi yataqxanasında yaşayan o, elmi işçilərdir ki, Seymur İsayev o vaxt Akademiyanın Prezidenti, mərhum Akademik Mahmud Kərimovu aldatmış, Akademiyanın balansında olan iki ərazini - A.M.Şərifzadə, küçəsində yerləşən  ailəvi yataqxananın və Yeni Yasamal yaşayış massivi Adil Əsədov küçəsindəki ərazini qamarlayıbhəmin ərazilərin birində 4 bloklu, 17 mərtəbəli, üç və bir bloklu 17 mərtəbəli bir bina, Adil Əsədov küçəsində isə üç bloklu 16 mərtəbəli yaşayış evi tikərək mənzillərin çoxunu alimlərə yox, baha qiymətə kənar  adamlara satmışdı. (Mənim mənzilim də Adil Əsədov küçəsində tikilən binada, 13-cü mərtəbədə 218 nömrəli mənzildir.)

Nəticədə evsiz qalan işçilərin tənəsinə dözməyən rəhmətlik Akademik Mahmud Kərimov vaxtsız vəfat etdi. Seymur İsaye visə  öz   kefindədir. Gah Dubayda ərəb şeyxləri ilə dəvə cıdırına tamaşa edir, gah da Türkiyədə dostları ilə türk rakısı nuş edirlər. 

Biçarə şairə də uzaqdan-uzağa mesaj göndərir: Narahat olma, mənzil sənindir. Bakıya qayıdan kimi, məsələ həll olunacaq. Səni qanuni evinə özüm aparacağam» - deyərək onun başının altına yastıq qoymuşdur. 

Nəhayət, 2019-cu ildə aprel ayının 17-də Seymur qəflətən Bakıda peydah olur. Məmməd kişini «Sipark» ofisinə çağırır, dördüncü mərtəbdəki kabinetində təkbətək görüşür, öpüşürlər: 

- Bağışla əmi (o şairə həmişə əmi deyə müraciət edirdi), Sizi incitdim. Bundan sonra mən daha Bakıda olacağam. Mənzilinin qalan pulunu da ödə, köç mənzilində yaşa. Təmirinə özüm də kömək edəcəyəm, narahat olma.

Məmməd Məmmədov ona deyir: 

- Bilirsən, mənim mənzilim 107 kvadrat metr idi. Sonradan (bir il sonra 116,7 kvadratmetr elədiniz. Onda ….

- Nə demisənsə, o da olacaq. Sən ümumi sahəsi 107 kvadratmetr mənzilin haqqını ödəyəcəksən. 

- Həmin haqqın 19 min 700 manatını ödəmişəm. Qalıb 12 min manat. Onu da artıqlaması ilə gətirmişəm, - deyib pulu  dəstlə  Seymurun qənşərinə qoyur -  13 min 300   manatdır. Xahiş edirəm say və qəbul elə. 

Seymur pula gözünün  ucu ilə də baxmır. Gülə-gülə ağsaqqal yazıçıya deyir:

-  Məmməd əmi, indiyədək mən səndən nə vaxt pul sayıb götürmüşəm? Nə qədər deyirsən, onu da qəbul edirəm. 

- Onda mümkünsə mənzilin maliyyə arayışını və açarını verin.

- Onları 15 gündən sonra gəl apar. 

- Niyə 15 gündən sonra?

- Ona görə ki, «Yevrostroy»un möhürü Korrupsiya Baş İdarəsindədir. Bu günlərdə verəcəklər. 

Ağsaqqal Seymura inanıb, ayrılır.

15 gündən sonra «Sıpark» ofisinə gedəndə ona deyirlər ki, Seymur həmin gündən ölkədən çıxıb. Nə lazım olsa qapıçı Ağarəhim deyər. Məmməd Məmmədov Ağarəhimi tapıb Seymuru soruşur.

- Nə vaxt gələcəyini bilmirəm. Amma mənzilin açarını verəcək. Mən əlaqə saxlayaram. 

O telefonla əlaqə saxlayır, Seymurun səsini telefonda ona eşitirir: «Məmməd əmi, narahat olma, bu günlərdə qayıdacağam». (Bu hal bir neçə dəfə təkrar olunur.)

Onun qayıtmağı daha bir 8 ay uzanır. 2019-cu ilin dekabrında yazıçı-publisist baxır ki, Seymur onu yenə aldadır. Rəsmi olaraq Dövlətimizin başçısı Cənab İlham Əliyevə teleqramm vurub, Seymurun dələduzluğunu, onu aldadıb pulunu aldığını və mənzili kiməsə satdığını deyir. 

Prezident Aparatı elə həmin gün Prezidentin tələbnaməsi ilə birlikdə teleqramı araşdırmaq üçün   göndərir Respublikanın Baş Prokurorluğuna. 

Yazıçı bunu xaıtrlayanda dedi: «Kaş göndərilməyəydi o teleqram-müraciəti». 

15 gün ərzində müraciətin nəticəsi tələb edilməyinə baxmayaraq, 20 gündən sonra o, Bakı Şəhər Prokurorluğuna, 17 günə Yasamal Prokurorluğuna, 9 günə Yasamal Rayon Polis İdarəsinə, bir həftəyə Pİ-nin 28 nömrəli polis bölməsinə çatıb, tədqiqatçı polis mayoru Kamil Rəhmanova verilir. O da teleqramı iki həftə qovluğunda gəzdirdikdən sonra «Sipark» şirkətinin ofisinə gedir. Seymur İsayevin əvəzinə qapıçı Ağarəhimdən bir izahat alır ki, guya 2016-cı ildən «Yevrostroy»un icraçı direktorudur və mənimlə şikayətçinin əlaqəsi olmayıb. 

Ola bilər. Amma Məmməd Məmmədov müqaviləni Seymurla bağlayıb, Ağarəhimlə yox, özü də 2012-ci ildə. 

Kamil Rəhmanov aldığı  izahatı əsəaslandırmaq üçün «Sipar» ofisinin dördmərtəbəli ofisinin  şəklini də çəkib  arayışa yapışdırır. Vəssalam!

Bununla da təhqiqat  işi «tamamlanır» və yazılan qərarlarla birgə polis idarəsinə, idarə də ərazi aidiyyatı üzrə Nərimanov Rayon Prokurorluğuna göndərilir. Rayonu prokuroru yenidən müraciəti təhqiq etmək üçün Nərimanov RPİ-nə, idarə də 16-cı Polis Bölməsinə göndərir. İş bölmənin təhqiqatçısı, polis baş leytenantı Novruz Novruzova verir. Gözünə döndüyüm Novruz da özünü  zəhmətə salmır. Həmkarı Kamil Rəhmanovun qərarının üzünü nöqtəbənöqtə köçürür və sonda özü belə bir qərar verir: «M.Məmmədovun müraciətində heç bir cinayət tərkibi olmadığına görə təhqiqata xitam verilsin və toplanmış material 16-cı Polis Bölməsinin arxivinə verilsin». 

Bununla da «ötür-ötür» oyununun birinci raundu başa çatır. Şikayətçinin xeyli əvvəl Yasamal rayon prokurorunu əvəz edən  cənab Rəşadət Orucova dediyi sözlər həqiqətə çevrilir. Şair prokurora demişdir: «Mənim şikayətimi polis idarəsinə göndərməyin. Çünki bəzi polislər nəinki pulun səsini, hətta onun iyini bir kilometr məsafədən hiss edib duyurlar». 

Bu deyim həqiqətə çevrilir. 

M.Məmmədov yenidən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycanın Baş Prokuroruna, Daxili İşlər Nazirinə şikayət ərizələri yazır və həmin şikayətlər yenə də növbəti səfərə çıxır. Prezident Aparatı Baş Prokurorluğa, Baş Prokurorluq Bakı Şəhər Prokurorluğuna, Bakı Şəhər Prokurorluğu Nərimanov Rayon Prokurorluğuna, o da öz növbəsində RPİ-nə və 16-cı polis şöbəsinə göndərilir. Hətta Bakı Şəhər Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icraatına nəzarət idarəsinin rəis müavini, Ədliyyə müşaviri Elçin Sultanov cənabları, Yasamal rayon prokurorunun icrasını əvəz edən Rəşadət Orucov cənablarına təhqiqat sənədləri həmin prokurorluqda olmaya-olmaya «ultimatom» xarakterli məktub da göndərir:

 

Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini 

İcra edən cənab Rəşadət Orucova 

 

«M.Məmmədovun hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciəti baxılması və qanuni qərar qəbul edilməsi üçün Sizə göndərirlər».

«Azərbaycan Respublikası Baş Prokurorunun 10/100 №li Əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət  müəllifinin qəbul edilməsini, müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə Bakı Şəhər Prokurorluğuna ətraflı arayış göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm». 

 

Yasamal rayon prokuroru vəzifəsini icra edən kiçik Ədliyyə 

müşaviri Rəşadət Orucov cənablarının 13 iyun 2020-ci il 

tarixdə Elçin Sultanova göndərdiyi cavab məktubunda deyilir:

«Bakı Şəhər Prokurorluğunun  DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icratına nəzarət idarəsinin rəis müavini, Ədliyyə müşaviri Cənab Elçin Sultanoviç». 

 

«Vətəndaş Məmməd Hüseyn oğlu Mmmədovun ev almaq məqsədilə pulunun İsayev Seymur Nizam oğlu tərəfindən ələ keçirilməsi barədə müraciəti  Bakı  Şəhər Prokurorluğundan Yasamal Rayon Prokurorluğuna daxil olmuşdur. 

əyyən edilmşidir ki, M.Məmmədovun eyni məzmunlu  ilkin müraciəti əsasında Yasamal  RPİ-nni 28-ci   PB-də toplanmış material ərazi aidiyyatı üzrə  Nərimanov RPİ-yə göndərilməsi məsələsinə baxılması üçün Yasamal Rayon Prokurorluğunun 19.03.2020-ci il tarixli məktubu ilə Bakı Şəhər Prokurorluğuna 07.04.2020-ci il tarixli məktubu ilə həmin material araşdırmanın Nərimanov RPİ-də davam etdirilməsinin təmin edilməsindən ötrü Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. 

Odur ki, M.N.Məmmədovun müraciəti qeyd olunan materiala əlavə edilib araşdırılması üçün aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılmasından ötrü Sizə qaytarılır». 

 

 

Yasamal rayon prokuroru vəzifəsitni icra edən

kiçik Ədliyyə müşaviri Rəşadət Orucov.

 

(Görünür E.Sultanovun yaddaşı korşalıb. Onun Yasamal RP-nə yazdığı 1 iyul tarixli son məktubunu poçt mənə çatdırıb.) 

 

Bu məktubdan sonra Elçin Sultanov Yasamal Rayon Prokurorluğuna yazdığı məktubdan birini də 07.05.2020-ci il tarixdə Nərimaov rayon prokuroru Cənab Vüqar Əliyevə göndərir. Məktubun «dublikatını» alan qocaman sənət adamı, yazıçı-publisist, başına gün döyə-döyə Nərimanov Rayon Prokurorluğuna gedir. Və onu prokuror yox, prokurorun baş köməkçisi Asif adlı bir cənab qəbul edir. Və məlum olur ki, indiyədək toplanmış materiallar polis bölməsindədir. Hələ prokurorluğa qaytarılmayıb. 

Asif müəllim qocaman yazıçını: «Ağsaqqal narahat olmayın. Biz hər şeyi yoluna qoyub, nəticəsi barədə Sizə və Bakı Şəhər Prokurorluğuna məlumat verəcəyik» deyib kişini ümidlə yola salır. Amma heç bir tədbir göülmür. Bunu həmin Elçin Sultanova 29 iyun 2020-ci ildə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov cənablarına ünvanlanmış növbəti məktubu da təsdiq  edir. Məktub eyni ilə əvvəlki məktubların təkrarıdır. 

«Məmməd Məmmədovun hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması və qanuni qərar qəəbul edilməsi üçün   Sizə göndərilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun 10/100 №li Əmrinin 50.5  bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsini müraciətdə göstərilmiş xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanunamüvafiq tədbir görülməsini təmin edib  nəticəəsi barədə 15.07.2020-ci il  tarixədək Bakı Şəhər Prokurorluğuna ətraflı arayış göndərməyinizi və müraciət müllifinə məlumat verməyinizi xahiş edirəm. 

 

DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində 

qanunların icratına nəzarət idarəsinin rəis müavini, Ədliyyə

müşaviri Elçin Sultanov.

 

Binava şikayətçi birinci prokuror köməkçisi Asifin dediklərinə inanır və on beş gündən sonra Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, Baş Ədliyyə müşaviri Elçin Məmmədov cənablarının əsli Bakı şəhər prokuroru üçüncü dərəcəli Ədliyyə müşaviri cənab  İlqar  Abbasova, surəti  isə   şikayətçiyə göndərilən 31 may 2020-ci il tarixli  məktubunu da götürüb  Bakı Şəhər Prokurorluğuna gəlir və gördüklərindən «şoka» düşür. Prokurorluğun nəinki baş qapısı, hətta bütün qapıları, pəncərələri, dəlmə-deşikləri koronavirusun qorxusundan elə bərk-bərk bağlanmışdır, inanın binaya nəinki «Covid-19», hətta şeytanın özü də girə bilməzdi.

Hər yerdən əli üzülən qocaman yazıçı-publisist ümidini yenə Baş   Prokurorluğa bağlayır, 06 iyul 2020-ci ildə, günün qızmar çağında bir təhər Prokurorluğun qəbul otağının bağlı qapısını döyür. Qapını azca aralayan polis nəfəri:

- Ağsaqqal, yenə sənsən? Nə istəyirsən?

- Baş Prokurorun qəbuluna düşmək!

- Karantin dövründə Baş Prokuror heç kəsi qəbul etmir. 

- Onda növbətçi prokuroru çağırın. Mən burda kimi isə görüb, başıma gətirililənləri ona söyləməsəm, gedən deyiləm…

…Çox keçmir ki, əvvəlkiləridən yaşda və cində böyük olan bir Ədliyyə podpolkovniki qapıda göründü. 

- Kimdir, növbətçi prokuroru çağıran?

- Mən, - deyir ağsaqqal.

- Nədəndir şikayətin?

Prokurorun sözü elə bil ildırım köklü palıdı silkələyən kimi qoca yazıçını silkələdi:

- Ay cənab prokuror, ölkəni dolduran, dələduzlardan, fırıldaqçalırdan birinin mənim başıma gətirdiyi oyunu az qala Bakının bütün inzibati orqanları, o cümlədən də Baş Prokurorluqdakı məmurların hamısı əzbər bilir. Siz isə məndən «şikayətiniz nə barədədir» soruşursunuz.

- Amma mən bilmirəm. ona görə şikayətinizin və gəlişinizin məqsədini qısaca yazıb mənə verin, mən də onu  qeydiyyatdan keçirim və sonra istəyinizi Baş Prokurora  çıtdırım. 

- Baş Prokuror mənim istəyimi bilir və deydiyim dələduzu da 2015-ci ildən tanıyır. O zaman Korrupsiya Baş İdarəsi onun bəd əməllərini araşdırıb.

- Amma mən tanımıram.  Xahiş   edirəm  ya şikayətinizi qısaca yazın, ya da mənim vaxtımı  almayın. 

Ağsaqqal  baxır ki, növbətçi prokuror inadından dönən deyil, elə qapı ayğzında daşların üsütndə Baş Prokurorun adına bir qısa şikayətnamə yazır və növbətçi  prokurora verir.

İntiligent Həsən Bəy demiş, bu başqa məsələ. Mən ərizəni  qeydiyyatdan keçirib Baş Prokurora istəyinizi çatdırarım və üç gündən sonra  nəticəni telefonla sizə bildirərəm. Xoş gəldiniz…

İndi qocaman sənət adamı 15 gündür həmin növbətçi  prokurorun zəngini gözləyə-gözləyə düşünür: «Sovet dönəmində dələduzun, fırıldaqçının, cibgirin biri başqa birinin cibinə girib, onun beşcə manatını həzm-rabitədən keçirsə inzibati orqanlar o dələduz faqqı-firigi, yerin deşiyinə girsə də, tutub cəzasını verərdilər. Çünki onda qanunlar  sərt, qanun keşikçilri sadiq idilər, dələduzun və onun havadarının kimliyindən asılı olmayaraq ədaləti qoruyurdular. 

İndi isə qanunlarımız mütəhərrik, qanun keşikçilərimiz qorxaq və aləmi dolduran dələduzlarımız isə şiri-nər! Kefləri duranda lap şeytanın özünə də papışı tərs tikirlər. Hər biri də arxasını balinadan, «kitdən» də nəhəng birinə söykəyib, biçarə, fağır fuğaranın ciblərini sökürlər. Prokurorlarımız isə bu «kit»lərin kimlər olduğunu bildikləri üçün, ağrımaz başına dəsmal bağlayıb, isti və rahat yerlərini soyutmaq istəmirlər. 

Belə olmasaydı, şəxsən ölkə Prezidentinin tələbi ilə göndərilən bir şikayət  yeddi aydır Bakı Şəhər Prokuroru və polis idarələri tərəfindən «ötür-ötür»ə salınmazdı. İnzibati orqanlar qanunun polad sipərinə söykənib, vətəndaşın pozulmuş hüququnu bərpa edib, özünü mömin hesab edən fırıldaqçı dələduza yaxşı bir «qulaqburması» verərdilər. Özü də elə «qulaqburması» ki, onu dələduz ömrü boyu yadlarından çıxarmazdı. 

P.S. Yazıçı-publisit 81 yaşlı qələm sahibi, Korona virusunun bütün dünyanı lərzəyə gətirdiyi bir zamanda  yeddi aydır pozulmuş hüquqlarının bərpası uğrunda prokurorluq və polis orqanları ilə cəngi-cidala çıxıb. Amma,  inzibati hüquq-mühafizə orqanları onun pozulmuş hüququnu nəyə görəsə bərpa etmir, «ötür-ötür» oyununu yeni-yeni mərhələlərə - raundlara keçirirlər. Bir maraqlı cəhət də odur ki, yeddi aylıq get-gəldən sonra 21 iyul 2020-ci ildə N.Nərimanov Rayon Prokurorluğunda məlum olub ki, M.Məmmədovun şikayət qovluğu hələ də Nərimanov RP İdarəsinin 16-cı bölməsində  yatmaqdadırlır. Budurmu prokurorların işinin səmərəsi.    

Bu baxımdan, bizə belə gəlir ki, tanınmış yazıçını, peşəkar publisisti və  satirik şairi «Koronavirus», yox, prokurorların peşə məsuliyyətlərinə laqeydliyi, onların nəhəng balinalardan ehtiyat etdikləri öldürəcək. 

Allah eləməsin!

 (Ardı var)

Arzuman Loğmanoğlu

sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}