Rus dili, yoxsa ingilis dili? -Xəqani Cəfərli yazır


Bu, Moskva ilə London arasında deyil, totalitar keçmişlə azad gələcək arasında seçimdir

Postsovet məkanında ən uğurlu islahatçı siyasi lider hesab etdiyim Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 4 il öncə, 2019-cu ildə Gürcüstanda islahatların yeni planın təqdim etdi. Mixail Saakaşvili 6 maddəlik islahatlar planın Polşa paytaxtında açıqladığı üçün şərti olaraq “Varşava planı”nı adlanır. “Varşava planı”na görə, Gürcüstanın və eləcə də hər bir Gürcüstan vətəndaşının qloballaşan dünyada rəqabətə davamlılığını artırması üçün ingilis dilini bilmələri islahatların təməlində dayanmalıdır. Bunun üçün də hər bir Gürcüstan vətəndaşı ingilis dilini öyrənmək imkanı əldə etməlidirlər. Saakaşvilinin yeni islahatlar proqramına görə hər bir Gürcüstan vətəndaşının ingilis dilini bilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır. 

Doğma gürcü dili ilə yanaşı ingilis, fransız, Ukrayna və rus dillərini bilən Mixail Saakaşvili hakimiyyətdə olduğu zaman bu vəzifənin həyata keçirilməsinə çalışmış, “Teach and Learn with Georgia” (Gürcüstanla öyrən və öyrət) layihəsini başlatmışdı. Hər bir Gürcüstan vətənaşının ingilis dilini bilməsi Gürcüstanın sovet dövründən miras qalan totalitar keçmişindən də qurtulmasına yardım etməli idi.

Ümumiyyətlə bu hal Baltikyanı respublikalar istisna olmaqla bütün postsovet ölkələri üçün xarakterikdir. İngilis dilinin öyrənilməsi Moskva ilə London, Moskva ilə Vaşinqton arasında seçim deyil. Bu totalitar keçmişlə azad gələcək arasında seçimdir. Xalqlar totalitar keçmişlərindən qurtulmaq üçün hökmən fədakarlıq etməlidirlər. 

Üç ay öncə, iyunun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada ingilis dilinin tətbiqi haqqında” qanun layihəsini Ali Radaya təqdim etdi. Qanunun qəbulunda məqsəd Ukraynanın rəqabət qabiliyyətini, investisiya və turist cəlbediciliyini artırmaq, ictimai sahələrdə ingilis dilindən daha geniş istifadə etmək və ukraynalıların onu öyrənməsi üçün şərait yaratmaqdır. Qanun layihəsinə görə A dərəcəli dövlət qulluqçuları, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən olunan B və C dərəcəli dövlət qulluqçuları, yerli administrasiyalarının rəhbərləri, onların bütün müavinləri, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən müqavilə əsasında xidmət edən hərbi vəzifəlilər. siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən daxili işlər orqanlarının orta və yuxarı rəis heyəti, digər hüquq-mühafizə orqanlarının rəisləri, mülki müdafiə xidmətinin rəisləri, prokurorlar, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən vergi və gömrük orqanlarının əməkdaşları, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən iqtisadiyyatın dövlət sektoru subyektlərinin rəhbərləri, yerli özünüidarəetmə orqanlarının (seçilmiş namizədlər istisna olmaqla) vəzifəlli şəxslər ingilis dilini bilməlidrlər. Qanun qüvvəyə mindikdən sonra Ukraynada yuxarıda qeyd olunan vəzifələrə namizədlər üçün tələb şərtlərdən biri də onların ingilis dilini bilməsi olacaq.

İstər Mixail Saakaşvilinin, istrsə də Volodimir Zelenskinin təşəbbüsünün əsas məqsədi lideri olduqları toplumun dünyada rəqabətədavamlı olmasını təmin etmək, elm və texnologiyaya sahiblənərək iqtisadi inkişafa nail olaraq sosial rifaha çatdırmaqdır.

Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycanda əks proses gedir. Son bir neçə ildə yanlış olaraq Azərbaycanda rus dilinin arealı çox genişlənib. Bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur.

Rusiya bizim qonşuluğumuzda yerləşən böyük dövlətdir və hazırda bu ölkədə bir neçə milyon soydaşımız yaşayır. Bu səbəblərə görə, rus dilinin öyrənilməsi təbiidir. Ancaq rus dilinin Azərbaycanda ikinci dilə çevrilməsi, əcnəbi dillər arasında önə çıxması yanlış və zərərlidir. Bu zərər yalnız təhlükəsizlik məsələləri və Rusiyanın siyasi təsirinin artma ehtimalı ilə bağlı deyil. Məsələ ondadır ki, rus dilinin işlənmə çoğrafiyası Sovet İttifaqının dağılmasından sonra əhəmiyyətli dərəcədə kiçilib. Beş il öncə, 2018-ci ildə aparılan bir araşdırma zamanı məlum olmuşdu ki, 1993-2018-ci illər arasında 25 ildə rus dilində danışanların sayının 35 milyon azalaraq 143 milyona düşüdüyü üzə çıxmışdı. Rus dilində danışanların sayının azalması həmin araşdırmanın aparıldığı tarixdən sonra daha güclənib. Ukraynaya qarşı cinayətkar müharibənin nəticəsi olaraq rus dili çox geniş bir çoğarfiyada arzuolunmaz ünsiyyət vasitəsi olacaq. Azərbaycan isə sanki bütün bunların fərqində deyil. Rus dilinin faydasız, hətta zərərli olacağı ilə bağlı aparılan maarifçilik işi arzu olunan nəticəni vermədi. Buna görə dövlət hakimiyyətini həyata keçirən iqtidar rus dilinin arealının daraldılması, ingilis dilinin ikinci dilə çevrilməsi ilə bağlı qəti qərar verməlidir. Əks halda cəmi bir neçə ildən sonra elm və texnoloji inkişaf baxımından əksər postsovet respublikalarından geri düşəcəyik. Bu o qədər önəmli məsələdir ki, strateji əhəmiyyətinə görə dövlətin müstəqilliyi və ərazi bütövlüyünə bərabərdir.

Dünyada belə bir rəy mövcuddur ki, əcnəbi dilin öyrənilməsi onun gərəkliliyinə görə müəyyən olunmalıdır. Yəni, əgər bir şəxs İslam mədəniyyətini öyrənmək, araşdırmaq niyyətindədirsə, hökmən ərəb dilini öyrənməldir. Ərəb dilinin əhəmiyyətini artıran bir başqa məqam bu dildə danışanların sayının 300 milyon nəfər təşkil etməsi və 25 dövlətin rəsmi dili olmasıdır. Neft və qaz biznesi ilə məşğul olanlar da ərəb dilinə ehtiyac duyurlar.

Fransız dili gələcəyin dizaynerlərinin bilməli olduğu ən vacib dil hesab olunur. Eyni zamanda parfumeriya biznesi ilə məşğul olmaq niyyətinə düşənlərin də fransız dilini bilməsi faydalıdır.

Almaniya dünyada ən üstün tibbə malik ölkə kimi tanınır və buna görə də gələcəyin təbiblərinin alman dilini bilmələri zəruridir. Bu, onlara tibb elminin yeniliklərini izləmək üçün çox geniş imkanlar yaradacaq. Digər tərəfdən, Almaniya dünyanın ən böyük iqtisadiyyatına malik beş dövlətindən biridir. Alman dilini bilməklə gənclər dünyanın beş ən böyük iqtisadiyyata malik dövləti ilə işgüzar münasibətlər qurmaqda üstünlük əldə edəcəklər.

Çin son 20 ildə çox sürətli inkişaf yolu keçərək dünyanın ikinci ən böyük iqtisadiyyatına malik dövlətinə çevrilib. Eyni zamanda Çin informasiya texnologiyaları (İT) sahəsində çox böyük uğurlar qazanılıb. Bütün bunlara görə çin dili gələcəyin biznesmenləri və İT üzrə mütəxəssislər üçün önəmli dilə çevrilib.

İspan və portuqal dilləri gələcəyini Latın Amerikası ilə bağlamaq istəyənlər üçün çox önəmlidir.

İspan, portuqal, alman, fransız və çin dillərinin rus dilindən daha üstün olduğunu bu qısa qeydlər də aydın göstərir.

İspan, portuqal, alman, fransız və çin dilləri ilə müqayisədə rus dilinin seçilməsini müəyyən mənada anlamaq mümkün olsa da, bu gün dünyanın ilk və hələlik yeganə universal dilinə çevrilmiş ingilis dili ilə müqayisədə rus dilinə üstünlük verilməsi anlaşılmazdır. Bir şəxsin ingilis dili ilə müqayisədə rus dilini seçməsini məlumatsızlıq və dünyadakı proseslərdən bixəbərliklə izah etmək olar. Toplumun böyük hissəsinin ingilis dili əvəzinə rus dilini seçməsi cəmiyyətin yanlış idarə olunduğunun və buna görə yanlış yolda olduğunun göstəricisidir.

İngilis dili 378 milyona yaxın insanın ana dili hesab olunur. Avropa əhalisinin 33 faizi məhz bu dildə danışır. İngilis dilini öyrənməyi zəruri, vazkeçilməz edən təkcə bu amillər deyil. Bu statistika önəmli olsa da, ingilis dilini vazkeçilməz edən daha önəmli amillər var. Məsələn, dünyanın 100-dən artıq ölkəsində ingilis dili rəsmi işləmələrdə istifadə olunur. İngilis dili dünyanın 62 ölkəsinin rəsmi dili və ya rəsmi dillərindən biridir. Bu gün bəşəriyyətin üçdə biri ingilis dilini öyrənir. Yalnız Çində 300 milyon insan ingilis dili kurslarına gedir, ingilis dilində 50 min məktəb mövcuddur. İngilis dilinin öyrənilməsini zəruri edən əsas amil isə onun bu gün elm, aviasiya, texnologiya, diplomatiya və turizm dili olmasıdır.

İngilis dilinin bu üstünlüklərinə görə Çində dövlət və yerli idarəetmə orqanlarının işçilərindən ingilsi dilində ən azı 300 söz bilmələri tələb olunur. Çində ən yüksək əməkhaqqı alanların arasında ingilis dili müəllimlərinin də olması, bu dili bilən mütəxsislərə olan tələbatdan irəli gəlir.

Bütün dünya üzrə kompüterlərdə toplanmış bilgilərin 85 faizi ingilis dilindədir. İngilis dilini bilməklə həmin 85 faiz bilgilərə birbaşa çıxış əldə edilir. İngilis dilində olan həmin məlumat və bilgilərin çox cüzi hissəsi rus dilinə tərcümə olunub. Bu tərcümələrin səhih olması da şübhəlidir.

İngilis dilinin ən böyük önəmi onun bu gün elm dili olmasıdır. Beynəlxalq konfranslar və müsabiqələr ingilis dilində keçirilir. Eyni zamanda ingilis dili beynəlxalq elmi və qlobal biznes ictimaiyyətinin dilidir. İnformasiya Texnologiyaları sahəsində və texnoloji tədqiqatlar sahəsində sənədlərin əksəriyyəti ingilis dilində nəşr olunur.

Xristianlığın yayılması latın dilini çox geniş bir çoğrafiyaya yayaraq digər dilləri, o cümlədən yunan dilini məişət dili səviyyəsinə endirmişdi. Bu gün isə latın dili yalnız Vatikanın rəsmi dövlət dilidir. İslamın yayılması ilə də ərəb dili dünyanın başqa bir çoğrafiyasına yayılaraq əsas ünsiyyət vasitəsinə çevrilmişdi.

Renessans dövrünün məhsulu olan fransız ədəbiyyatı və mədəniyyəti fransız dilini orta əsrlərdən başlayaraq ilk sənaye inqilabına qədər dünyada aparıcı dilə çevirmişdi. İlk sənaye inqilabı isə ingilis dilini önə çıxarmağa başladı. Bir-birini əvəz edən sənaye inqilabları ingilis dilinin mövqeyini gücləndirdi. Ən nəhayət internetin kəşfi və İnformasiya Texnologiyaları ingilis dilini dünyanın ilk unversial dilinə çevirdi. 

Əgər biz dünya xalqları sırasında layiqli yerimizi tutmaq istəyiriksə, elmə sahiblənməliyik. Elmə sahiblənmək üçün ingilis dilini öyrənməli, onu rus dilinin əvəzinə ikinci dilə çevirməliyik. Bunu edə bilsək iqtisadiyyatın və turizmin inkişafı üçün də əlavə resurslar qazanmış olarıq.

Bir çox siyasət və elm adamları hesab edir ki, üçüncü ilini yaşadığımız onillik XXI əsrin taleyini həll edəcək. Bu onillikdə doğru inkişaf yolu seçən xalqlar XXI əsrdə azad və firəvan həyata sahib olma imkanı əldə edəcəklər.

Azərbaycan xalqı azad və firəvan həyata layiqdir.  



Oxşar Xəbərlər

Xəbər lenti