Bu gün, 10:40
Dünən, 17:44
10-02-2026, 11:11
30-01-2026, 23:21
28-01-2026, 11:19
1963-cü ildən başlayaraq hər il baş tutan Münxen Təhlükəsizlik Konfransı bu il daha aydın şəkildə dünyanın böyük geosiyasi transformasiyalar ərəfəsində olduğunu nümayiş etdirdi. Bunun obyektiv əsasları var. Belə ki, hazırda dünyanın geosiyasi və geoiqtisadi mənzərəsi İkinci dünya müharibəsindən sonra heç vaxt olmadığı qədər bədbin və qeyri-müəyyən görünür. Qlobal səviyyədə münaqişə potensialı ciddi şəkildə yüksəlib, beynəlxalq hüquqa istinad artıq yoxdur, ənənəvi müttəfiqlərin baxışları diametral xarakter alıb, BMT dövlətlərarası münasibətləri tənzimləyən əsas beynəlxalq institut statusunu sürətlə itirməkdədir və s. Konfransdan bir neçə gün öncə ictimailəşdirilən “Münxen Təhlükəsizlik Hesabatı-2026” adlı sənəddə də dünyanın kritik bir mərhələyə qədəm qoyduğu aydın mətnlə ifadə olunur. Bununla yanaşı, beynəlxalq təşkilatların da böhran yaşadığı önə çəkilir. Ümumiyyətlə, ötən 2025-ci ildəki konfransda aşkar müşahidə olunan transatlantik gərginliyin bu il daha da dərinləşdiyi fikrini çoxları qəbul edir. Belə ki, mübaliğəsiz qeyd edə bilərik ki, onilliklər boyu ABŞ-ı və Avropanı birləşdirən dəyərlər sistemi və nizam artıq süquta uğrayıb. Ötən ilki Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vensin fikirlərini mahiyyət etibarilə bu il Dövlət katibi Marko Rubio təkrarladı. Marko Rubio növbəti dəfə bildirdi ki, qlobal təhlükəsizlik məsuliyyətini ABŞ təkbaşına daşımaq fikrində deyil. Deməli, ABŞ-la Avropa arasında münasibətlərin gələcək inkişafı ilə bağlı hələlik konsensus görünmür. Bu isə bütövlükdə qlobal münasibətlər və əməkdaşlıq sisteminin dərin böhranla üz-üzə olduğunu göstərir. Çünki transatlantik münasibətlər bu və ya digər mənada elə beynəlxalq münasibətlər deməkdir.
Lakin belə gərgin və proqnozlaşdırmaya tabe olmayan geosiyasi və geoiqtisadi vəziyyət fonunda Azərbaycan dövlətinin və onun Prezidentinin obrazı kifayət qədər parlaq görünürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq sayca 8-ci dəfə Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Ölkə Prezidentinin Münxen Təhlükəsizlik Konfransında hər iştirakı ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin ciddi şəkildə artdığını həm təsdiq edir, həm də müəyyən edir. Beynəlxalq aktorlar arasında kəskin fikir ayrılığının hökm sürdüyü halda Azərbaycan Prezidenti sülh, əməkdaşlıq və tərəfdaşlıq çağırışları etdi və bunun üçün real imkanları təqdim etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, o, ilk dəfə Konfransda sülh yaratmış dövlətin rəhbəri kimi iştirak edir. Bunun özü olduqca təsirli bir çağırış idi. Yəni, qlobal münasibətlər sisteminin xaotik vəziyyəti, beynəlxalq təşkilatların fəaliyyətinin effektivsizliyi fonunda da sülhə nail olmaq və əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirmək mümkündür. Cənab İlham Əliyev növbəti mötəbər platformada növbəti dəfə siyasi performans nümayiş etdirdi. Çünki geosiyasi proseslərin hazırkı olduqca mürəkkəb, yüksək turbulentlik şəraitində yeni reallıqlara çevik uyğunlaşmaq, milli maraqları qoruma imkanlarını müəyyənləşdirmək böyük diplomatik bacarıq və siyasi iradə tələb edir.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dünya gündəliyini təşkil edən əsas istiqamətlər üzrə Azərbaycan Respublikası öz təşəbbüsləri ilə yanaşı, həm də əldə etdiyi nəticələri ilə öz obrazını önə çəkir. Belə ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təsirli rolu hamılıqla qəbul olunur. Ölkəmiz artıq uzun illərdir ki, özünün enerji daşıyıcılarının etibarlı təchizatçısı statusunu müəyyən edib və möhkəmləndirib. Nəqliyyat-logistika sahəsində Azərbaycan Avropa ilə Asiya arasında strateji vacib bənd rolunda çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz yanaşması ilə dəhliz anlayışının ənənəvi mahiyyətinin sərhədlərini xeyli genişləndirir. Belə ki, dəhliz müasir mərhələdə təkcə dəmir yolu və avtomobil yolları ilə məhdudlaşmır. Dəhlizlər boyunca enerji daşıyıcı xətlərinin yaradılmasının, fiber-optik kabellərinin çəkilməsinin zəruriliyi ideyası məhz Prezident İlham Əliyevə məxsusdur. Ölkə Prezidenti “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələri zamanı bir daha diqqətə çatdırdı ki, ölkəmizdə tranzit imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Ermənistanla sülh tam bərqərar olduqdan sonra Avropa istiqamətində daha böyük yükdaşıma imkanlarının yaranacağını bildirdi. Eyni zamanda Azərbaycan Ermənistana yüklərin çatdırılması üçün tranzit imkanlarını təmin etdiyini vurğuladı. Bununla da cənab İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, ölkəmiz regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün iradə nümayiş etdirir və səmimi addımlar atır.
Əslində Prezident İlham Əliyevin strateji baxışları sayəsində ölkəmizin əldə etdiyi uğurlu nəticələr hazırkı olduqca qarışıq dünya üçün çox gərəkli pozitiv təcrübədir. Cənubi Qafqazda məhz Azərbaycan dövlətinin və Prezidentinin iradəsi ilə faktiki sülh əldə olunub və əməkdaşlıq imkanları yaradılıb. Bununla yanaşı, Ermənistanla tam sülhün əldə olunması üçün prinsipial şərtin yerinə yetirilməsinin vacibliyini də önə çəkdi. Yəni Azərbaycan Prezidenti bildirdi ki, yekun sülhün imzalanması üçün Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmalıdır. Bu və digər mövqeləri ilə Azərbaycan Prezidenti ölkəmizin böyük siyasi iradəyə malik obrazını, etibarlı tərəfdaş imicini və müasir beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində təsirli yerini daha da möhkəmləndirmiş oldu.
Elşad Mirbəşir oğluYAP İH-nin üzvü,Siyasi elmlər doktoru.