Bu gün, 10:40
Dünən, 17:44
10-02-2026, 11:11
30-01-2026, 23:21
28-01-2026, 11:19
(Aşıq Hüseyn Saraçlının Aşıq Əhməd Sadaxlı ilə yaylaq səfərndən bir yarpaq)
1974-75-ci illər, günlərin bir günü, yaylağın gözəl vaxtlarıydı. Yaylaqda Hüseyn Saraçlının yolunu gözləyyən, hər gedişinə erkək kəsən dostları yenə ismarlayıb Aşıq Hüseyni yaylağa çağırmışdılar. O da aranda iş çox olduğundan, bu gün gedərik, sabah gedərik eləyib, həmin vaxt gedəmməmişdi. Camaatın dağdan-arana qayıtmağına az vaxt qalmışd. Ustadla Yığaçaya gedib, 800 manata mənə bir at aldıq. deməli atın belinin eni az qala bir metr olardı, 4 ildi belinə yəhər qoyulmurdu. Yırğancay camaatı atı qomarqalayıb güclə tutdu. Yəhər görməyən at bar-bar bağırır, kişnərtisindən elə bil dünya qopurdu. Atın belə ipə-sapa yatmamağını görüb, rəhmətlik ustad Hüseyn saraçlı dedi, a bala bu at səni bir təhər eləyəcək. Ustadın da kəhər atının bədöy vaxtıydı. Məxləs atları yoxuşa, daşa-kəsəyə saldıq, mən də bir təhər yəhərləyib mindim, minən kimi də üzəngini basdım üzü dağlara yola düşdük.
Atlar çilov vura-vura Dəli dağa qalıxdıqca elə bil dağlar-dərələr, qayalar, yerlər-göylər, qıy vuran qartallar haray çəkirdi ki, “Aşıq Hüseyn, bu yaylaqdakı ellər-obalar yolunu gözlədi, niyə gəlmədin?”
Biz Leninakanın yanında yerləşən Pəmbək kəndinə gedəsiyik. Qaraxaç yaylağından, Kürən dağlarından, Yemliklidən, Şam Düyədən keçib, elə ki, Cinini yaylağına çatdıq, onda ustad atın cilovunu çəkib dedi:
– Əhməd, bala, atdan düşək bir az burda soluxlanaq, sonra yolumuza davam edərik.
Elə də burada atlardan endik, mən atı hörüklədim, o da öz kəhərini yançıdar eləyib, otlamağa buraxdı. Bir balaca, yüngülvari nahar elədikdən sonra Hüseyn Saraçlı boylanıb, yüklü barxanası yerindən yenicə tərpənərək arana sarı köç eyləyən ellərə, yetim uşaq kimi sahibsiz qalan dağlara, kösövü qaralmış yurdlara baxdı. Adam adama deyir, “kösöyün qaralsın:.., odur ki, arana qayıdanda gərək hökmən yaylaqda qalan yurdun ocağını qalayıb sonra köçəsən, gərək yurd bilsin, yaylağa yenə qayıdıb gələcəksən. Yox, əgər ocağı qalamadan arana gəldinsə, o yurd kösöv kimi qaralar, yerində bayquş ulayar.
Ustad yan-yörəmizdə qızıla çalan gülə çiçəyə baxdı, keçən ömrü xatırlayıb dedi:
– Bura gələn gərək ki, bu gülün-çiçəyin qədrini bilə, nəhlətləmə insan olmaya. Uşaqlıqdan bu yaylaqları qarış-qarış gəzmişəm. Arandan yaylağa köç olanda insanlarla aşıb-daşan bu dağlar gör necə kimsəsiz qalır. Ömrə vəfa yoxdur, bir də ya qismət, gəlib buraları görək, görməyək... Bu dağların belə kimsəsiz qalması ürəyimə üç xanə söz gətirdi. O sazı mənə ver, oxuyacam, qulaq as, gör nə deyirəm.
Ustad götürdü sazı, görək özünün yaratdığı "Bağdad dubeyti" havası üstündə nə oxudu, tərəfindən mən ərz edəcəm qulluğunuza, bəxtiyar olun. Amma ustad orda bədahətən şeiri nə təhər oxumuşdusa, o cür də oxuyacam, çünki sonra özü çapa verəndə şeirin bəzi yerlərini dəyişmişdi. O şeir Cinni yaylağında yazılıb.
Aldı görək ustad nə dedi:
Köç eyləyir bizim ellər,
Köçər, qonar bu dağlarda.
Arif olan gəşt eyləyib,
Ləzzət qanar bu dağlarda.
Hər bərəni aşanların,
Öz yolunu çaşanların,
Yardan ayrı düşənlərin
Qəlbi yanar bu dağlarda.
Kəklik ötür öz nazıynan,
Bülbül oxur avazıynan.
Saraçlı da öz sazıynan
Qanadlanar bu dağlarda.
Söz tamam olduqdan sonra atlara süvar olub, yol yorub, gəlib çatdıq Pəmbək kəndinə…
Xoşbəxt olun.
Əhvalatı ustad aşıq Əhməd Sadaxlının 1997-ci ildə lentə alınmış səs yazısından, bızi redaktələrlə qələmə aldı:
Rəşad Əliyev SARAÇLI
Sozcu.info