Bu gün, 10:40
Dünən, 17:44
10-02-2026, 11:11
30-01-2026, 23:21
28-01-2026, 11:19
Azərbaycan və Serbiya arasındakı strateji tərəfdaşlıq bu gün regional əməkdaşlıq üçün nümunəvi modelə çevrilir. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin yalnız diplomatik formallıqdan ibarət olmadığını, həm də real siyasi, iqtisadi və enerji əməkdaşlığına əsaslandığını bir daha sübut etdi. Bu tarixi hadisə həm Bakı, həm də Belqrad üçün regional əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı maraqlara söykənən uzunmüddətli strateji xətti möhkəmləndirmək baxımından mühüm bir dönüm nöqtəsi hesab edilə bilər.
Rəsmi Belqrad Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə qərarlıdır. Bu günə qədər iki ölkə arasında təxminən 70 əməkdaşlıq müqaviləsi imzalanıb. Hər iki tərəf beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə – ciddi hörmətlə yanaşır. Bu baxış tərəfləri beynəlxalq arenada bir-birinə yaxınlaşdırır və siyasi etimadın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan qazının Balkanlara çatdırılması Serbiyanın enerji şaxələndirməsi strategiyasına dəstək olur və uzunmüddətli sabitlik təmin edir. Ötən gün tərəflər Serbiyaya qaz ixracının artırılması üzrə razılığa gəliblər. Prezident İlham Əliyev qeyd edib ki, Serbiya ixrac olunan qazdan elektrik enerjisi istehsal edərək təmiz enerji əldə edəcək. Bundan əlavə, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi gündəlikdə duran məsələlərdəndir.
İki ölkə arasında ticarət dövriyyəsinin yüksəlməsi, qarşılıqlı investisiyalar və birgə layihələr iqtisadi əlaqələri daha da möhkəmləndirir. Xüsusilə infrastruktur, tikinti, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Bu əməkdaşlıq hər iki tərəf üçün yeni bazarlara çıxış və iqtisadi diversifikasiya imkanı yaradır.
Azərbaycanın Orta Dəhlizdə artan rolu və Serbiyanın Balkanlarda nəqliyyat qovşağı kimi əhəmiyyəti bir-birini tamamlayır. Bu faktor gələcəkdə Avropa və Asiya arasında ticarət əlaqələrinə töhfə verəcək. Hər iki ölkə balanslaşdırılmış xarici siyasət yürüdərək müxtəlif beynəlxalq güc mərkəzləri ilə paralel əməkdaşlıq edir. Bu, Bakı–Belqrad münasibətlərinin daha elastik və davamlı olmasını təmin edir.
Azərbaycan–Serbiya strateji əlaqələri yalnız regional sabitlik üçün deyil, həm də hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi potensialının artırılması və enerji təhlükəsizliyinin təmin olunması üçün həyati əhəmiyyət kəsb edir. Bu münasibətlər gələcək nəsillər üçün də etimad və tərəfdaşlıq simvolu olaraq qalacaq, regionda əməkdaşlıq və inkişafın yeni üfüqlərini açacaq.
Fatma Xıdırlı
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi