8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin rəhbərliyi də həbs oluna bilər
Hacıbala Abutalıbovun zamanında Bakı şəhər İcra Hakimiyyətində və bu qurumun tabeçiliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilsə də, bu məlumatları təsdiq edilmirdi. İndi isə belə məlumatlar rəsmi qurumlar tərəfindən təsdiq olunur. Belə ki, Hesablama Palatasından "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirdiyi auditin nəticələri artıq Hacıbala Abutalıbovun rəhbərliyi dövründə baş verən korrupsiya ilə bağlı ilk rəsmi məlumat kimi qəbul oluna bilər. Hesablama Palatasının auditi ümumilikdə 860 min manat məbləğində vəsait əhatə edib. "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti auditin əhatə etdiyi dövrdə qənaətbəxş olmayıb. Bunun əsas səbəbi isə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyətinin öz funksiyasını doğru yerinə yetirməməsinin nəticəsidir. Hesablama Palatasının auiditində deyilir ki, müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib. Genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilməyib. 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmamış, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fəsadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin əsasnaməsində müvafiq dəyişikliklər edilməmişdir.
Bundan başqa xərclər smetasında əsaslı təmir xərcləri nəzərdə tutulmadığı halda bu məqsədlə vəsait xərclənib. 29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinmiş, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilsə də xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənib.
Çox maraqlıdır ki, "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin rəhbərliyi tərəfindən "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, bunun nəticəsində artıq əmək haqqı xərcinə yol verilmiş, Elektrik Quraşdırma Sahəsi işçilərinin əmək haqqı təsərrüfatın öz gəlirləri hesabına deyil, dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.
Bütün bunlar azmış kimi 2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilmişdir. Bununla da Müəssisə tərəfindən keçirilən satınalmalar zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməmiş,tender təklifinin təminatı alınmamış, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin edilməmişdir.
Məlumata görə, Hesablama Palatasının auiditi ilə bağlı rəsmi məlumat Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova təqdim edilib. İndi isə daha yüksək dairələrin bu məsələ ilə bağlı mövqeyinin nədən ibarət olacağı gözlənilir. Əgər hakimiyyətin yüksək dairələri qərar versələr, "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş auiditin nəticələri hüquq-mühafiə orqanlarına göndəriləcək və istintaq başlayacaq. Bu isə Hacıbala Abutalıbovun kadrları ilə bağlı ilk cinayət işinin başlanması demək olacaq. Bununla da Hacıbala Abutalıbovun məsuliyyətini gündəmə gətirəcək. Ümumiyyətlə Bakı şəhər İcra Hakimiyyətində baş vermiş korrupsiyanın gec-tez üzə çıxacağı, üstəlik də bir çox məmurların istintaqa cəlb olunması qaçılmaz olacaq. Hələlik Hacıbala Abutalıbov baş nazirin müavini kimi toxunulmazdır. Ancaq hər kəs bilir ki, onun bu toxunulmazlığına istənilən an son qoyula bilər. Digər tərəfdən Hacıbala Abutalıbovun kadrlarının istintaqa cəlb olunması elə onun özünün də istintaqa cəlb olunması demək olacaq. Biz isə , "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin həyata keçirildiyi maliyyə əməliyyatları ilə bağlı geniş araşdırma aparmağa, Hesablama Palatasının auiditində üzə çıxmış, ancaq cəmiyyətə təqdim edilməmiş məqamları ictimaiyyətə təqdim etməyə çalışacağıq.
A.Nəbiyev,
"Yeni Sözçü"qəzeti