Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Mən hələ 2004-cü ildə yaltaqlığın, məddahlığın yolverilməz olduğunu demişəm”.
Sozcu.info xəbər verir ki, bu sözləri yenisabah.az-a keçmiş millət vəkili, Naftalanın icra başçısı olmuş, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. Musa Musayev bildirib ki, 2004-cü ilin aprelində Milli Məclsidə "Məmurların etik davranış qaydaları haqqında” Qanun layihəsi müzakirə edilərkən o, sənədə yaltaqlıqla bağlı da bənd əlavə olunmasını təklif edib.
"Həmin iclasda dedim ki, dövlət strukturlarında çalışan elə məmurlar var ki, yaltaqlıq, məddahlıq edirlər. Ona görə də sənədə bununla bağlı da bənd əlavə edilməlidir.
Həmçinin qeyd etmişəm ki, bu yalnız məmurlara deyil, bütün vətəndaşlara şamil olunsun. Yaltaqlıq və məddahlıq yaxşı şey deyil. Cənab İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, eyni zamanda millət vəkili olanda ona sual vermişdilər ki, ən nifrət etdiyiniz şey nədir? O da cavab vermişdi ki, yaltaqlıq. Daha sonra əlavə etmişdi ki, vaxtilə atası Heydər Əliyevə qarşı olanlar 1993-cü ildə onu gurultulu alqışlarla Milli Məclisin sədri seçdilər. Mən bu məsələni də həmin iclasda demişdim”,- deyə YAP siyasi şurasının üzvü bildirib.
Musa Musayev yaltaqlığa qarşı olsa da, bununla bağlı Cinayət Məcəlləsinə maddə əlavə olunmasına tərəfdar deyil. "Mən ixtisasca hüquqşünas deyiləm, bilmirəm bunu necə etmək olar. Amma hər halda hesab edirəm ki, bundansa "Məmurların etik davranış qaydaları haqqında” Qanun layihəsinə yaltaqlıqla bağlı bənd əlavə olunsa daha yaxşı olar.
Bilirsiniz, elə insanlar var ki, kimisə səmimi şəkildə tərifləyir. Bu kimlərəsə yaltaqlıq kimi görünə bilər. Amma hesab edirəm ki, səmimi şəkildə kiminsə haqqında xoş sözlər demək yaltaqlıq deyil. Yaltaqlıq odur ki, qəlbində həmin şəxsə nifrət edirsən, amma hansısa maraqlar naminə onu öyürsən.
Hətta o tərifə layiq bir iş görməyəndə də onu tərifləyirsən. Məsələn, mən səmimi şəkildə deyirəm ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün xidmətləri əvəzsizdir. Bunu mən deputat olanda, icra başçısı olanda demişəm, işsizəm indi də deyirəm. Həmçinin mənə görə bu belədir. Amma elələri var ki, vəzifədə olanda tərifləyir, amma işdən çıxarılandan sonra başlayır qəlbindəkini üzə çıxarmağa. Bax onun vəzifədə olduğu zaman dediyi təriflər yaltaqlıqdır”, - deyə Musa Musayev vurğulayıb.
Xatırladaq ki, tanınmış vəkil Adil İsmayılov yaltaqlığın cinayət sayılmasını təklif edib. "Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur.
Təklif edərdim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə YALTAQLIQ adlı maddə əlavə edilərək İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR fəslinə salınsın. Maddənin dispozisiyası təxminən belə ola bilər: "YALTAQLIQ, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”. Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var”, - deyə vəkil bildirib.