Mərdəkandan bir qrup əlili Bilgəhdə yeni mənzillərə köçürdülər, narazılıq baş qaldırdı

 

Mərdəkandakı təmirsiz, şəraitsiz pansionatda yaşayan, əlilliyi olan şəxslər bir müddət əvvəl Bilgəhdə yerləşən pansionatın yeni təmir olunmuş korpusuna köçürülüblər. Ancaq bu köçürmə əlilləri daha da çətin vəziyyətə salıb, çünki  orada əlillər üçün ixtisaslaşmış tibbi xidmət yoxdur. Nəticədə əlillər həkimə və digər tibb personalına olan zəruri ehtiyacları ödənilmir.

Sozcu.info məlumat verir ki, bu barədə virtualaz.org saytına "Tibb Müəssisələrində İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası” İctimai Birliyinin rəhbəri Əhməd Rəhmanov deyib.

Ə.Rəhmanovun sözlərinə görə, köçürülənlərin əksəriyyəti əlil arabasındadır. "Əlilliyi olanların çoxu I qrupdur, yəni onlara kömək lazımdır. Həmin korpusda isə nə həkim, tibb bacısı, nə də xadimə var. Məsələn, bir neçə gün bundan əvvəl əlil arabasında olanlardan biri ayaqyolunda yıxılıb. Onun yanındakı şəxsin isə əlləri işləmədiyindən köməklik göstərə bilməyib. Ona yardım göstərib arabaya oturtmaq üçün kənardan kömək çağırıblar. Həkimə, tibb personalına müraciət etmək üçün əlillər ya özləri digər korpuslara getməli, ya da qaldıqları binaya həkim çağırmalıdırlar”, -Rəhmanov deyib.

Şikayətlərdən biri də əlil arabasının sərbəst hərəkəti üçün şəraitin olmaması ilə bağlıdır. İctimai Birliyin rəhbəri deyir ki, həmin korpus əvvəllər inzibati bina olub, deyilənlərə görə, uşaq bağçası üçün nəzərdə tutulub. Dəhlizlər olduqca dardır, əlil arabasında olanların manevr imkanları məhduddur. Onların yanında kimsə olmayanda əlil arabası ilə hərəkət edə bilmirlər.

İctimai Birliyin rəhbəri deyir ki, Mərdəkandakı pansionatda yaşayan əlillərin  köçürülməsi zamanı yalnız bir nəfər qocalar evində yerləşdirildi. O, yaşlı deyil, ancaq qohumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyi üçün orada yerləşdirilib. Bu isə digər əlillər arasında narazılıq yaradıb.

Hazırda həmin korpusda yaşayan I qrup əlil Əfqan Quliyev isə deyib ki, yanvarın 21-dən Mərdəkandan Bilgəhə köçürülüb. "Mərdəkanda köhnə, təmirsiz binada qalsaq da işçi heyəti vardı, bizə köməklik göstərilirdi. Burada isə yalnız bir dəfə xadimə gəlib, otaqları yığışdırıb. O da yalnız  ayda bir dəfə gələcəyini deyir. Tənha yaşayan əlillər çox əziyyət çəkirlər. Otaqlar günlərlə çirkli qalır, yemək bişirə bilmirəm. Heç olmasa xadimə və tibb bacısı olmalıdır ki, bizim problemlərimizi həll etsinlər”, -Ə.Quliyev şikayətlənib.

Ə.Quliyev onu da bildirib ki, soyuducu olmadığından verilən ərzaqlar tez xarab olur: Hansı əlilin imkanı varsa özünə soyuducu alıb, qalanlara isə aylıq norma kimi verilən ərzaq xarab olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev isə deyib ki, Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) ərazisindəki ikimərtəbəli yaşayış binasında rahat, müasir mənzillərlə təmin edilmiş bir qrup əlilin bu şikayətləri "onlara göstərilən humanist yanaşmaya” adekvat deyil.

Elman Babayevin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yalnız müharibə əlilləri və şəhid ailələri növbəlilik qaydasında mənzillə təmin edilirlər. Ümumi səbəblərdən əlilliyi olan şəxslərin yaşayış yeri ilə təmin olunması isə nazirliyin öhdəliklərinə  aid deyil. Bununla belə, nazirlik Mərdəkan Müalicə Pansionatında əvvəllər məskunlaşmış 18 nəfər əlilliyi olan şəxsin (onlardan bir qismi tək yaşayır, qalan hissəsi isə ailəlidir) yaşayış yeri ilə təmin edilməsinin qayğısına qalıb, onları yeni korpusda yerləşdirib.

Əslində isə E.Babayevin qeyd etdiyi kimi,  mövcud qanunvericilikdə nazirliyin balansında olan pansionatlarda ("Məzun evi” və "Qocalar evi” istisna olmaqla) əlillər üçün hansısa daimi yaşamaq yeri nəzərdə tutulmur. Yeni açılan sosial sığınacaqlar isə kimsəsizlər üçün  nəzərdə tutulub, orada ən çoxu 6 ay qalmağa icazə var.

"Həmin əlillərin Mərdəkan Müalicə Pansionatında olduqca yararsız məişət şəraitində yaşamalarını, həmçinin pansionatda əsaslı təmir işlərinin aparılmasını nəzərə alaraq  nazirlik humanism nümayiş etdirib, bu şəxsləri Bakının Bilgəh qəsəbəsində yerləşən, Müharibə və Əmək Əlilləri üçün nəzərdə tutulan pansionatının bazasındakı ikimərtəbəli yaşayış binasında rahat yaşayış şəraitinə malik mənzillərlə təmin edib. Mənzillərdə daimi istilik sistemi, qaz, işıq və su təminatı var. Onların sırasında tək yaşayan elə əliliyi olan insanlar var ki, kənarda doğma ailəsi, ailəsinə məxsus evləri olmasına baxmayaraq burada yaşamağı üstün tuturlar”, -E.Babayev bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti