Problem bataqlığına düşən Lerik


Rayonda elə kənd vardır ki, 30 ildən çoxdur onun taleyi heç kimi düşündürmür

İndi dağlar diyarı Lerikə vəzifəyə gələnlər özündən başqa heç kimi fikirləşmir. Rayon mərkəzdən uzaqdır, insanları da ölkə rəhbərinə ürəkdən inandığına görə onun göndərdiyi hər hansı vəzifə sahibinə dəstək durub, qurub-yaratmaqla yaxşı gün-güzəran istəyirlər.

Lerik camaatı safdır, halal yaşamağı bacarır. Təəssüf ki, məmurların əli ilə onların bu səmimiyyəti başlarına bəla olur. Yəni, ölkə başçısının etimad göstərdiyi adam xalqın xeyrinə iş görmək əvəzinə, onlara qarşı laqeyd münasibət göstərir, yürütdüyü qərəzli siyasət yeni problemlərə yol açır. Nəticədə lerikli kəndlisi ağır güzəran üzündən doğma ocağını qoyub baş yerdə özünə xoş həyat axtarır. Dediyim vəziyyət gün keçdikcə bir daha pisləşir. Çünki leriklilərin bəxtinə yalan vədlərlə dövləti aldadan məharətli rəhbərlər düşür.

Rayonda elə kənd vardır ki, 30 ildən çoxdur onun taleyi heç kimi düşündürmür. Problem bataqlığında can verən Dzdipok, Qışlaq, Loda, Ləkər, Vənədidə... artıq insan kimi yaşamaq sadəcə qeyri mümkündür. Uzun illərdən yığılıb qalmış sosial məsələlər, məmurların yalaq vədləri, əhaliyə qarşı   məsuliyyətsiz davranışları adlarını göstərdiyim yaşayış  məntəqələrini  iflic günə salıb. Belə kəndlər Lerikdə  çoxdur, onların əksəriyyəti boşalıb. Sovet vaxtı 60 evdən ibarət kənddə indi beş-altısı qalmışdır. Qalmağa məcbur olanlar isə yaşlı sakinlərdir.

Kəndlilər deyirlər ki, doğma Azərbaycanda özümüzü “atılmış” kimi hiss edirik. Məmurlardan bütün ümidimiz üzülüb. Onsuz rayona gələn, bir-iki ay asıb-kəsməklə özünü gözə soxan rəhbər sonradan kəndliyə qayğı göstərmək yerinə, yaratmaz fəaliyyətı əksinə onu daha ağır günə qoyur...

Bu gedişlə Lerikin kəndləri çətin bir də köhnə yaraşıqlı, bollu, sevincli günlərə qayıtsın. Artıq camaat payızın palçığına, yayan toz-torpağına, sosial məsələlərin ağrı-acına  öyrəşib. Amma yanacaq qıtlığına şaxtalı qış günləri dözmək olmur. Dağ kəndlərin kabusuna çevrilən bu məsələnin səbəbkarı  elə dövlətin etibar etdiyi məmurlardır. 10-15 il bundan əvvəl necə ki, kəndlərə mavi qazın verməsini ortaya atdılar, meşələr əhalinin üzünə bağlandı. Fürsətdən istifadə edib yanacaq odunun qiymətini qaldırdılar qızıl qiymətinə. Hazırda  onu almağa hər adamın imkan çatmır. Bir də həyətlərdə kəsiləsi meyvə ağacları qalmayıb. Nəticədə dünyanın çox hissəsinə təbii qazın ixracını ilbəil artıran  ölkənin vətəndaşları isə şaxtalı qışda otaqlarını isitməyə yanacaq tapa bilmirlər. Elə başımıza gələn bəlaların çoxu da özümüzə qarşı biganəlikdən olur.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü



Oxşar Xəbərlər

Xəbər lenti