"Cənab Prezident, Xanlar Vəliyevin bizi məhv etməsinə imkan verməyin!" - ŞİKAYƏT


Cəmilə Əhmədova: "Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir"

"O, müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış, onların müdafiəsinə qalxmışdır"

Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 108-də yaşayan Cəmilə Əkbər qızı Əhmədova tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Beləliklə, saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevdən və müvafiq qurumların rəhbər şəxslərindən yardım istəyən Cəmilə Əhmədovanın müraciətini olduğu kimi təqdim edirik: 

"Hörmətli cənab Prezident! Mənim 73 yaşım var. Saçlarımı küçələri  süpürməklə, evlər

təmizləməklə ağartmışam. Bu günə kimi nə qızım, nə də özüm heç bir cinayət törətməmişik. Qızıma qarşı Mircavad Seyidov və Mirislam Seyidzadə (ata-oğul) tərəfindən törədilmiş dələduzluq hərəkətləri  barəsində Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişik. Müraciətimiz əsasında cinayət işi qaldırılmışdır. Cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılmışdır. Dələduzlardan biri Mirislam Seyidzadə  əvvəllər hərbiçi olduğu üçün cinayət işi təxminən, 5 aydan sonra Baş Prokurorluq vasitəsilə Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Cinayət işini Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov aparmışdır. Məhəmməd Abbasovun qanunsuz hərəkətləri, dələduzlarla əlbir olduğu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişik. Baş Prokurorluq tərəfindən müraciətimizə baxılmışdır. Müraciətimizdə göstərdiyimiz faktlar və sübutlar təsdiqini tapdığı üçün Baş Prokurorluq tərəfindən cinayət işi Məhəmməd Abbasovdan və ümumiyyətləBakı Hərbi Prokurorluğundan alınmış və Respublika Hərbi Prokurorluğuna, müstəntiq Bəxtiyar Əzimzadənin icraatına verilmişdir. 

Beləcə, hüquq mühafizə orqanları iki nəfər şəxsi - qızım Aidə Qafarovanı və qonşumuz Vüsalə Fətullayevanı 11 ay zərərçəkmiş qismində tanınmışlar. Aydın məsələdir ki, Respublika Hərbi Prokurorluğu da cinayət işini, eynilə Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov kimi qanunsuz hərəkətlər etməklə aparmışdır. Çünki Respublika Hərbi Prokurorluğun müstəntiqi Bəxtiyar Əzimzadə tərəfindən təhqir olunan, təzyiqlərə məruz qalan, yalançı şahidlik etməyə ifadə verməyə məcbur edilən, 10-larla müxtəlif şahidlər və cinayət işinə aidiyyəti olmayan şəxslər tərəfindən müstəntiqin qanunsuz hərəkətlərindən Xanlar Vəliyevin özünə teleqramlar göndərilmiş, müraciətlər olunmuşdur. Hətta elə müraciətlərimiz var ki, səsimiz  Xanlar Vəliyevə çatsın deyə, sosial şəbəkədə internet üstündən yayımlanmışdır.

Hörmətli cənab Prezident! Xanlar Vəliyev müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların  tərəfini saxlamış və dələduzların  müdafiəsinə qalxmışdır. Belə ki, təqsirləndirilən şəxslərə - Mircavad Seyidova və oğlu Mirislam Seyidzadəyə bəraət vermiş, qızım Aidə Qafarovanı və Vüsalə Fətullayevanı yalançı xəbər verməkdə ittiham edərək, barələrində cinayət işi qaldırmış. Cinayət işini Tərtər Rayon Prokurorluğuna göndərmişdir. Qızım Aidənin və Vüsalə xanımın həbs edilmələri ilə bağlı Tərtər Rayon Prokurorluğuna göstəriş vermişdir. Aydın məsələdir ki, Tərtər Rayon Prokurorluğunun müstəntiqi qorxusundan Xanlar Vəliyevin sifarişini yerinə yetirəcəkdir. Əks təqdirdə gələcəkdə işini itirəcəyindən qorxur.

Hörmətli cənab Prezident! Xüsusilə qeyd etmək istəyirəm ki, Xanlar Vəliyev barəsində bəraət verdiyi və müdafiəsinə qalxdığı dələduzlardan biri - Mirislam Seyidzadənin əvvəllər də Azərbaycan Respublikası CM-nin 177-ci (Oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə barəsində qanunu qüvvəyə minmiş hökmün olduğunu və hazırda məhkumluq həyatı yaşadığını gizlətmişdir. Məlum məsələdir ki, Xanlar Vəliyevin icazəsi olmadan, müstəntiqin bu qədər qanunsuz hərəkətlərə yol verməsi və qanunsuz hərəkətlərinin arxasında dayanması mümkünsüzdür və inandırıcı görünmür. Xanlar Vəliyevin müstəntiqin müdafiəsinə qalxması məlum məsələdir. Ancaq Xanlar Vəliyevin dələduzları müdafiə etməsini bu gün də başa düşə bilmirik.

Hörmətli cənab Prezident! 01.02.2024-cü il tarixdə səsimizi sizə çatdırmaq üçün Prezident Administrasiyasının qabağında olmuşam. Sizə qədər bütün aidiyyəti qurumlara teleqramlar göndərmişəm, müraciətlər etmişəm. Xanlar Vəliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Respublikanın Hərbi Prokuroru olduğu üçün,  bütün prokurorluq orqanlarının işçiləri Xanlar Vəliyevdən qorxurlar. Ona görə də şikayətimizə baxmırlar. İşə düzəltmək üçün qızıma verdiyim pul, qəpik-qəpik yığdığım kəfən pulumdur.  Kəfən pulumun alınması üçün Xanlar Vəliyevin qəbulunda olmuşam. Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir. Düşünürəm ki, görəsən, Xanlar Vəliyevi ana doğmayıbmı? Görəsən, Xanlar Vəliyevin anası, bacısı, qızı yoxdurmu? Cavab tapa bilmirəm!...

Cənab Prezident! Hər yerdən ümüdümüz kəsilmişdir. 73 yaşlı, ağbirçək bir ana kimi Sizə müraciət edirəm. Sizdən xahiş edirəm, Xanlar Vəliyevin dələduzlarla birləşib bizi məhv etməsinə imkan verməyin! Ümid yerimiz ancaq Sizsiniz. Xanlar Vəliyevin qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm".

Hurriyyet.az 

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 



Oxşar Xəbərlər

Xəbər lenti