"Bu nə tərbiyəsizlikdir, zəng edib bizi şikayət edirsiniz?" - ÖZBAŞINALIQ!

"Bu nə tərbiyəsizlikdir, zəng edib bizi şikayət edirsiniz?"
İcbari tibbi sığorta xətti ilə Mərkəzi Neftçilər Xəstəxanasına göz əməliyyatı üçün müraciət edən vətəndaş həkimin aqressiv münasibətindən və 60 manat pul tələb etməsindən narazı qaldığını yazıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın iddiasına görə, icbari tibbi sığortanın Xidmətlər Zərfinə əməliyyat və linzanın daxil olduğu halda, göz həkimi Elnarə Cəlilova israrla "sərfiyyat" ödənişi adı ilə onlara 60 AZN ödəniş etməli olduqlarını deyib.

Şikayətçi həmin ödənişi TƏBİB-dən dəqiqləşdirəcəklərini söyləyəndə həkimin: "Bu nə tərbiyəsizlikdir, zəng edib bizi şikayət edirsiniz?" - dediyini bildirib.

Vətəndaş onu da iddia edib ki, həkimlər dövlətin verdiyi iynə-dərmanın, linzanın keyfiyyətsiz olduğunu bildirərək, onları apteklərə yönləndirirlər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 1955-ci il təvəllüdlü pasiyent 8 avqust 2024 tarixində katarakta əməliyyatı üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

"Həkimi Elnarə Cəlilova müayinədən sonra pasiyentə 13 avqust 2024 tarixinə əməliyyat təyin edib. Bu zaman pasiyent şəxsi istəyi ilə icbari tibbi sığortanın qarşıladığı deyil, kənardan ala biləcəyi fərqli linzanın yerləşdirilməsini istəyib.

Daha sonra 69 yaşlı pasiyentin övladı (qızı) tibb müəssisəsinə gələrək, anasının istəyi ilə deyil, sığorta təminatı altında olan linzanın qoyulmasını tələb edib.

Bütün hallarda vətəndaşa xidmət göstəriləcəyi deyilsə də, pasiyent həkimdən imtina edib və yeni həkimə müraciət etmək niyyətində olduğunu bildirib", - deyə açıqlamada vurğulanıb.



Oxşar Xəbərlər

Xəbər lenti