“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar


“20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işləyirəm. İstehsalat zamanı xəsarət alsam da, şirkət kompensasiyamı ödəmir və üstəlik, məni işdən azad edib”.

Sozcu.info xəbər verir ki, bu iddia ilə “qafqazinfo”ya Teymur Məmmədquliyev müraciət edib.

O, 2004-cü ildən sözügedən şirkətdə supervayzer vəzifəsində çalışıb: “2022-ci ildə iş vaxtı, iş yerində xəsarət aldım. Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsinin sınığına görə iki dəfə əməliyyat olundum. Bu günə kimi fiziki funksional pozğunluq qalıb. Bunu təsdiq edəcək bütün sənədlərim var. İş vaxtı xəsarət almağıma baxmayaraq, şirkət tərəfindən heç bir köməklik, maddi yardım olunmayıb. Eyni zamanda mənə əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmayıb. 2023 cü il sentyabr ayından isə bu ödənişlər tam dayandırılıb. Halbuki 9 dekabr 2022-ci il tarixindən 16 may 2024-cü ilədək xəstəlik vərəqəsi davam edirdi. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etmişəm. Müfəttişlik tərəfindən NK-27 saylı qərara uyğun təhqiqat aparılıb. İZ aktına (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası) əsasən şirkət təqsirli sayılıb və cərimələnib. Aktdan əlavə, DSMF-nin 6 fevral 2024 ci il  № 3-17-1/2-M-27276/2024  sənədində də şirkətin günahkar olduğu təsdiqlənib”.

Vətəndaşın sözlərinə görə, dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə yoxdur: “Şirkət mənə xəstə olduğum günlərə görə 25-30 min manat borcludur. Buna görə mən onları məhkəməyə vermişəm. Bunu biləndən sonra bir neçə ay mənə 500-1000 manat pul verdilər. Məhkəmə prosesi gedə-gedə bilindi ki, mənim maaşım əslində 3720 manatdır, amma şirkət əməkhaqqımı 3400 manatdan hesablayıb.

Ötən ilin mayın 16-dan işə çıxmağa başladım. Şirkət mənə dedi ki, zədələnmiş xəstə adamsan, sənin üçün burada iş yoxdur, ərizə yaz, çıx. Mən rəis idim və fiziki pozğunluğum sadəcə 20%-dir, amma işləməyə icazə vermədilər. Halbuki mən bu şirkətə görə şikəst olmuşam. Dedilər ki, müqaviləni yeniləyək 500 manat əməkhaqqı ilə işlə. Təbii ki, bununla razılaşmadım və məni oktyabrın 1-i 2024-cü il tarixində 67 C maddəsi ilə işdən azad etdilər”.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı məhkəmə prosesi hələ də davam edir.

Teymur Məmmədquliyevin bizə təqdim etdiyi “İstehsalatda bədbəxt hadisə haqqında” Aktdan da görünür ki, o, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə onun sağ əlini və sol ayağını zədələyib, nəticədə xəsarət alıb.

İddialara aydınlıq gətirmək məqsədilə sözügedən “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə əlaqə saxladıq. T.Məmmədquliyevin narazılıqlarına cavab tapmaq istəsək də, şirkətdən yalnız rəsmi sorğu məktubu ünvanladıqdan sonra cavab verə biləcəklərini bildirdilər. Rəsmi məktubu elektron poçt vasitəsilə göndərmək istədikdə isə, onu qəbul etməyəcəklərini, yalnız fiziki sənədlə ofislərinə yaxınlaşaraq təqdim etməyimizi tələb etdilər. 




Oxşar Xəbərlər

Xəbər lenti