SABİQ NAZİRİN OĞLU TƏRTƏR SAKİNİNƏ 11 MİN MANAT “ATIB” - Etibar Pirverdiyevin kürəkəni haqda şok iddialar


Tərtər rayonu, İnqilab Ağayev küçəsi, ev 14-də yaşayan İsmayılov Nofəl Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciətedən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

Cənab Prezident!

Mən, İsmayılov Nofəl Əhməd oğlu,Sizdən xahiş edirəm ki, problemimin həll olunmasına dair göstəriş verəsiniz.

Bildirim ki, 25 may 2023-cü il tarixdənKaspian Road” şirkətində işə başlamışam. İş “GİPON” internet layihəsinin tətbiqi ilə bağlıdır. Füzuli rayonunun Aşağı Molla Məhərrəmli, Arayatlı, Babı, Əhmədbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində İnternet xətləri çəkmişik.

2023-cü ilin 30 dekabr tarixində zəng gəldi ki, müqavilənizə xitam verilir. Xahiş etdim ki, xitam haqqında əmri “WhatsApp” vasitəsilə mənə göndərsinlər. Məlum oldu ki, heç müqavilə belə, olmayıb. 

Mən, Füzuli rayonu üzrə layihə rəhbəri olmuşam. Təəssüflə qeyd edirəm ki, işə qəbul edən zaman məni aldadıblar. 

Hazırda şirkətdən 11 min manat alacağım var. 

Şirkət keçmiş rabitə naziri Əli Abbasovun oğlu, “Azənerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin kürəkəni Eldar Abbasova məxsusdur. Dəfələrlə şikayətimlə bağlı şirkətə müraciət etmişəm. Bildirmişəm ki, hissə-hissə də olsa əmək haqqımı verin. 

Şirkətdən bildirirlər ki, imkanımız yoxdur. 

Laçın rayonunda 3 min manatlıq iş görmüşük.  Mənə deyirlər ki, vergiyə borcumuz var. Vergidən onlara aid olan bildirişi də mənə göndərirlər. 

Cənab Prezident!

Sonradan öyrənmişəm ki, “GİPON” layihəsinin tətbiqinin həyata keçirilməsi üçün “Azinvest” şirkətindən aldıqları avansı da Laçın rayonundakı işə sərf ediblər. İndi konkret olaraq deyirlər ki, pulunu vermirik.

Özüm xəstə adamam, 59 yaşım var. Şəkər, hipertoniya, insult, infarkt, ürəyin açıq əməliyyatı, böyrək çatışmazlığı və sair  xəstəliklərdən əziyyət çəkirəm. Ailəmi dolandırmaq, evimə çörək pulu qazanmaq üçün xəstə halımla işləmişəm. 

Mən Sizdən ailəm və öz adımdan xahiş edirəm ki, mənə qarşı olunan bu haqsızlığa son qoyulmasına göstəriş verin. Nəzərə alın ki, mən şirkətdən sadəcə öz zəhmətimin qarşılığını tələb edirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti