Hər iki ayağı amputasiya olunan Laçın sakini avtomobillə təmin olunmasını istəyir – NAZİRLİKDƏN REAKSİYA / FOTO


Laçın rayon sakini Heydərov Ərşad Kərəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi müraciəti olduğu kimi dərc edirik:

“1992-ci ildə könüllü olaraq orduya getmişəm. Birinci Qarabağ müharibəsi iştirakçısı və 1-ci dərəcəli hərbi əliləm.

1994-cü ildə hərbidən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışam.

2018-ci ildə bir ayağım, 2024-cü ildə isə o biri ayağım amputasiya olunub.

2020-ci ilin fevral ayından da dializ xəstəsiyəm. Həftədə 1 dəfə dialdz üçün xəstəxanaya getməyə məcburam. Amma xəstəxanaya getməkdə çətinlik çəkirəm.  Əlillər üçün nəzərdə tutulan minik avtomobili istəyirəm ki, xəstəxanaya rahat gedib-gələ bilim.

Qeyd edim ki, həmçinin, şəkərli diabet və ağciyər çatışmazlığından da əziyyət çəkirəm”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, bildirdi ki, Laçın rayon sakini 29.05.1974-cü il təvəllüdlü  Heydərov Ərşad Kərəm  oğluna 11.09.2020-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar birinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb və hazırda buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur.

“Qeyd edək ki, reabilitasiya vasitələri ilə təminat  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq aparılır.

Qanunvericiliyə əsasən, xüsusi səbəblərdən əlilliyi müəyyən olunan şəxslər müvafiq tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili

ilə təmin olunması mümkün deyil”, - T.Qurbanov əlavə etdi.

 Aynurə MUSTAFAYEVA



Oxşar Xəbərlər

Xəbər lenti