24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
İmişli rayonu, Qulubəyli kəndində yaşayan Nağıyev Qalib Qaraseyid oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi deyir ki, Nəsimi rayon prokuroru Salman Məmmədlinin və Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Omarovun qanunazidd əməlləri haqda dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də nəticəsi yoxdur:
"Hörmətli Prezident!
Çoxsaylı şikayət ərizələri ilə Cənab Prezidentə və digər yuxarı instansiyalara yüzlərlə rəsmi müraciətlər edib, mərhum qardaşımın dələduzluq yolu ilə aldadılaraq 32 min dollar pulunun alınmasını bildirib, bu barədə qanuni tədbir görülməsini xahiş etsəm də, Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış material üzrə altı dəfə əsassız olaraq cinayət işinin başlıanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
2019-cu ilin mart ayının ortalarında Baş prokurorun birinci müavini cənab Rüstəm Usubov məni şəxsən qəbul edib, diqqətlə dinlədi. Baş Prokurorluğun Ərazi üzrə prokuroru Salman Məmmədlini və müstəntiq Nizami Omarovu müdafiə etmək və onların qanunazidd əməllərinin üstünü ört-basdır etmək məqsədilə cənab Rüstəm Usubova məruzə edib bildirdi ki, guya, işdə şahid olmadığına və vəfat etmiş şəxsin izahatının alınması imkansız olduğuna görə, araşdırma aparılması mümkün olmamışdır, elə bu səbəbdən də müstəntiq məcburiyyət qarşısında qalaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.
Mən həmin an müstəntiqin qəbul etdiyi qərarın surətini cənab R.Usubova təqdim etdim və söylədim ki, işdə üç nəfər şahid var və izahatlarında onların iştirakı ilə 32 min dolların Rauf Hüseynova verildiyini təsdiq edirlər. Bundan sonra prokurorun yalanları üzə çıxdı və cənab R.Usubov şikayətim barəsində qanunamüvafiq tədbir görülməsi haqqında ciddi tapşırıqlar verdi.
Hesab etdim ki, artıq hər şey düzgünlüyə doğru gedəcək. Üç nəfər şahidin izahatının qarşısında aciz qalan prokuror Salman Məmmədli vəfat etmiş qardaşımı bəhanə edərək, üç dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında yalançı qərarlarla kifayətlənməli olaraq başqa bir metod fikirləşdi. Guya 2015-ci ilin may ayında dələduz Rauf Hüseynov Bakı Sağlamlıq Mərkəzində stosionar müalicə olunmuşdur və həmin vaxt "Riyad” kafesində qardaşımla görüşüb ondan pul almamışdır.
Üç nəfər şahidin ifadələrini puça çıxartmaq məqsədilə istintaqa Bakı şəhər Sağlamlıq Mərkəzindən saxta, tam qanunsuz, gülünc bir arayış təqdim olunmuşdur. Sual olunur, 2016-cı ildən başlayaraq hələ qardaşım sağikən niyə Rauf Hüseynov həmin arayışı istintaqa təqdim etmirdi, üç il ərzində həmin arayış harada gizlənmişdi.
Müstəntiq Nizami Omarovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda dələduz Rauf Hüseynov izahatlarında göstərir ki, o, mərhum qardaşım Seyidqasım Nağıyevlə 2015-ci ilin may ayının ortalarında "Riyad” kafesində görüşüb. Əgər Rauf Hüseynov may ayında Bakı Sağlamlıq Mərkəzində stosionar müalicə olunurdusa, bəs necə gəlib öz izahatında göstərdiyi kimi, "Riyad” kafesində həmin vaxt qardaşımla görüşürdü?
Cənab Prezident!
Altı dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qəbul edilməsi səbəbi barədə əvvəlki ərizələrimdə geniş məlumat vermişəm. Bu işdə vasitəçilik missiyasını məharətlə yerinə yetirən Sarı Sarıyev və prokuror Salman Məmmədli kürəklərini iqtidarda çox yüksək vəzifə sahibi olan şəxslərə söykəyib, belə bir qanunsuz əməllərlə məşğuldurlar. Prokuror S.Məmmədlinin və müstəntiq N.Omarovun əməllərində korrupsiya və rüşvət olması qəbul olunan altı qanunsuz qərardan açıq-aydın görünür. Çoxsaylı müraciətlərimizə baxmayaraq, Bakı şəhər Prokurorluğu iş üzrə toplanmış materialın Nəsimi rayon Polis İdarəsindən alınıb, Bakı şəhər Baş Polis İdarəsinə verilməsini təmin etmir. Məntiqlə belə fikirləşmək olar ki, Bakı şəhər Prokurorluğu cənab Salman Məmmədlidən qorxur. Baş Prokurorluq isə prokuror Salman Məmmədlinin qanunazidd əməllərini müdafiə edir.
Prokuror Salman Məmmədli və müstəntiq Nizami Omarov barəsində faktlar əsasında, eyni zamanda altı dəfə qanunsuz olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyinə görə, xidməti yoxlama aparılaraq, qanunamüvafiq tədbir görülməlidir.
Cənab Prezidentə çoxsaylı ərizə və teleqramlarla müraciət edib, məni Baş prokuror Zakir Qaralovun və ikinci dəfə Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qəbul etməsini xahiş etsəm də, nəticəsi yoxdur. Sanki ərizələrim və teleqramlarım zibil yeşiyinə tökülür.
Xahiş edirəm kömək edəsiniz”.
Hazırladı: KƏNAN
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.