8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dələduzluq yolu ilə 30 min dollarının mənimsənildiyini iddia edən vətəndaş polisə müraciət etdiyinə peşman olub
Bəhlul Xəlilov: "Zaur Mirzəyev mənə dedi ki, bu pulu "Usubov” soyadına görə qaytarıblar, sənə pul yoxdur”
"...Kənan, Çingiz və mən Şükürov Faiqin evinə getdik. Onlar Faiqi tutub bölməyə gətirdilər. Bir müddət sonra Faiqin adamları gəldi, işi düzüb-qoşdular və Çingiz dedi ki, sənin pulunu verəcəyik. Orada Faiqdən pulu aldılar, amma mənə düşən pulu vermədilər...
II hissə
"Hürriyyət”in ötən saylarının birində "Prezident Aparatı "əməkdaşı”nın 30 min dollarlıq dələduzluğu” sərlövhəli yazıda Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 43C ünvanında yaşayan Xəlilov Bəhlul Abdulla oğlunun 30 min ABŞ dolları məbləğində vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, B.Xəlilov 2009-cu ildən etibarən öz pulunu qaytarmaq və ona qarşı dələduzluq edən şəxslərin hüquq çərçivəsində cəzalandırılması üçün bütün rəsmi qurumlara müraciət etsə də, şikayətinə baxan yoxdur. Bunun əksinə, Bəhlul Xəlilovun müraciət etdiyi ünvanlarda məlum dələduzluq faktından külli miqdarda qazanc götürənlər də olub...
Ölüm kağızı çıxarılan Azad Məmmədli sonra necə "dirilib”?
Bu məsələyə toxunmazdan əvvəl xatırladaq ki, şikayətçinin pulunu əvvəllər dostluq etdiyi, əslən ağdamlı olan, Bakı şəhər sakini Şükürov Böyükağa Böyükkişi oğlu, onun oğlu Şükürov Faiq və Prezident Aparatının yüksək vəzifəli əməkdaşı olduğu iddia edilən Məmmədli Azad Əliqulu oğlu "atıblar”. Bütün bunlarla bağlı ötən yazımızda ətraflı məlumat verdiyimizdən, bu məsələyə yenidən qayıtmağa ehtiyac görmürük. Sadəcə onu qeyd edə bilərik ki, B.Şükürovun və oğlu F.Şükürovun 2010-cu ildə öldüyünü iddia etdikləri, ölüm kağızı çıxarılan, hətta baş daşının şəklini də çəkib göstərdikləri Prezident Aparatı "əməkdaşı” Azad Məmmədlinin sonradan – 2013-cü ildə sağ olduğu ortaya çıxıb. Bu haqda ona etibar etdiyi bir şəxs məlumat verib. Üstəlik, bundan əvvəl A.Məmmədlinin Prezident Aparatında çalışmadığı da məlum olub. Lakin Bəhlul Xəlilov Azad Məmmədlini onun gedib-gəldiyi söylənilən ünvanlarda çox axtarsa da, tapa bilməyib. Daha sonra isə, ona qarşı dələduzluq edən şəxsin dostu və onun oğlu olduğunu düşünərək, Azad Məmmədlini axtarmaqdan vaz keçib. Çünki o, pulu A.Məmmədliyə deyil, şəxsən Faiq Şükürova verib. Söhbət qaynını işə düzəltmək üçün verdiyi 30 min dollardan gedir...
Dələduzluq işi kimlərə "çörək verdi”?
Qeyd etdiyimiz kimi, B.Xəlilov son illər pulunu geri qaytara bilmək üçün dəfələrlə rəsmi orqanlara müraciət etsə də, heç bir müsbət nəticə verməyib. Əvəzində isə, Nizami rayon 24-cü polis bölməsinin zirək əməkdaşları ona qarşı edilən dələduzluq faktından istifadə edərək, böyük pullar qazanıblar. Bu haqda "Hürriyyət”in əməkdaşına məlumat verən Bəhlul Xəlilov deyir: "Mənə qarşı edilən dələduzluq faktı ilə bağlı "Əhmədli” kafesində Ədliyyə Nazirliyində işləyən mayor Zaur Mirzəyevlə söhbət etdim. O, mənə dedi ki, sənə kömək edərəm. Bir neçə gün sonra isə bildirdi ki, 24-cü polis bölməsinin rəhbərliyi ilə danışıb, pulu 50/50-yə ala bilər. Yəni Faiq Şükürovdan alınan pulun 15 min manatı mənim, qalan 15 min manatı da onun olacaqdı. Mən razılaşmağa məcbur oldum. Çünki illərdir bütün rəsmi qurumlara müraciət etsəm də, müsbət cavab verən olmamışdı.
Polis Faiq Şükürovdan aldığı 30 min dolları niyə zərərçəkənə vermədi?
Nəhayət, biz gedib 24-cü polis bölməsinin Cinayət Axtarış şöbəsinin rəisi Çingiz müəllimlə (soyadını dəqiqləşdirə bilmədik – red.) görüşdük. Həmin vaxt o, bizə bildirdi ki, sabah gəlin, təhqiqatçı Kənan müəllim bu gün işdə yoxdur. Biz səhəri gün Zaurla birlikdə gedib Kənan müəllimlə görüşdük. O, əvvəlcə ərizə yazmağımı istədi. Elə oradaca mənim əvəzimə Zaur ərizə yazdı. Diskdə səs yazısı da vardı, onu da təqdim etdik. Bundan sonra Kənan, Çingiz və mən Şükürov Faiqin evinə getdik. Onlar Faiqi tutub bölməyə gətirdilər. Bir müddət sonra Faiqin adamları gəldi, işi düzüb-qoşdular və Çingiz dedi ki, sənin pulunu verəcəyik. Orada Faiqdən pulu aldılar, amma mənə düşən pulu vermədilər. Həmin vaxt mən Zaurla mübahisə etdim. O, mənə dedi ki, get hara istəyirsən şikayət et, bu pulu "Usubov” soyadına görə veriblər (Həmin vaxt 24-cü polis bölməsinin rəisi vəzifəsində daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu Hikmət Usubov çalışıb – müəl.), sənə pul yoxdur”.
"Açıq şəkildə bildirdilər ki, istəyirsiniz gedin Prezidentə deyin, biz heç kimdən qorxmuruq”
Bəhlul Xəlilovun sözlərinə görə, bu faktla bağlı Nizami rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna, DİN-ə, Baş Prokurorluğa çoxsaylı şikayətlər etsə də, yenə də heç bir reaksiya verilməyib: "Bu iş haqqında hətta cənab Prezidentə teleqram da vurmuşam ki, Baş Prokurorluq Nizami rayon 24-cü polis bölməsinin 50/50-yə pul alan işçilərini tuta bilmir. Hamı deyir ki, mənim gücüm çatmır. 24-cü polis bölməsinin işçiləri Çingiz, Kənan və mayor Zaur Mirzəyev isə açıq şəkildə bildirdilər ki, istəyirsiniz gedin Prezidentə deyin, biz heç kimdən qorxmuruq”.
Rəsmi süründürməçilik
Şikayətçinin sözlərinə görə, 2018-ci il aprelin 4-də DİO-nun istintaq, təhqiqat və əmləiyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Müşfiq Səfərov onun müraciətinə yazılı cavab verib. Məktubda bildirilir ki, "Sizə qarşı dələduzluq edilməsi ilə bağlı toplanılmış material bir icraatda araşdırılması üçün Bakı şəhəri, Nizami rayon prokurluğuna göndərilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, 2017-ci ildə eyni məzmunlu müraciətinizlə bağlı Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində araşdırma aparılan zaman həmin bölmənin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsinə dair şikayətiniz əsasında hazırda Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılır”.
B.Xəlilovun fikrincə, bu araşdırmaların aparılması haqda informasiyalar sadəcə süründürməçilik məqsədi daşıyır, heç bir tədbir görülməyəcəyi əvvəldən də bəlli idi. Çünki kimsə qanunsuzluğa yol verən polis əməkdaşlarına qarşı tədbir görməkdə maraqlı deyildi və bunu müxtəlif şəxslərlə görüşdə açıq şəkildə onun özünə də bildiriblər.
Prezidentə müraciət
"Hürriyyət” vasitəsilə bir daha Prezident İlham Əliyevə müraciət edən B.Xəlilov ona qarşı dələduzluq edən Faiq Şükürov, 24-cü polis bölməsinin Cinayət Axtarış şöbəsinin rəisi Çingiz, təhqiqatçı Kənan, eləcə də Ədliyyə Nazirliyinin mayoru Zaur Mirzəyevin qanunsuz əməlləri ilə bağlı obyektiv araşdırma aparılaraq, qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün göstəriş verməsini xahiş edir.
RƏŞAD
Redaksiyadan: Mövuz ilə bağlı araşdırmamış davam edir. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.