Aqrar sektor 2020-ci ilə necə başladı - rəqəmlər

 

Dövlət dəstəyinin yeni mexanizmləri istehsalı və istehsalçını stimullaşdırır

Azərbaycan qeyri-neft iqtisadiyyatı, xüsusilə də aqrar sektorun ixrac potensialının artırılmasını əsas dövlət prioritetlərindən biri elan edib. Bu prioritet sahə 2020-ci ilə hansı yeniliklərlə daxil olub, aqrar sektorda hansı proseslər baş verir?

Bu sualı cavablandırmaq üçün ötən ildən sektorda əsası qoyulan iki mühüm prosesə diqqət yetirmək lazımdır. Bunlardan birincisi, aqrar sektora dövlət dəstəyinin yeni mexanizminin və yeni formasının tətbiqidir. Bu il yanvarın 1-dən tətbiq olunan yeni mexanizmin əsası prezident İlham Əliyev tərəfindən iyunun 27-də təsdiqlənən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.

Qaydalara əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib.

Ötən ilin avqustunda isə Kənd Təsərrüfatı Nazirliyi aqrar məhsul istehsalına görə veriləcək əkin subsidiyasının hesablanması üçün zəruri olan  əmsalları müəyyənləşdirib.

Subsidiyaların verilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.

Subsidiya korrupsiyası aradan qaldırılır

Subsidiya almaq üçün aqrar istehsalçılar mütləq "Subsidiya” İnformasiya Sistemində (SİS) qeydiyyatdan keçməlidilər. Bunu etməyənlərə subsidiya verilməyəcək.

Beləliklə, buğda üzrə əmsal 1 müəyyən edilib. Bu o deməkdir ki, buğda əkən fermerlər hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.

Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Yəni məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.

Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyanın məbləği müvafiq olaraq 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir.

fermerlərə ile ilgili görsel sonucu

Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subdisiya alacaqlar.

Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsalları 1,8-dir.

Zəfəran istehsalçılarını hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir.

Günəbaxanın hər hektarına görə aqrar istehsalçılar 200(əmsal 1) manat, tütünə və şəkər şuğunduruna görə 280 (əmsal 1,4), bostan bitkiləri və pambığa görə 220 (əmsal 1,1), kartof və tərəvəzə görə 240 (əmsal 1,2), digər bitkilərə görə 100 (əmsal 0,5) manat alacaqlar.

Üzüm sahəsinə görə bağın salındığı ilk 4 ildə hər hektara görə istehsalçı 600 manat (əmsal 3), ondan sonra isə 240 manat (əmsal 1,2) manat alacaq. Bu, 2019-cu ildən etibarən salınan bağlara aiddir. Ona qədər salınan bağlara görə 240 manat subsidiya veriləcək.

Çay plantasiyasının salındığı ilk 7 ildə hər hektara 700 manat (əmsal 3,5), ondan sonra isə 240 manat(əmsal 1,2), intensiv meyvə bağlarına (qərzəklilər istisna olmaqla) ilk 4 il ərzində 800 manat(əmsal 4), sonra 240 manat (əmsal 1,2), intensiv qərzəkli meyvə bağlarına ilk 4 ildə 400 manat (əmsal 2), sonra 240 manat (əmsal 1,2), digər meyvə bağlarına 240 manat(əmsal 1,2), giləmeyvəlilərə 200 manat (əmsal 1) dövlət dəstəyi ödəniləcək.

Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər.

Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir. Arıçılara isə indi olduğu kimi, hər arı ailəsinə görə 10 (on) manat veriləcək və bu, 2023-cü ilədək davam edəcək.

İlgili resim

Barama subsidiyası da dəyişməyərək, istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat olacaq.

Heyvan subsidiyası yalnız o halda veriləcək ki, süni mayalanmanı bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislər həyata keçirsin və bu məqsədlə yaradılmış süni mayalanma mərkəzlərində istehsal olunmuş, habelə SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilsin. Bundan əlavə, heyvan sahibləri süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanın, habelə arı ailələrinin identikləşdirilməsi və ona dair məlumatları SİS-ə daxil etməlidilər.

Süni mayalanma xidməti mütəxəssis ilə heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.

Saxtakarlığın qarşısı necə alınacaq?

Agentlik subsidiyalaşma prosesini monitorinq edəcək. Bu zaman çarpaz - elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi, yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi, yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərin nəzarət və qiymətləndirmə tədbirləri kimi metodlardan istifadə olunacaq.

fermerlərə ile ilgili görsel sonucu

Saxtakarlığa yol vermiş fermerlərə qarşı ciddi tədbirlər görüləcək

Kənd Təsərrüfatı Nazirliyindən "Yeni Müsavat”a verilən məlumata görə, yeni mexanizmin tətbiqi ilə bağlı bütün hazırlıq tədbirləri başa çatdırıb. Elektron hökumət portalı www.mygov.az ttp://www.mygov.az/ içərisində www.eagro.az ttp://www.eagro.az/ portalı formalaşdırılıb və portalda 449259 fermer qeydiyyatdan keçib: "Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək".

Dövlət dəstəkli aqrar sığortanın tətbiqi başlanır

Bu ildən aqrar sektorda tətbiqinə başlanan ikinci mühüm dövlət dəstəyi mexanizmi aqrar sığortadır. "Aqrar sığorta haqqında” Qanun Milli Məclis tərəfindən 2019-cu ilin iyununda qəbul edilib. 2019-cu ilin avqustunda isə prezident İlham Əliyevin fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək.

Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunub. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğuna görə ölkənin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? Nazirlər Kabinetinin qərarına əsasən bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, idxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, - çəltik, üzüm, fındıq, pambıq əkinləri sığorta olunacaq.

Heyvandarlıq sahəsində isə məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Hökumətdə hesab edirlər ki, bu məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərin himayəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir edəcək, həmin məhsulların istehsalında artıma səbəb olacaq, bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə verəcək, nəhayət, sığorta bazarını gücləndirəcək.

Nazirlər Kabineti həmçinin sığorta riski hesab olunacaq amilləri də müəyyənləşdirib. Qurumun qərarı ilə təbii fəlakətlərdən zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, texnogen hadisələrdən yanğınlar, bundan əlavə, bitki xəstəlikləri və zərərvericiləri (taxıllarda pas xəstəliyi, üzümlərdə mildiu xəstəliyi, siçanabənzər gəmiricilər, çəyirtkəkimilər, aralıq dənizi meyvə milçəyi, mərmər bağacığı), yoluxucu xəstəlik və zəhərlənmələr (karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər nəticəsində ölüm, ilan və ya həşərat sancması nəticəsində ölüm, zəhərli otlardan və yemlərdən zəhərlənmə nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm), Vəhşi heyvanların hücumu nəticəsində ölüm, Üçüncü şəxslərin hərəkətləri (nəqliyyat vasitələri ilə qəza və qəsdən öldürmə) də risk amilləri hesab olunur. Nəqliyyat qəzaları və şəxsi münasibətlər zəminində qəsdən öldürmə nəticəsində ilkin olaraq hadisə risk qrupuna aid edilməklə tələfatın dəyəri heyvan sahibinə ödənilməli, sonrakı araşdırma nəticəsində sığorta ödənişi təqsirkarın hesabına təmin edilməlidir.

Göründüyü kimi, aqrar sektor 2020-ci ilə çox mühüm yeniliklərlə daxil olub. Bu yeniliklər sektora dövlət dəstəyi mexanizminin təkmilləşməsi, bu sahədə şəffaflığın və ünvanlılığın təmin olunması, eyni zamanda aqrar sığorta vasitəsilə etibarlılığın yaradılmasına, uçot və statistikanın dəqiqləşməsinə, aqrar istehsalçıların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə gətirib çıxaracaq.



Oxşar Xəbərlər

Xəbər lenti