Azərbaycan öhdəlik altında: Neft hasilatını bu gündən 23% azaltmalıdır

Azərbaycan öhdəlik altında: Neft hasilatını bu gündən 23% azaltmalıdır

 

Azərbaycan bu gündən neft hasilatını 23% azaldır.

Sozcu.info Ovqat.com-a istinadla xəbər verir ki, bu addım aprel ayının 9-da keçirilən OPEC+ ölkələrinin qəbul etdiyi qərara əsasən atılır

Xatırladaq ki, videoformatda keçirilən həmin konfrasda iştirak edən 23 ölkə may-iyun aylarında neft hasilatını gündəlik 9.7 milyon barrel azaltmaq öhdəliyi götürüblər. Toplantıda qərara alınıb ki, hasilat kəsintilərinin bəzi fərqlərlə 2022-ci ilə qədər davam etdirilsin. Azərbaycan da videokonfrans iştirakçı kimi bu təşəbbüsə qoşulub.

Konfransda qəbul olunan qərara əsasən, Azərbaycanın may və iyun aylarında gündəlik hasilati 554 min barreldən, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprel ayları arasında isə 620 min barreldən yuxarı olmamalıdır. Nəzərə alsaq ki, ölkəmizin gündəlik neft hasilatı 718 min barrel idi, bu, qarşıdakı 2 ay ərzində hər gün 164 min barrel daha az neft çıxaracağımız mənasına gəlir. Bunu videokonfransdan sonra Energetika Nazirliyi mətbuata açıqlamasında da bəyan etmişdi.

"Mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır,”- Azərbaycan Energetika Nazirliyinin məlumatında belə deyilirdi.

Əslində Azərbaycan OPEC üzvü deyil və OPEC+ ölkələrinin sammitlərinə də qatılmır. Yeri gələndə Azərbaycanın qlobal neft hasilatında payı da o qədər yüksək olmadığından bizdən bu kəsintiyə getmək gözlənilmirdi də. Dolayısıyla belə bir öhdəlik götürmək məcburiyyətimiz də yoxdu. Bəs necə oldu ki, Azərbaycan bu öhdəliyin altına girəsi oldu?

Energetika naziri Pərviz Şahbazov ötən ay bu suala belə cavab vermişdi: "Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə "OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir”.

AzərTAC-ın verdiyi məlumata görə, rəsmi Bakının üzərinə götürdüyü kəsinti öhdəlikləri artıq ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında bölünüb. Razılaşdırılmış kvotaya əsasən, "Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barrel həcmində azaldaraq 100 min barrel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq ümumi hasilata gündəlik 5 min barrel, gələn ildən etibarən isə daha 6 min barrelin əlavə edilməsini, beləliklə 2021-ci ildə ümumi neft istehsalının sutkada 111 min barrel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

"Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barrel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barrel, gələn ildən etibarən isə əlavə olaraq sutkada 26 min barrel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barrel proqnozlaşdırılır. Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barrel azaldacaq, iyul-dekabr aylarında sutkada min barrel, gələn il isə daha min barrel artıra biləcək.

"OPEC+” razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarını əhatə edən dövrdə Azərbaycanın xam neft hasilatı ümumilikdə 17,4 milyon barrel azaldılaraq 141,8 milyon barrel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30,7 milyon ton və ya 226,3 milyon barrel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən "Şahdəniz” konsorsiumunun və "Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda, SOCAR-ın "Azneft” İB-nin və "Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.



Oxşar Xəbərlər

Xəbər lenti