8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər gün paytaxtın müxtəlif ünvanlarından qazın kəsilməsi ilə bağlı redaksiyamıza müraciətlər daxil olur, yaxud sosial şəbəkə istifadəçiləri bu barədə yazır. Ən çox şikayət isə qazın aşağı təzyiqlə verilməsindəndir. Nərimanov, Binəqədi, Suraxanı, Sabunçu, Xəzər rayonlarının əksər qəsəbələrindən daxil olan şikayətlərdə bildirilir ki, qış girəndən sakinlərin əvvəlcədən pulunu ödəyib aldıqları qaz onlara o qədər qənaətlə verilir ki, nə yemək bişirmək, nə də isinmək mümkündür.
Sakinlər deyirlər ki, bütün qışı ehtiyat qaz balonunun ümidinə qalıblar:"Aylardır qəsəbə normal qaz görmür. Ya təmir adı ilə qazı tamam kəsirlər, ya da qismən. Şənbə günündən isə təzyiqi o qədər aşağı saldılar ki, nəinki evi qızdırmaq, heç yemək bişirmək mümkün olmadı. Kimin evində ehtiyat qaz balonu varsa, yeməyi onunla bişirir”, - deyə Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev yaşayış massivində yaşayan sakinlər deyirlər.
Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 9-cu döngədə yaşayan sakinlər də verilən qazın içərisinə hava vurulmasından şikayətçidirlər. "Qış gələndən qazın təzyiqi ölüb. Xüsusən də, şənbə-bazar günləri axşam yeməyini səhər tezdən hazırlamağa başlayırıq, gecəyə qədər ancaq hazır olur”, - deyə sakinlər bildirirlər.
Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 1A ünvanında yaşayan sakinlər də eyni problemlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, binaya verilən qaz o qədər zəifdir ki, hamamda qaz "kolonka”sını belə yandırmaq mümkün deyil."Ancaq səhər 6-da suyu qızdırıb yuyunuruq. Qalan vaxtlar qazın olmamasına görə nə isti su görürük, nə də isti yemək”, - deyə şikayətçilər narazılıq edirlər.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Nərimanov rayonu, Qarabağ küçəsi, Xəzər rayonu, Binə qəsəbəsi, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, Binəqədi rayonu, 4 və 6-cı mikrorayonlarda yaşayan sakinlərdən də eyni məzmunlu şikayətlər daxil olur.
Virtualaz.org şikayətlərə aydınlıq gətirmək üçün yerli qaz istismar sahələrinə zəng etsə də, məlum olub ki, əksər nömrələr ya işləmir, ya da şikayətləri cavablandırmır. Elə "Azəriqaz” İB-dən də telefonlarımızı cavablandıran olmadı.
Qeyd edək ki, bir neçə gün öncə oxşar problemlə bağlı araşdırma aparmışdıq. "Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qaz xətlərində xüsusən qış aylarında aparılan intensiv təmir işlərini qaz xətlərinin köhnə olması, 60-70-ci illərdən qalması ilə əlaqələndirmişdi. İB rəsmisi şikayət olunan ünvanlarda tezliklə vəziyyətin araşdırılacağına və tədbir görüləcəyinə söz versə də, problem hələ də qalır.(Virtualaz.org)