“Sanksiyalar Azərbaycandakı Rusiya banklarına da təsir göstərəcək”

Rusiyaya tətbiq edilən sanksiyalar çox ağırdır. Nə Suriya, nə İraq, nə də İranda belə sanksiyalar tətbiq edilib. Sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrini əhatə edir, tək banklar hədəf deyil”.
Sozcu.info xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vahid Əhmədov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardından bu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın SWIFT-dən, yəni beynəlxalq pul köçürmələr sistemindən çıxarılması artıq bankların iflici anlamına gəlir: “Azərbaycanda da Rusiya bankları var. Bu, əlbəttə o banklara da təsirini göstərəcək. Həmin banklarda Mərkəzi Bank tərəfindən külli miqdarda vəsaitlər var, eyni zamanda ola bilsin ki, mülki əhalinin vəsaitləri də olsun. Bu proses uzun müddət, məsələn, bir ay davam edərsə, əlbəttə, banklar öz maliyyə dayanıqlığı ilə bağlı çox ciddi problemlər yaşayacaq”.
V.Əhmədov bildirib ki, Rusiya banklarının ölkəmizdə defolt olması, bazardan çıxması gözləniləndir: “Bu da sanksiyaların müddəti ilə bağlıdır. ABŞ və Qərbin açıqlamalarından görünür ki, müharibə dayansa da, sanksiyalar daha uzunmüddətli xarakter alacaq”.
Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan", digəri isə "Yelo Bank”dır.


Oxşar Xəbərlər

Xəbər lenti