Bağlanan “Muğan Bank”ın əmanətçilərinin taleyi necə olacaq? - RƏSMİ CAVAB


“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.

“Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq”, - deyə AMB-dən əlavə edilib.



Oxşar Xəbərlər

Xəbər lenti