Azərbaycanda banklara inam ölüb - EKSPERT RƏYİ

Azərbaycanda banklara inam ölüb - EKSPERT RƏYİ

 

Vətəndaşlar banklara etibar etmədiyindən, pullarını sandıqda saxlamağa üstünlük verirlər

Məhəmməd Talıblı: "Azərbaycanda banklara olan inamın sarsılmasının əsas səbəbi hökumətin bir an içində verdiyi devalvasiya qərarları ilə bağlıdır"

"Mərkəzi Bank belə bir vəziyyətlərdə daha çox bankların mənafeyini ifadə edir, sadə vətəndaşların hər hansı gözləntilərinə uyğun davranış nümayiş etdirmir"

"Bu gün Türkiyədə baş verən proseslər bir neçə il sonra Azərbaycanda da təkrarlana bilər"

Bu gün ölkə vətəndaşlarının böyük əksəriyyəti yerli banklara bir o qədər də etibar etmir. Məhz bu səbəbdən də əllərində olan pulunu banka yatırmaq əvəzinə evdə sandıqda saxlamağa üstünlük verirlər. Təbii ki, əhalinin banklara inansızlığının bir sıra səbəbləri var ki, onlardan ən önəmlisi də devalvasiya zamanı dollarla götürülən kreditlərə hər hansı güzəştin tətbiq edilməməsi və bununla da bütün yükün vətəndaşların üzərində qalmasıdır. Elə buna görə də 2015-ci ildə yaşanan iki devalvasiyadan sonra əhali banklardakı depozitlərini kütləvi şəkildə geri çəkərək, xarici banklara üz tutublar.

Ekspertlərin fikrincə, banklar yenidən əhalinin inamını qazanmaq üçün təxirəsalınmaz tədbirlərə baş vurmalı, daha dəqiq desək, depozitlərə görə faizləri yüksəltməli, kreditlər faizlərini isə bir qədər aşağı endirməlidir. Əgər bunlar baş verərsə, o zaman yerli banklar vətəndaşlar üçün daha cəlbedici və əlverişli olacaq. İndiki halda isə banklar vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov özünün "facebook" səhifəsində sözügedən mələsəyə toxunarkən, Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərqin son aylar daha da dərinləşdiyini bildirib. Aparıcı bankların artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif etdiklərini vurğulayan iqtisadçı ekspert qeyd edib ki, bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur, manat əmanətləri də cəlbediciliyi itirməkdədir: "Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik təlabat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bank Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən, sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir".

Xarici valyutalar üzrə isə daha yüksək fərqin müşahidə olunduğunu deyən ekspertin sözlərinə görə, Mərkəzi Bankın rəsmi statistikasına əsasən bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb: "Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb. Kredit qoyluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçrumu izah etmək çox çətindir. Əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlara da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də bu heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir. Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib. Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Qeyd edək ki, problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərin də də müşahidə edilir. Göründüyü kimi, kredit faizlərinin tənizmlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var".

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı isə hesab edir ki, Azərbaycanda banklara olan inamın sarsılmasının əsas səbəbi hökumətin spontan, bir an içində verdiyi devalvasiya qərarları ilə bağlıdır. Mərkəzi Bankın monetar struktur olaraq belə bir vəziyyətlərdə daha çox bankların mənafeyini ifadə etdiyini deyən iqtisadçı ekspertin sözlərinə görə, o, sadə vətəndaşların, orta statistik azərbaycanlıların hər hansı gözləntilərinə uyğun davranış nümayiş etdirmir: "Qeyd edim ki, məşhur fevral qərarı (söhbət 2015-ci il 21 fevral tarixindəki devalvasiyadan gedir-red.) bazar iştirakçılarının, o cümlədən istehlakçıların bazarla kifayət qədər məsafə saxlamasına gətirib çıxarıb". Qonşu region ölkələrin milli valyutalarının dollar qarşısında sürətlə dəyərsizləşməsinin indiyədək Azərbaycan iqtisadiyyatına psixoloji səviyyədə təsir etdiyini vurğulayan Məhəmməd Talıblının fikrincə, son zamanlar müşahidə olunan dollar axını ölkəmizdə tədiyə balansı üçün müəyyən risklər doğurur: "Bildiyiniz kimi, Türkiyənin Mərkəzi Bankı artıq uçot dərəcələrini 6,25 faiz artıraraq 17,75 faizdən 24 faizə qədər yüksəlib. Lakin bu qərar belə, türk lirəsinin dollar qarşısında dəyərinin artmasına, güclənməsinə gətirib çıxarmayıb. Əksinə, bugünkü rəqəmlər də göstərir ki, 6,4 TL ilə dollar səviyyəsi saxlanılır. Burada maraqlı nüans ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, o cümlədən biznes subyektləri son zamanlar milli valyutaları dollar qarşısında dəyərsizləşən Rusiya, İran və Türkiyəyə axın edirlər. Çünki bu gün həmin ölkələr onlar üçün ucuz bazar hesab olunur. Belə ki, bu ölkələrdə milli valyuta ucuzlaşdığından istehsal etdikləri məhsullar da ucuzlaşmağa doğru gedir. Belə bir vəziyyətdə sahibkarlarımız əllərində olan milli valyutanı - manatı dollara konvertasiya edib həmin ölkələrdən istədikləri məhsulu alıb Azərbaycana gətirirlər. Beləliklə, əslində Rusiya, Türkiyə və İranda baş verən proseslər, yəni milli valyutaların dəyərsizləşməsi Azərbaycan vətəndaşları üçün böyük fürsətlər pəncərəsi açır. Bu vəziyyətdə onlar daha çox milli valyutanı dollara çevirərək həmin ölkələrdən məhsulları alıb Azərbaycana gətirir, o cümlədən qeyd olunan ölkələrdə reallaşdırdıqları məhsuldan əlavə olaraq gəlir əldə etməklə bərabər, Azərbaycandan dolların kənara axması prosesini sürətləndirirlər. Nəticədə isə Rusiya, Türkiyə və İran dollar tələbini qarşılayır, Azərbaycandan isə kənara dollar axını baş verir. Bu isə ölkəmizdə tədiyə balansı üçün müəyyən risklər doğurur. Azərbaycandakı banklar isə bu cür vəziyyəti görərək, müəyyən mənada nə qədər nəzarətdə olsalar da, hər halda bazarda dolların məzənnəsində süni titrəyiş yarada bilirlər".

İqtisadçı ekspert bu qənaətdədir ki, dollar tələbini qarşılamaq baxımından Mərkəzi Bankın və Neft Fondunun aktivlərinin bazara daxil olması, eyni zamanda hər iki dövlət strukturunda bunu hər zaman artırmaq imkanının olması belə deməyə imkan verir ki, yaxın müddət üçün Azərbaycanda dollar qıtlığının olması gözlənilmir: "Sadəcə olaraq, kənara dollar axını ölkədə milli valyutanın dalğalanmasına səbəb olur. Əslində, bu, böyük məzənnə fərqi də deyil, süni bir nisbətdir. Amma təbii ki, bu, bazarın Mərkəzi Banka, ümumiyyətlə xətti iqtisadi qurumlara verdiyi ciddi bir siqnaldır ki, yaxın müddətdə bu daha da arta bilər. Bu isə dollara olan tələbin artmasına gətirib çıxara bilər. Dollar tələbi artırsa, onda onun qiyməti də yüksəlməyə doğru gedəcək. Bu zaman Mərkəzi Bankın və Neft Fondunun aktivlərinin daha çox dövriyyəyə daxil olması, bazara daha çox müdaxilə etmək zərurəti yaranır ki, bu da Mərkəzi Bankın əsas fəaliyyətlərinə daxildir".

Məhəmməd Talıblı hesab edir ki, bu il ərzində Azərbaycan manatının dollar qarşısında dəyərdən düşməsi gözlənilmir: "Bu il ərzində böyük bir gözlənti yoxdur. Lakin region ölkələrində baş verən hadisələr həm Azərbaycan valyutasına, həm də bazarına ciddi surətdə təsir etməyə başlayacaq. Açığı, bu prosesin gələn ilin yanvar ayından sonra sürətlənəcəyini proqnozlaşdırıram. Çünki həmin müddətdən sonra Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının geri dönüşü sürətlənəcək. Əgər Türkiyə iqtidarı tərəfindən ciddi tədbirlər görülməsə, o zaman Türkiyədəki 3-4 şirkətdən birinin iflas olmaq ehtimalı var. Yəni Türkiyədə şirkətlərin çox ciddi maliyyə sıxıntılarının baş verməsi, ölkədə işsizliyin artacağı deməkdir. Belə bir vəziyyətdə Türkiyədə çalışan vətəndaşlarımızın geri dönüşü yaşana bilər. Məhz elə bu səbəbdən də Azərbaycanın Mərkəzi Bankı və digər istisadi strukturları yaxın dövr üçün ölkənin qeyri-neft ixracatını artırmağa və bunun sayəsində iqtisadiyyata dollar axınını təmin etməyə nail olmalıdır. Əks halda bir neçə il sonra bu gün Türkiyədə baş verən proseslər Azərbaycanda da təkrarlana bilər. Bu, kifayət qədər realdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti