8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qabil Hüseynli: "Amerika qoşunlarının Yaxın Şərqdən çıxarılması, bura Rusiya qoşunlarının gətirilməsi doğru deyil”
"İraqda az-çox sabitlik yaranıbsa, buna görə Amerika qoşunlarına minnətdar olmalıdırlar”
ABŞ prezidenti Donald Trampın "İraqdakı ABŞ bazasını saxlamağı İranı müşahidə etmək üçün istəyirəm. Çünki İran gerçək bir təhlükədir” açıqlamasından sonra İraq hökuməti və parlament nümayəndələri bunu etiraz olaraq açıqlamalar veriblər. İraq parlament sədrinin birinci müavini Həsən əl-Kəabi deyib ki, ABŞ İraq dövlətinin qanunlarını və konsitusiyasını pozur: "Bu gün də başqa bir təxribatçı davranışlar ortaya çıxaraq qüvvələrinin qonşu ölkəyə hücum üçün İraqda qalacağını dedi. İraqda ABŞ-ın varlığına son qoymaq üçün hər kəsə çağırış edirik. Çünki İraqın başqa ölkəyə hücum planının parçası olmasını istəmirik. ABŞ əsgərləri və onların idarəçilərinin ölkədən çıxarılması və ABŞ ilə təhlükəsizlik haqqında razılaşmanın pozulması üçün parlamentdə qanun qəbul edəcəyik”. Şiə milis qüvvələri Əsayib Əhlixalq Təşkilatının üzvü, millət vəkili Həsən Sari isə Trampa "İraq atanın ferması deyil. Heç bir xarici qüvvənin torpaqlarımızda qalmasına icazə verməyəcəyik”- sözlərini ünvanlayıb. İraq prezidenti Berhem Salih ABŞ prezidenti Donald Trampın ABŞ-ın qüvvələrini İraqda saxlayacağı barəsinə açıqlamalarına cavab olaraq, bunun İraq hökumətinin qərarı ilə mümkün olacağını deyib. O, paytaxt Bağdadda keçirilən bir tədbirdə deyib: "ABŞ-ın İraqdakı varlığı terrorla mübarizədə əməkdaşlıq məqsədilə hökumətin qərarı və tələbi ilə olmuşdu, yenə də belə olacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp CBS televiziyasına müsahibəsində ABŞ-ın İraqdakı bazasına çox pul xərclədiyini və buna baxmayaraq, həmin bazanın fəaliyyətini davam etdirəcəyini deyib. Xatırladaq ki, 2003-cü ildə ABŞ işğal etdiyi İraqda 166 min əsgərini saxlamış, 2011-ci ilin dekabrına qədər orada qalmışdı. Barak Obamanın prezidentliyi dövründə isə bütün əsgərlər Amerikaya qayıtmışdı. Lakin İŞİD terror təşkilatının 2014-cü ildə bölgədə fəalllaşması ABŞ-ı yenidən İraqa gətirmişdi. ABŞ Xarici İşlər Nazirliyinin yayımladığı son hesabata görə, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən, İraqda 5 min amerikalı əsgər var.
"Bu, sənə yaxşılıq edənə pisliklə cavab vermək kimi səciyyələndirilməlidir”
ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün parlamentdə qanun layihəsinin qəbul ediləcəyi ilə bağlı "Hürriyyət”ə fikirlərini bölüşən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli zənn etmir ki, İraqdan ABŞ qoşunlarının çıxarılması ilə bağlı qanun qəbul olunacaq: "İraqda bunu istəyənlər milli azlıqların nümayəndələridir, onlar da parlament sədrinin müavini Həsən əl-Kəabiyə etimad göstərib, qoyublar. İranın təsiri altında olan şiə qruplaşmalarının nümayəndələri də Amerika qoşunlarının çıxarılmasını istəyirlər. Amma İraqda indiki müvazinətin yaranmasında, İŞİD-in məğlub olmasında Amerika qoşunları həlledici rol oynayıb. İndi Amerikaya "qoşunlarını ölkədən çıxart” demək Amerikanın bu ölkədə apardığı mübarizənin üstündən qara xətt çəkmək deməkdir. Bu, təkcə yaddaş pozğunluğu deyil, həm də sənə yaxşılıq edənə pisliklə cavab vermək kimi səciyyələndirilməlidir. Mən burada İranın barmağı olduğu qənəatindəyəm, amma onlar buna nail ola bilməyəcəklər”.
"Amerikaya dirsək göstərmək tarix tərəfindən cəzalandırılması lazım olan bir aktdır”
"Mən inanmıram ki, ABŞ-ın İraqda varlığına son qoyulsun. Əgər İraq xalqı yeni çalxalanmaları, separtaçı qüvvələrin peyda olmasını istəmirlərsə, ölkədə az-çox sabitlik yaranıbsa, buna görə Amerika qoşunlarına minnətdar olmalıdırlar. Amerika qoşunlarının hər il İraqda qalmasına Amerika xəzinəsindən ən aşağısı 10 milyard dollar gedir. Əgər Amerika İraqda sabitlyi təmin edirsə, müəyyən hakimiyyət əleyhinə olan qüvvələri neytarllaşdırırsa, Amerikaya dirsək göstərmək düzgün olmayan, hətta deyərəm ki, tarix tərəfindən cəzalandırılması lazım olan bir aktdır,”-deyə politoloq vurğuladı.
"Amerika qoşunları İraqdan çıxarılandan sonra yaranan boşluğu İŞİD doldurdu”
"Amerikia qoşunları çıxarsa, İraqda yeni terroçular yaranacağını düşünürsünüz” sualına Q. Hüseynli belə cavab verdi: "İŞİD-in yaranmasının əsas səbəblərindən biri Obamanın dövründə İraqdan Amerika qoşunlarının çıxarılması oldu. Həmin vaxt 60 min nəfərlik qoşun çıxarıldı. Amerika qoşunları İraqdan çıxarılandan sonra yaranan boşluğu İŞİD doldurdu və Suriyanın yarısını, İraqın da böyük hissəsini öz əlinə keçirdi. Düzdür, İŞİD-in kimlərinsə təsiri altında yarandığını istisna etmirəm. İndi bunun üstündən cəmi 2 il keçib. Yaddaşı gözəl olan adamlar necə ola bilər ki, bu hadisələri xatırlamasın və buna görə öz-özlərinə hesabat verməsinlər. Mənim zənnimcə, Amerika qoşunlarının nəinki İraqdan, ümumiyyətlə, Yaxın Şərqdən çıxarılması, bura Rusiya qoşunlarının gətirilməsi doğru deyil. Çünki bu, vətəndaş müharibəsinə oxşar bir müharibənin yaranmasına, məzhəb davasına, ən başlıcası isə tərqiətçilik meyllərinin baş alıb getməsinə gətirib çıxara bilər. Mən düşünürəm ki, bu, bir dəfə baş verib. İkinci dəfə bu, təkrarlanarsa, buna görə iraqlılar, xüsusilə onun siyasi eltası bir başına, bir də sinəsinə vuracaq”.
"Amerika qüvvələrinin İraq ərazisindən çıxarılması dövlətçilik üçün ciddi qorxulu meyllərin yaranmasına gətirib çıxara bilər”
"Amma bu da doğru deyil ki, hansısa müstəqil ölkə terrorçulardan əziyyət çəkdiyi üçün Amerika daima oranı nəzarətdə saxlasın. Nə vaxta kimi Amerika İraqda vəziyyəti idarə etməlidir” dedikdə isə Q. Hüseynli belə dedi: "Amerikanı oraya kim çağırdı? İraq hökuməti, parlamenti çağırdı. İndi əgər hökumət və yaxud xalq tərəfindən seçilmiş legitim siyasi qüvvələr Amerikanın orada iştirakına "yox” deyərlərsə, bu, başqa məsələdir, onda Amerika qoşunlarının İraq ərazisindən çıxarılması proseduru başlanıla bilər. Amma mən güman etmirəm ki, İraq dövlətinin köklü maraqları məhz Amerika qoşunlarının İraq ərazisindən çıxarılmasına hesablanıb, əksinə, bu, dövlətçilik üçün daha ciddi qorxulu meyllərin yaranmasına gətirib çıxara bilər”
""İŞİD-i Amerika yaradıb” fikri qeyri-ciddi səslənir”
"Deyirisiniz ki, İŞİD-i məhv etmək üçün Amerika qoşunlarını cağırdılar, ancaq dəfərlərlə iddialar səslənib ki, İŞİD-i elə Amerika özü yaradıb”,-deyə qeyd etdikdə politoloq söylədi ki, biz hər bir təsadüfi adamın təxəyyülünün məhsulunu real fakt kimi qiymətləndirə bilmərik:"İŞİD-in yaranmasında ən böyük rolu Səudiyyə Ərəbistanı, ondan sonra, Səddam Hüseynin yaxın ətrafı olan olan generallar oynayıb. Bağdadi Səddam Hüseyn dövründə yüksəl mövqe tutan generallardan biri olub. Ona görə də "İŞİD-i Amerika yaradıb” fikri qeyri-ciddi səslənir, onun əsaslandırılması üçün heç bir fakt yoxdur. Əksinə İŞİD-in məğlub edilməsində, sıradan çıxarılmasında önəmli rolu ABŞ-ın başçılıq etdiyi hərbi koalisiya oynadı”.